Üzv olmadığı bir blokda dəstəklənməsi Azərbaycanın artan nüfuzunun təsdiqidir
Siyasət

Üzv olmadığı bir blokda dəstəklənməsi Azərbaycanın artan nüfuzunun təsdiqidir

Hökumətlərarası hərbi ittifaq olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nizamnaməsində təşkilata üzv dövlətlərin güc tətbiq etməkdən, hər hansı bir hərbi ittifaqa və ya qrupa qoşulmaqdan çəkinməli olduqları bildirilir. Eyni zamanda, sənəddə KTMT-yə üzv olan ölkələrdən hər hansı birinə qarşı yönəlmiş təhlükənin digər üzv ölkələr tərəfindən də aqressiya kimi qəbul olunduğu göstərilir. Həmçinin təşkilatın nizamnaməsinə əsasən, üzv dövlətlər ərazi bütövlüklərinin kollektiv surətdə müdafiəsi üçün siyasi vasitələrə üstünlük verirlər.

Ermənistanın baş naziri Nikol Paşinyanın sədrliyi ilə noyabr ayının 23-də İrəvanda Ermənistan, Rusiya, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstan liderlərinin iştirakı ilə keçirilən KTMT-nin İrəvan sammitində əsas məqsəd "Ermənistanın ərazi bütövlüyünün Azərbaycan tərəfindən pozulması" məsələsinin müzakirəsi, üzv ölkələr tərəfindən Ermənistanın maraqlarının müdafiəsi və Azərbaycanın əsassız ittiham olunaraq öz mövqeyindən geri çəkilməyə məcbur edilməsi idi. İlk olaraq qeyd edək ki, bəzi erməni havadarlarından başqa heç bir ölkə tərəfindən etibarlı tərəfdaş və dost ölkə olaraq qəbul edilməyən riyakar, saxtakar Ermənistanın KTMT-nin üzvü olan Rusiya, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstanla da münasibətləri gərgin və qeyri-səmimidir. Çünki Ermənistan digər beynəlxalq təşkilatlar kimi, KTMT-yə də etibarlı tərəfdaş kimi baxmır, onu daim çətin vəziyyətə salaraq təşkilatdan yalnız öz mənafeyini qorumaq üçün istifadə etməyə çalışır. Noyabr ayının 23-də İrəvanda keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının iclasında Ermənistanın bu məkrli niyyəti bir daha öz təsdiqini tapdı. Belə ki, iclasa evsahibliyi edən İrəvan bütün görüşlərdə, danışıqlarda olduğu kimi, bu iclasda da KTMT platformasından istifadə edərək Azərbaycana qarşı əsassız ittihamlar səsləndirmək, Azərbaycanı öz haqlı mövqeyindən çəkindirmək və bununla da Ermənistanın ədalətsiz mənafeyindən çıxış etmək üçün cəhdlər etdi. Təbii ki, Ermənistanın bu addımı da digərləri kimi uğursuz oldu. Çünki Ermənistandan fərqli olaraq Azərbaycan üzv olduğu bütün təşkilat və qurumlarla yalnız hərbi, siyasi, yaxud iqtisadi müstəvidə əməkdaşlıq aparmır, eyni zamanda xalqlar arasında da səmimi münasibətlərin qurulması istiqamətində fəal siyasət yürüdür. Bu kontekstdə Azərbaycan KTMT ölkələri ilə mehriban dostluq və şəffaf təməllər əsasında qurulmuş tərəfdaşlıq əlaqələrini qoruyub saxlayır. Belə ki, bu il oktyabr ayının 28-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan dövlətlərin xarici işlər nazirləri arasında keçirilən videokonfrans zamanı Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun erməni həmkarına "Azərbaycan bəlkə də Ermənistan üçün düşmən hesab edilir, lakin təşkilatın digər üzvləri üçün Azərbaycan nəinki düşmən, heç əleyhdar da deyil" deməsi, üzvü olmadığı bir blokda dəstəklənməsi Azərbaycanın qazandığı nüfuzun, hörmətin təsdiqidir.

İclasda Ermənistanın daxil olduğu və uzun illər boyu ümid bəslədiyi təşkilat tərəfindən Azərbaycanın dəstəklənməsi, üzv ölkələrin Ermənistanın maraqları naminə yeni bir avantüraya qol qoymaması Ermənistan üçün tam bir fiasko oldu. Bu, bir tərəfdən KTMT üzvlərinin Azərbaycanla əlaqələrini pozmaq niyyətində olmadıqlarının göstəricisi idisə, digər tərəfdən isə Ermənistan liderinin bir hökumət başçısı olaraq qarşıda duran vəzifələri və onların həyata keçirilməsini düzgün müəyyənləşdirməməsi səbəbindən bu ölkələr arasında rəğbət qazana biməməsinin, etibarlı tərəfdaş olmamasının sübutu idi. Üzv ölkələrin rəsmiləri yaxşı başa düşürlər ki, Ermənistan üzv olduğu bütün təşkilatları, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını da öz məkrli niyyətlərini, ambisiyalarını reallaşdırmaq üçün bir vasitə hesab edir və nə təşkilatın nüfuzu, nə də ki, məqsəd və missiyası Ermənistan üçün əsla maraq kəsb etmir. Onu da qeyd edək ki, 2020-ci ildə Ermənistan KTMT üzvlərini İkinci Qarabağ müharibəsinə cəlb edə bilmədiyindən onları təşkilat çərçivəsində öz öhdəliklərini yerinə yetirə bilməməkdə ittiham etmiş və bu il sentyabr ayının 12-dən 13-nə keçən gecə Azərbaycanla sərhəddə təxribat törədərək KTMT-ni "Ermənistanın ərazilərini zəbt etmiş" Azərbaycana qarşı müharibəyə səsləmişdi.

