Valentina Antonenko: Azərbaycan İrpen şəhərinin bərpasına öz töhfəsini verir
MÜSAHİBƏLƏR

Valentina Antonenko: Azərbaycan İrpen şəhərinin bərpasına öz töhfəsini verir

Azərbaycan dövləti Ukraynanın ağır vəziyyətində də İrpen şəhərinin bərpasına öz töhfəsini verir. Müharibə zamanı ziyan görmüş akademik Zərifə Əliyevanın adını daşıyan 12 nömrəli orta məktəbin təmirinə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm.

Bu barədə AZƏRTAC-a məxsusi açıqlamasında İrpen şəhərində Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq-alim, akademik Zərifə Əliyevanın adını daşıyan 12 nömrəli orta məktəbin direktoru, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Dostluq" ordeni ilə təltif edilən Valentina Antonenko məlumat verib.

"Azərbaycan dövləti orta məktəbin inkişafı üçün öz dəstəyini əsirgəmir. Azərbaycanın Ukraynadakı səfirliyi də bu işdə fəallıq göstərir. Bu səmimi dostluq münasibətlərimizin nəticəsidir. Mənim üçün Azərbaycan və azərbaycanlılar əbədi dostdur!", - deyə Valentina Antonenko əlavə edib.

Qeyd edək ki, "SOCAR Energy Ukraine" şirkəti Rusiyanın Ukraynada həyata keçirdiyi xüsusi hərbi əməliyyatlar zamanı ziyan görən İrpen şəhərindəki akademik Zərifə Əliyeva adına 12 nömrəli tam orta məktəbin təmirini üzərinə götürüb.

AZƏRTAC