Vətən müharibəsi: Hər günü bir tarix idi…...
Tarix

Vətən müharibəsi: Hər günü bir tarix idi…...

27 sentyabr 2020-ci ildə Azərbaycan xalqı və ordusu tək yumruq şəklində birləşərək 30 ilə yaxın düşmən tapdağında olan Vətən torpaqlarının azad edilməsi uğrunda müqəddəs savaşa başladı. 44 gün davam edən bu müharibə ordumuzun şanlı qələbəsi, düşmənin kapitulyasiyası ilə başa çatdı, minlərlə igid əsgər və zabitimizin canı, qanı hesabına torpaqlar işğaldan azad olundu. Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər günü bir tarixdir.

2 oktyabr 2020-ci il, Vətən müharibəsinin 6-cı günü

Cəbhədən yeni görüntülər yayılıb, onlarla düşmən əsgəri və hərbi texnikası  məhv edilib. Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları davam edib. Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin məlumatına görə, uğurlu əməliyyat nəticəsində Ordumuz Madagiz istiqamətində hakim yüksəklikləri azad edib. Cəbrayıl-Füzuli istiqamətində əsgərlərimiz düşmənin müqavimətini qıraraq irəli gedib. Murov dağı istiqamətində də əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır.  Qarabağı Ermənistana birləşdirən yeganə fəaliyyətdə olan yol - Gorus-Xankəndi yolu darmadağın edilib. Yolun Laçın rayonunun mərkəzinə gedən hissəsində, işğal altındakı Aşağı Sus kəndi yaxınlığında Həkəri çayı üzərindəki körpü Azərbaycan Ordusunun pilotsuz uçuş aparatları tərəfindən məhv edilib. Beləliklə, Ermənistandan Qarabağa canlı qüvvə və s. təchizatı təmin edən Gorus-Xankəndi yolunda hərəkət tamamilə dayanıb. Əraziyə tələsik cəlb olunan erməni mühəndisləri körpünün bərpası üçün işlərə başlayıb. Hərbçilərimizin uğurlu əməliyyatı nəticəsində düşmənin daha bir neçə hərbi texnikası hərbi qənimət kimi ələ keçirilib.

Azərbaycan Müdafiə Nazirliyinin Ermənistan tərəfinə yaşayış məntəqələrimizi atəşə tutmamaları barədə dəfələrlə xəbərdarlığına baxmayaraq,  Ağdam rayonunun Xındırıstan, Əlibəyli, Əhmədağalı və Səfərli kəndləri düşmən tərəfindən intensiv artilleriya atəşinə tutulub. Müdafiə Nazirliyindən verilən  məlumata görə, mülki əhali arasında ölən və yaralananlar olub. Ordumuz tərəfindən adekvat cavab tədbirləri görülüb. Ermənilər artıq mülki şəxsləri də döyüşlərə cəlb edib. Erməni mediasının kadrlarından aydın görünür ki, canlı qüvvə çatışmazlığı ilə üzləşən ermənilər mülki şəxsləri döyüşlərə cəlb etmək məcburiyyətində qalıb. Həmin şəxslər hətta hərbi geyimlə belə təmin edilməyiblər. Azərbaycan ordusu düşmənin atəş nöqtələrini darmadağın edəndə isə erməni təbliğat maşını bunu Azərbaycanın mülki əhalini atəşə tutub öldürməsi kimi qələmə verib. Əldə edilən məlumata əsasən, gecə döyüşləri zamanı geri çəkilən Madagizdəki Ermənistan silahlı qüvvələrinin 6-cı dağatıcı alayının əsgərləri arasında atışma baş verib. Şəxsi heyət arasında hökm sürən qorxu və vahimə hissi ruh düşkünlüyü yaradıb, ümumilikdə erməni hərbçilərinin demoralizə olmasına səbəb olub.

"Hərbi birliyin şəxsi heyətinin amalı qələbəni təmin etmək naminə son damla qanımızadək vuruşmaq və düşməni darmadağın etməkdir". Bu sözləri hərbi birliyin komandiri general-mayor Hikmət Həsənov deyib. Dağlıq Qarabağ ərazisi dağlıq ərazidir, kifayət qədər təbii maneələr var və relyef şəraiti də çətindir. Bu isə istər hərbi texnikanın, istərsə də canlı qüvvənin hərəkətində maneələr yaradır. Çətinliklərə baxmayaraq, qarış-qarış, addım-addım Azərbaycan Silahlı Qüvvələri ancaq irəliləyib. Ön cəbhədə olduğu kimi, arxada da düşmənin resursları tükədilir. Hərbi infrastruktur obyektləri darmadağın edilib. 3400-3500 metr yüksəklikdə Azərbaycanın rəşadətli oğulları ön cəbhədə düşmənə qarşı mübarizə aparıblar. Azərbaycan ordusunun uğurlu əks-həmlə əməliyyatları nəticəsində sarsıdıcı zərbələrə məruz qalan Ermənistan tərəfi döyüşlərdə xeyli sayda itki verib. Düşmən indiyədək 158 hərbçisinin öldüyünü açıqlayıb, digər itkilər isə ictimaiyyətdən gizlədilir.

 "Respublika".