Vətən müharibəsi: Xocalı şəhidləri
Region

Vətən müharibəsi: Xocalı şəhidləri

Başı müsibətlər çəkən, ermənilər tərəfindən soyqırıma məruz qalan, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri və onların havadarları tərəfindən evləri talan-qarət edilərək yandırılan, qanlı faciə ilə üz-üzə qalan xocalılıların ötən illər ərzində dəyanəti, əzmi, inamı, həyat eşqi sınmayıb, bütün müsibətlərə baxmayaraq, böyük bir el yenidən ayaq üstə qalxıb. Dərdlərini ovundurub, yaralarını sarıyıb, qürurla başlarını qaldıraraq gələcəyə doğru addımlayıblar. Yeni nəsil böyüyüb, polad biləkli, qəlbi Vətən eşqi ilə çırpınan xocalılı gənclər Vətən müharibəsi başlayanda ilk sıralarda dayandılar.

Qarabağın erməni işğalından azad edilməsi uğrunda başlanan Vətən müharibəsi cəmi 44 gün ərzində, necə deyərlər, ildırım sürəti və parlaq qələbəylə başa çatdı. Qalib Sərkərdə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun bölmələri Ermənistan ordusunun canlı qüvvəsini və onların arxalandıqları muzdluları, bir sözlə, düşmənin çoxsaylı hərbi texnikasını, 30 ildə möhkəmləndirdikləri istehkamları darmadağın etdi. Həmin şiddətli döyüşlərdə Xocalıdan olan hərbçilər və könüllülər də cəsarət və hünər nümayiş etdiriblər. İnam, inanc, güvənc yerimiz Vətəndir, onun uğrunda həlak olmaq qəhrəmanlıqdır, ona görə də ən böyük zirvə - şəhidlik zirvəsi hesab olunur. Vətən müharibəsi şəhidlərinin məzarları üçrəngli bayrağımıza bürünüb. Şəhidlər hünər göstərərək bayrağımızı enməyə qoymadılar, öz qanları ilə onu əbədi ucaltdılar. Xocalıdan olan şəhidlərin xatirəsi tez-tez anılır, onların uyuduqları məzarlar ziyarət olunur.

Qeyd edək ki, Vətən müharibəsində Xocalı rayonundan 164 nəfər iştirak edib. Qəhrəman oğulların 8 nəfəri igidlik göstərərək şəhid olub, 10 nəfər yaralanıb, 146 nəfər isə müharibə veteranıdır. Rayonda Vətən müharibəsi iştirakçılarına, şəhid ailələrinə və qazilərə davamlı olaraq diqqət və qayğı göstərilir. Xocalılılar Vətən müharibəsində igidlik və döyüş ruhu göstərən oğulları ilə haqlı olaraq fəxr edirlər. Rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, gənclər Ağcabədi şəhər Şəhidlər xiyabanında uyuyan Azərbaycan Ordusunun əks-kəşfiyyat bölüyünün müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Sənan Miriyevin, həmin rayonun Sarıcalı kənd qəbiristanlığında dəfn edilmiş cəsur kəşfiyyatçı Ceyhun Mustafazadənin, Bərdə şəhər Şəhidlər xiyabanında torpağa tapşırılan hərbi qulluqçu Xəqani Nəzirovun, Bərdənin Şirvanlı kənd qəbiristanlığında dəfn edilmiş kəşfiyyatçı gizir Əlizamin Ramazanlının məzarlarını ziyarət edir, onların əziz xatirəsini uca tuturlar. Qəhrəmanlığın, cəsarətin ən yüksək zirvəsi, ən ali məqam olan şəhidliyə qovuşan oğulların xatirəsi heç zaman unudulmayacaq.

Salman ALIOĞLU,

"Respublika".