Vətən Müharibəsi Qəhrəmanlarına, şəhid ailələri və müharibə əlillərinə mənzillərin sənədləri təqdim edildi
Sosial həyat

Vətən Müharibəsi Qəhrəmanlarına, şəhid ailələri və müharibə əlillərinə mənzillərin sənədləri təqdim edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 50 şəhid ailəsi, müharibə əlili və Vətən Müharibəsi Qəhrəmanlarına mənzillərin sənədləri təqdim edilib.

Bu barədə ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib ki, dövlət başçısının 25 yanvar 2021-ci il tarixli sərəncamı 2014-2019-cu illərdə uçota alınmış şəxslərə və 2020-ci ildə hərbi əməliyyatlarda, o cümlədən Vətən müharibəsində şəhid olanların ailələri və əlillərinə 2021-2025-ci illərdə mərhələli şəkildə 11 min mənzil və fərdi ev təqdim edilməsini nəzərdə tutur. O cümlədən 2021-ci ildə onlara 3 minədək mənzil və fərdi ev verilməsi işləri aparılır.

A.Əliyev 2021-ci ilin planı üzrə artıq 1650 mənzilin şəhid ailələri və müharibə əlillərinə, habelə Vətən Müharibəsi Qəhrəmanlarına verildiyini, ümumilikdə indiyədək bu kateqoriyadan olanlara 11 minə yaxın mənzil və fərdi ev təqdim edildiyini diqqətə çatdırıb.

Mənzillə təmin edilən şəhid ailələri, müharibə əlilləri və Vətən Müharibəsi Qəhrəmanları onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

M.MUSTAFAYEV,

“Respublika”.