Vətən fədailəri
Region

Vətən fədailəri

Vətən müharibəsi şəhidi Quliyev Tural Mustafa oğlunun ad günü onun Yaldili kənd qəbiristanlığındakı məzarı başında Yevlax Şəhər İcra Hakimiyyəti başçısı aparatının məsul şəxslərinin,  YAP Yevlax rayon təşkilatının əməkdaşlarının,  yaxınlarının,  ictimaiyyət nümayəndələrinin iştirakı ilə qeyd olunub. İlk öncə şəhidin xatirəsi ehtiramla yad edilib,  məzarı üzərinə tər gül dəstələri düzülüb.

Anım tədbirində Azərbaycan Ordusunun qüdrətindən,  şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan danışılıb,  igid əsgərlərimizin həyatları bahasına torpaqlarımızın işğalçılardan azad edildiyi vurğulanıb. Tədbirdə şəhid Tural Quliyevin göstərdiyi qəhrəmanlıqdan söz açılıb,  keçdiyi həyat yoluna nəzər salınıb. Şəhidin təhsil aldığı Aran qəsəbə 1 nömrəli tam orta məktəbin,  Aran qəsəbə 3 nömrəli ümumi orta məktəbin şagirdləri şəhidlərə həsr edilmiş şeirlər söyləyiblər. Çıxış edənlər vətən uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsinin daim uca tutulacağını  vurğulayıblar.  Yevlax Uşaq Gənclər İdman Şahmat Məktəbinin keçirdiyi şahmat turnirinin qaliblərinə  Fəxri fərmanlar,  medallar və hədiyyələr şəhidin ailə üzvləri tərəfindən təqdim edilib.  Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirərək,  ölkə Prezidenti,  Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını  ifadə ediblər. 

Tural Mustafa oğlu Quliyev Vətən müharibəsində MAHHXHQ olaraq iştirak edib. Talışın və Suqovuşanın azad edilməsi uğrunda döyüşlərdə vuruşub. Suqovuşan istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Azərbaycan Prezidenti,  İlham Əliyevin müvafiq sərəncamları ilə Tural Quliyev ölümündən sonra "Vətən uğrunda",  "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Sonra Vətən müharibəsində şəhid olan Yevlax rayonunun Xanabad kənd sakini Kənan Mənsur oğlu İsmayılovun ad günü ilə əlaqədar uyuduğu kənd qəbiristanlığında məzarı başında anım mərasimi  keçirilib. Yevlax Şəhər İcra Hakimiyyətinin məsul işçilərinin,  YAP Yevlax rayon təşkilatının əməkdaşlarının və yaxınlarının iştirak etdikləri mərasimdə torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub,  şəhid Kənan İsmayılovun məzarı üstünə tər çiçəklər düzülüb.

Çıxışlarda  şəhidin 26 illik qısa,  şərəfli həyat yolundan bəhs olunub,  xatirələr dilə gətirilib. Qeyd olunub ki,  Kənan İsmayılov 1994-cü ildə Yevlax rayonunun Xanabad kəndində dünyaya gəlib. Vətən müharibəsi başlayanda döyüşlərə MAHHXHQ kimi qatılıb. Suqovuşan istiqamətində gedən döyüşlərdə  qəhrəmancasına şəhid olub. Ölümündən sonra şəhid Kənan İsmayılov möhtərəm Prezidentimiz  İlham Əliyevin sərəncamları ilə “Suqovuşanın azad olunmasına görə”,  “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif olunub. Mərasimdə şəhidlərə göstərilən dövlət dəstəyindən danışılıb,  şəhid Kənan İsmayılovun ailəsinin qayğıları ilə maraqlanılıb. Şəhidin atası Mənsur İsmayılov ailəsinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti,  Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin  minnətdarlığını bildirib.

            Zabit XƏLİLOV,

            “Respublika”.