“Vətən əmanətlərin keşiyindədir
Sosial həyat

“Vətən əmanətlərin keşiyindədir" proqramı çərçivəsində şəhid ailələrinə bayram sovqatları çatdırılır

"PAŞA Holdinq" Vətən müharibəsində, eləcə də ondan sonrakı dövrdə, 2022-ci ilin sentyabrında erməni təxribatları zamanı şəhid olan qəhrəmanlarımızın 18 yaşadək övladları üçün sosial dəstək proqramının icrasına başlayıb.

AZƏRTAC xəbər verir ki, proqram çərçivəsində, Yeni il, Novruz bayramı, Qurban bayramı, Ramazan bayramı və Zəfər Günü münasibətilə şəhid övladı olan ailələrə "PAŞA Holdinq" və "Bravo" supermarketlər şəbəkəsi tərəfindən bayram sovqatlarının təqdim edilməsi nəzərdə tutulub. Layihə ümumilikdə 800-dən çox şəhid ailəsini əhatə edir.

Sovqatlar dekabrın 22-dən etibarən "Bravo" supermarketlər şəbəkəsi tərəfindən "Regional İnkişaf" İctimai Birliyinin könüllülərinin dəstəyi ilə həmin şəhid ailələrinə çatdırılır. Bayram sovqatlarına müxtəlif ərzaq məhsulları daxildir. Sosial proqram məhz 18 yaşadək uşaqları əhatə etdiyindən, sovqat qutusuna uşaqlar üçün də bayram paketi daxil edilib.

Xatırladaq ki, "PAŞA Holdinq" və onun törəmə şirkətləri tərəfindən təşkil olunmuş həmin proqram təhsil və səhiyyə sahələrini də əhatə edir və 2023-cü il ərzində davam edəcək.