Vergi idarəsi əməkdaşlarına qarşı zor tətbiq olunması ilə bağlı cinayət işi başlanıb
Digər xəbərlər

Vergi idarəsi əməkdaşlarına qarşı zor tətbiq olunması ilə bağlı cinayət işi başlanıb

Mayın 14-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergi İdarəsinin Vergi öhdəliklərinin icrasına nəzarət şöbəsinin rəisi Anar Məmmədlinin, Vergi ödəyicilərinin uçotu və dövlət qeydiyyatı şöbəsinin baş hüquqşünası Emin Şirinovun təhqir olunmaları və onlara qarşı fiziki zor tətbiq edilməsi ilə bağlı Şəmkir Rayon Prokurorluğuna məlumat daxil olmuşdur.

Şəmkir Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, araşdırmalarla Emin Şirinovun və Anar Məmmədlinin sonuncunun idarə etdiyi avtomobillə Şəmkir şəhəri ərazisində hərəkətdə olan zaman Həbib Cəfərovun idarə etdiyi avtomobillə qəza şəraiti yaratması səbəbindən aralarında mübahisə baş verdiyi, bu zaman Həbib Cəfərov və qohumu Ömər Həbiblinin heç bir əsaslı səbəb olmadan Anar Məmmədlini və Emin Şirinovu təhqir edərək döydükləri müəyyənləşdirilib.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) və 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə istintaq davam edir.

AZƏRTAC