Vətən Müharibəsi Qəhrəmanı: Camal  İsmayılov     
Sosial həyat

Vətən Müharibəsi Qəhrəmanı: Camal  İsmayılov     

Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin  şəhid  baş giziri, Qrup komandiri Camal Vidadi oğlu İsmayılov 1984-cü il iyulun 7-də Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olmuşdur. Bir bacı və iki qardaş olan Camalın ailəsi 1986-cı ildə  Rusiyanın  Krasnoyarsk diyarının  İqarka  şəhərinə köçmüşlər. Camal  1990-cı ildə İqarka şəhərində V. P. Astafyev adına 1 nömrəli orta ümumtəhsil məktəbinin birinci sinfinə getmişdir. 1991-ci ildə İsmayılovlar ailəsi doğma  rayonlarına qayıdır və Camal təhsilini Neftçala şəhərində 1 nömrəli tam orta məktəbdə davam etdirir. 2001-ci ildə  məzun olur.

2002-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılır. O, Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edir. Xidmət zamanı hərbi hissə rəhbərliyinin diqqətini cəlb edir. Xüsusi Təyinatlı Qüvvələrdə xidmətinin davam etdirilməsi barədə qərar verilir.

Camal 2016-cı il tarixi Aprel döyüşlərinin  iştirakçısı idi. O, xidməti dövründə "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" , "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" , "Qələbə günü münasibətilə hərbi parada qatıldığına görə" , "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə təltif olunmuşdur.

2020-ci ilin sentyabr ayının 27-də Vətən müharibəsi başlayanda Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri olan Camal İsmayılov əvvəlcə Füzuli rayonu, sonra isə Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə iştirak edir. Bundan sonra Xüsusi Təyinatlı Qüvvələrin Qrup komandiri Camal və döyüş yoldaşları Hadrut uğrunda gedən döyüşlər zamanı bir sıra qəhrəmanlıq nümunələri göstərirlər. Camal  və qrupun üzvləri olan igidlərimiz Hadrut istiqamətində Ermənistan Ordusunun diversiya qrupunu pusquya salırlar.

Oktyabrın 18-də Qubadlı rayonu istiqamətində döyüşlər başlayır. Döyüş ərzində Azərbaycan Ordusunun bölmələri Qubadlı rayonunun 10-dan çox yaşayış məntəqəsinə daxil olmağa nail olur.  19-da isə  Camal Qubadlı rayonu istiqamətində döyüşə qatılır və bu onun son döyüşü olur.

Əvvəlcə  Camal  və 40 nəfərdən ibarət olan qrup oktyabrın 19-da Laçın dəhlizinə nəzarəti ələ almaq üçün strateji əhəmiyyətə sahib olan mövqelər uğrunda döyüşlərə qatılır. Döyüşlər Qubadlı rayonu istiqamətində olan əlverişli mövqelər uğrunda gedir. Ermənilərin 150–200 hərbi qulluqçusu ilə döyüş 7 saatdan çox davam edir. Ağır döyüşlər nəticəsində Xüsusi Təyinatlı Qüvvələrdə Qrupun şəxsi heyətindən dörd nəfər-baş gizir Camal İsmayılov, baş gizir Sübhan Cəbrayılov, gizir Şəhriyar Quliyev və gizir Elyar Vəliyev qəhrəmancasına  şəhid olur. Camal İsmayılov oktyabrın 21-i anasının doğum günündə şəhidlik zirvəsinə yüksəlir. 23 oktyabr 2020-ci ildə Neftçala şəhərində dəfn olunur. Camal  2008-ci ildə ailə həyatı qurmuşdu. 2009-cu il təvəllüdlü Əsmət və 2011-ci il təvəllüdlü Əsnad adında qızları və 2021-ci il fevralın 12-də  dünyaya gələn Alparslan adlı oğlu Vətənə əmanətdir.

Şəhidin həyat yoldaşı Fatimə İsmayılova: “Camal Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyat və rabitəçi qrupunda xidmət edirdi. 18 il ərzində müxtəlif təlimlərdə iştirak edib, özünü nəzəri və ya praktiki cəhətdən çox inkişaf etdirmişdi. Rus, ingilis, erməni dilini sərbəst bilirdi. Dağçılıq üzrə kitablar tərcümə edib dərslik hazırlayırdı. Xizəkçiliyi, dağçılığı, paraşütçülüyü peşəkar şəkildə öyrənmişdi. Döyüş yoldaşları danışır ki, Hadrutda əməliyyat zamanı erməni rabitə qovşağına qoşularaq güllə atmadan 1500-dək erməni əsgərini başqa istiqamətə yönləndirib. Erməni dilində onların öz rabitəsi ilə düşmənin generallarına əmr verib ki, geri qayıdın. Bununla da onları aldada bilib və həmin mövqelərə bizim əsgərlər yerləşiblər. Daha sonra Hadruta su gətirməyə gediblər. Görüblər ki, digər dəstə mühasirəyə düşüb. Oradan 3 nəfərlə həmin dəstəni mühasirədən çıxarıblar və ermənilərin özlərini pusquya salıblar”.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Camal İsmayılova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmişdir. Həmçinin, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" , "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Neftçala Şəhər Uşaq İncəsənət Məktəbinə “Vətən Müharibəsi Qəhrəmanı” Camal Vidadi oğlu İsmayılovun adı verilmişdir. 2020-ci ildə Camal İsmayılovun Neftçala rayonunun  Həsənabad  qəsəbəsində yaşadığı evdə xatirə lövhəsi qoyulmuş, 2021-ci il aprelin 12-də Neftçala şəhərində Camalın büstünün açılış mərasimi olmuşdur. Haqqında İctimai Televiziyada "Heç kim unudulmur, heç nə yaddan çıxmır - Camal İsmayılov" sənədli filmi nümayiş etdirilmişdir.

Qürur hissi ilə deyə bilərik ki, İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin inamlı qələbəsi ilə başa çatdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımızı geri qaytardı.

Bu gün  Camal İsmayılovun ruhu şaddır. Vətən müharibəsində şanlı qələbə qazanılmaqla Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Onun azad görmək istədiyi Qarabağımızda üçrəngli Azərbaycan bayrağı vüqarla dalğalanır. 

                                                                                  M.MİRZƏ, 

                                                                                            “Respublika”.