Artıq bir çox dövlətlər, o cümlədən KTMT üzvləri Ermənistanın işğalçı, qəsbkar, vandal bir dövlət olduğunu bilir və yaxın qonşusunun ərazilərini 30 il işğal altında saxlayan ölkənin əsl mahiyyətini anlayırlar. Belə ki, İrəvanda zirvə görüşü təşkil edən Ermənistanın bu görüşdə tənqid atəşinə tutulması, N.Paşinyanın əvvəlcədən planlaşdırdığı gözləntilərinə, məqsədlərinə çata bilməməsi və rəsmi İrəvanın üzv ölkələrdən gözlədiyi "Ermənistan ərazilərinin işğalına siyasi qiymət verilməsi"nin baş tutmaması bunu bir daha sübut edir.

KTMT-nin fəaliyyətindən narazılıq ifadə edən N.Paşinyan sədrlik etdiyi iclasda çıxışı zamanı bildirmişdir ki, təşkilatın üzvü olmasına baxmayaraq, Ermənistana Azərbaycanın “təcavüzünün” qarşısı alınmadı. Baş nazir Ermənistanın azı üç dəfə Azərbaycan tərəfindən guya təcavüzə məruz qaldığını deyərkən də saxtakarlığını, riyakarlığını nümayiş etdirdi. Lakin bütün dünya, o cümlədən KTMT-yə üzv dövlətlər işğalçı Ermənistanın Azərbaycanla məsələlərin həlli istiqamətində apardığı danışıqların, təkliflərin, təşəbbüslərin səmimiliyinə inanmır və ölkəmizə olan münasibətlərində öz mövqelərində qaldıqlarını bildirirlər. Üzv ölkələrin maraq və mənafelərini nəinki nəzərə almayan, bu haqda düşünməyə belə cəhd göstərməyən Ermənistanı ciddi şəkildə tənqid edən KTMT üzvləri baş nazirə "bir müddət əvvəl Ukraynanın Xerson vilayətini öz ərazisi elan edən Rusiya bu ərazidən geri çəkilməyə məcbur oldu. Ermənistan KTMT-də Rusiyanın müttəfiqi kimi ona yardımla bağlı məsələ qaldırmağa belə cəhd göstərmədi", yaxud "sabah Belarus hər hansı hərbi problemlə üzləşsə, Ermənistan ora ordu göndərəcəkmi? kimi fikirlər səsləndirərək N.Paşinyanı çıxılmaz vəziyyətdə qoydular. Üzv dövlətlər, həmçinin Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərin sülh yolu ilə normallaşmasına tərəfdar olduqlarını bildirdilər. Vəziyyətin planlaşdırıldığı kimi getmədiyini görən Ermənistan baş naziri "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Kollektiv Təhlükəsizlik Şurası (KTMT KTŞ) bəyannaməsi"ni və "Ermənistana yardım haqqında birgə tədbirlər layihəsi"ni imzalamağa hazır olmadığını bildirdi. Zirvə görüşünə evsahibliyi edən ölkənin sammitin yekun sənədini imzalamaması isə görünməmiş hadisədir və bu, bir daha Ermənistanın baş naziri Nikol Paşinyanın sədrliyi ilə keçirilən İrəvan sammitinin Ermənistan üçün fiasko ilə nəticələndiyini göstərir.

Böyük potensiala, gücə, qüdrətə sahib olan Azərbaycanın həyata keçirdiyi xarici siyasət demək olar ki, bir çox dünya dövlətləri tərəfindən təqdir olunur və bu siyasətin sülhün, təhlükəsizliyin bərqərar olmasına, ikitərəfli və çoxtərəfli əməkdaşlığa yönəldiyini qəbul edirlər. Ölkəmizlə etibarlı tərəfdaş olan ölkələr, o cümlədən KTMT üzvləri bu reallığı yüksək dəyərləndirirlər. Bu isə göstərir ki, Ermənistan yalnız Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının İrəvanda keçirilən iclasında deyil, bütün cəbhələrdə fiaskoya uğrayır.

Mehparə ƏLİYEVA,

"Respublika".