Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi Əlcəzairdə də anılıb
Digər xəbərlər

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi Əlcəzairdə də anılıb

Azərbaycanın Əlcəzairdəki səfirliyində 27 sentyabr - Anım Günü ilə bağlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə bu ölkədəki Azərbaycan icmasının üzvləri, yerli ictimaiyyətin nümayəndələri və media təmsilçiləri iştirak ediblər.

Tədbir iştirakçıları 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla anıblar.

Ölkəmizin Əlcəzairdəki müvəqqəti işlər vəkili Rəfail Bağırov Vətən müharibəsində əsgərlərimizin qəhrəmanlığı, torpaqlarımızın işğaldan azad edilməsi haqqında ətraflı məlumat verib. O qeyd edib ki, müharibədə Zəfər qazanan Azərbaycanın sülh çağırışlarına baxmayaraq, işğalçı Ermənistan 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirmir, təxribatlar törətməkdə davam edir. Diplomat əlavə edib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev regionda dayanıqlı sülh və tərəqqiyə nail olmaq istiqamətində səylərini davam etdirir, qarşı tərəfdən də bu məsələlərə konstruktiv yanaşmağı tələb edir.

R.Bağırov işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, Böyük Qayıdışın ilk mərhələsi kimi Zəngilanın Ağalı kəndinə məcburi köçkünlərin doğma yurdlarına qayıtması barədə də məlumat verib.

Sonda iştirakçılar şəhidlərimizin fotoşəkillərindən ibarət və "Şuşa İli" tədbirlərindən bəhs edən stendlərlə tanış olublar.

AZƏRTAC