Vətən müharibəsi qəhrəmanının əzəmətli büstü
Region

Vətən müharibəsi qəhrəmanının əzəmətli büstü

Cəlilabad rayonunda Vətən Müharibəsi Qəhrəmanı şəhid Abdullayev Rəşad Arif oğlunun adını daşıdığı şəhər 2 nömrəli tam orta məktəbin həyətində qoyulmuş büstünün açılış mərasimi oldu.

Dövlət Himni səsləndirildi. Sonra torpaqlarımızın müdafiəsi zamanı qəhrəmancasına şəhid olan hərbçilərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Açılışda RİH-in başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, ictimaiyyət nümayəndələri, adını daşıdığı məktəbin müəllim və şagirdləri iştirak edirdilər.

 Mərasimdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov çıxış edərək şəhid Rəşad Abdullayevin qısa və mənalı ömür yolundan, dövlət tərəfindən kapitanın layiq görüldüyü təltiflərdən, ailələrinə göstərilən diqqət və qayğıdan danışıb.

Mərasimdə şəhid kapitanın atası Arif Abdullayev, anası Sevil xanım və həyat yoldaşı Gülnar Abdullayeva Rəşadın keçdiyi döyüş yolundan söhbət açaraq bildirdilər ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş oğullarımızın xatirəsi daim yaddaşlarda qalacaq. Azərbaycan xalqı üçün igid, qeyrətli və mərd oğullar yetişdirən şəhid ailələrinə xalqımız və dövlətimiz tərəfindən çox böyük hörmət və ehtiram göstərilir. Məhz onların göstərdiyi şücaət nəticəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımız düşmən tapdağından azad edildi. Qeyd olundu ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gedən döyüşlərdə ordumuz bir daha dünyaya qüdrətini sübut etdi. Qeyd edək ki, Rəşad Abdullayev 8 sentyabr 2013-cü ildə Gülnar Abdullayeva ilə ailə həyatı qurub. Rüqəyya adlı qızı və Məmmədağa adlı oğul yadigarları qaldı.

Sonda Vətən Müharibəsi Qəhrəmanı şəhid Rəşad Abdullayevin adını daşıyan məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub.

Kapitan Rəşad Abdullayev 1988-ci ildə Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub, 1995-ci ildə Göytəpə kənd tam orta məktəbinin birinci sinifinə gedib. 2003-cü ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. 2006-cı ildən 2010-cu ilə qədər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb, məktəbi "motoatıcı" ixtisası üzrə bitirib. O, tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı "N" saylı hərbi hissənin komandir müavini kimi döyüşlərdə qəhrəmancasına iştirak etmişdi. Döyüşlər başlayandan mühasirəyə düşsə də, mühasirədən çıxmağı bacararaq, Ermənistan Ordusunun zabit və əsgər heyətini məhv etmişdi. Baş leytenant R.Abdullayev hərbi hissə qarşısına qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2016-cı il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmişdi. Rəşad Abdullayev 2020-ci il sentyabrın 29-da Murovdağ döyüşlərində qəhrəmancasına şəhid olub. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün kapitan Abdullayev Rəşad Arif oğlu ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adı, "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib. Şəhidin ailə üzvləri şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildiriblər.

Ərəstun ABDULOV,

"Respublika".