Vaksinasiya yeni mutasiyaların əmələ gəlməsinin qarşısını alır
Səhiyyə

Vaksinasiya yeni mutasiyaların əmələ gəlməsinin qarşısını alır

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)dən  bildirilir ki, vaksinasiya yeni mutasiyaların əmələ gəlməsinin qarşısını alır. Bütün bunlarla yanaşı insanlar hələ də peyvənd olunmağa laqeyd yanaşırlar. Onun qoruyuculuq gücünə inanmayanlar var. Amma unudurlar ki, “COVİD-19” un spesifik müalicəsi yoxdur. Etməli olduğumuz tək şey peyvənd olunmaqdır.

Qoruyucu tədbirlərə ciddi riayət edilməsə, yoluxma saylarının kəskin artması davam edəcək. Çünki “Delta” ştammı sürətlə yayılır. Hər iki vaksin dozasını qəbul edən  şəxslər belə qapalı məkanlarda mütləq şəkildə maska taxmalıdırlar. Beləliklə, həm özümüzü, eyni zamanda əzizlərimizi və həm də ətrafımızdakı insanları yoluxmadan qorumuş oluruq. Belə etdiyimiz təqdirdə dünyada bəlaya çevrilmiş koronavirusa yoluxma artımının və ölüm hallarının qarşısını almış oluruq. Elmi-tədqiqatlar göstərir ki, yoluxma və ölüm halları vaksinasiya olunmayanlar arasında yüksəkdir.

Təəssüflə qeyd edək ki, koronavirusa yoluxma sayındakı artım və qonşu ölkələrdəki rəqəmlərdə yüksəlişin Azərbaycandakı mövcud duruma sirayət etməsi qaçılmazdır.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən, sentyabrın 1-dən etibarən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, eləcə də bir çox işçilərin azı 80 faizinin COVİD-19-a qarşı birinci dozanın, oktyabrın 1-dən isə ikinci doza peyvənd olunması və ya COVİD-19-a qarşı immunitet sertifikatının olması tələb ediləcək. Eləcə də yaşı 18-dən yuxarı olan bütün tələbələrdən COVİD-19 pasportunun olması tələb ediləcək. Bundan başqa, yaşı 18-dən yuxarı olan şəxslərin qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVİD-19 pasportu olduğu halda istifadə edə biləcəklər.

Peyvəndləmədən yayınmaq ciddi təhlükə yaradır

Azərbaycan vaksinasiyanın tətbiqinə başlayan ilk ölkələr sırasındadır. Dövlət vətəndaşların sağlamlığını qorumaq üçün vaksinlərin alınmasına külli miqdarda vəsait xərcləyir. Səhiyyə Nazirliyindən bildirilir ki,  son vaxtlar saxta peyvənd sertifikatının verilməsi faktları  artıb. Təəssüf ki, bu da yoluxma hallarının artmasına, bununla yanaşı dövlətin bu sahəyə ayırdığı pulların havaya sovrulmasına səbəb olur. Digər tərəfdən, peyvənd əleyhinə elmi əsası və sübutu olmayan fikirlərin yayılmasına gətirib çıxarır.

Saxta peyvənd sertifikatı verənlər pandemiya ilə mübarizədə görülən işlərə zərbə vurur. Saxta sertifikat alandan sonra virusa yoluxanlar, o cümlədən vəziyyəti ağırlaşanlar statistikada “peyvənd olunmuş” kimi qeyd edilirlər. Bu da insanlar arasında peyvəndə qarşı inamsızlıq yaradır. Halbuki peyvənd yoluxmanı və yoluxarkən ağırlaşmanı çox azaldır.

Hüquq-mühafizə orqanları saxta peyvənd sertifikatı satanlara qarşı sərt tədbirlər həyata keçirir və bu barədə ictimaiyyət mütəmadi məlumatlandırılır. Vətəndaşlar da belə hallarla rastlaşdıqda bu barədə müvafiq dövlət qurumlarına məlumat verməlidirlər.

Bəybala BƏYBALAYEV,

“Respublika”.