Vətən müharibəsi şəhidi İxtiyar Əliyev dəfn olunub
Sosial həyat

Vətən müharibəsi şəhidi İxtiyar Əliyev dəfn olunub

Oktyabrın 14-də Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu gizir İxtiyar Əliyev anadan olduğu Goranboy rayonunun Goranlı kənd qəbiristanlığında dəfn olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə şəhidin yaxınları ilə yanaşı, hərbçi yoldaşları, qazilər, Goranboy Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

1994-cü il təvəllüdlü gizir İxtiyar Əliyev Vətən müharibəsində kəşfiyyat taborunda xidmət edib. Sonuncu dəfə oktyabrın 6-da Ağdərə istiqamətində gedən döyüşlərdə düşmənə qarşı vuruşub. Həmin gündən sonra yaxınları ondan xəbər ala bilmirdilər.

İxtiyar Əliyev Vətən müharibəsində Azərbaycan Ordusunun itkin hesab edilən 7 hərbçisindən biri idi.

AZƏRTAC