Velosiped məşqçiləri üçün texniki kursların bağlanış mərasimi keçirilib
İdman

Velosiped məşqçiləri üçün texniki kursların bağlanış mərasimi keçirilib

Beynəlxalq Olimpiya Komitəsinin və Beynəlxalq Velosipedçilər İttifaqının dəstəyi, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) və Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) təşkilatçılığı ilə velosiped məşqçiləri üçün keçirilən texniki kurslara yekun vurulub.

AZƏRTAC xəbər verir ki, Respublika Velotrekində baş tutan bağlanış mərasimində MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və AzVİF-in prezidenti Mədət Quliyev iştirak ediblər.

Beynəlxalq federasiya tərəfindən təsdiq olunmuş texniki kursda təkcə Bakıdan deyil, ölkəmizin müxtəlif şəhər və rayonlarından da məşqçilər iştirak ediblər. İmtahanları müvəffəqiyyətlə başa vuranlara beynəlxalq dərəcəli məşqçilik sertifikatları verilib.

Ç.Hüseynzadə mərasimdə çıxış edərək MOK-un dəstəyi ilə təşkil edilən "Olympic Moves" hərəkatı çərçivəsində bu vaxtadək altı mindən artıq məktəblinin velosiped idmanı üzrə yarışlara cəlb edildiyini bildirib. Qeyd edib ki, bu, velosiped idmanının kütləviliyinin artırılması baxımından çox önəmlidir.

Velosiped idmanı üzrə Azərbaycanda ilk dəfə 2-ci səviyyə üzrə təşkil olunan kursu beynəlxalq dərəcəli ekspert Elnarə Musayeva aparıb.

Xatırladaq ki, bu vaxta qədər ölkəmizdə 1-ci səviyyə üzrə iki dəfə texniki kurslar təşkil edilib. Ümumilikdə isə MOK xətti ilə təşkil edilən və digər idman növlərini əhatə edən məşqçilik kurslarının sayı 10-a çatıb.

İştirakçılara sertifikatları MOK-un vitse-prezidenti Ç.Hüseynzadə və AzVİF-in prezidenti M.Quliyev təqdim ediblər.

Kursları uğurla başa vuran məşqçiləri təbrik edən Ç.Hüseynzadə və M.Quliyev velosiped idmanının inkişafı üçün bacarıqlı məşqçilərə ehtiyac duyulduğunu və bu istiqamətdə onların xidmətlərindən istifadə olunacağını bildiriblər.

Tədbirin sonunda jurnalistlərə müsahibə verən federasiyanın prezidenti M.Quliyev bildirib ki, ölkəmizdə velosiped idmanının kütləviliyinin artırılması üçün mühüm addımlar atılacaq. Növbəti mövsümlərdə Azərbaycanda beynəlxalq səviyyəli yarışların təşkil olunacağını vurğulayan federasiya prezidenti qeyd edib ki, ötən illərdə təşkil olunan "Tour d'Azerbaidjan" turniri işğaldan azad olunmuş ərazilərimizdə yeni adla keçiriləcək.

AZƏRTAC