Vətən müharibəsində tarixi Zəfər və daha da güclənən Azərbaycan
Siyasət

Vətən müharibəsində tarixi Zəfər və daha da güclənən Azərbaycan

Sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində dövlətçilik tariximizin ən parlaq səhifələri yazılmış, düşmən üzərində böyük qələbə qazanılmışdır. Ordumuzun əks-hücum əməliyyatları nəticəsində 300-ə yaxın kənd, 5 şəhər və 4 yaşayış məntəqəsi, çoxsaylı strateji yüksəkliklər işğalçılardan təmizlənib, düşmənin xeyli texnikası və canlı qüvvəsi məhv edilib. Sonra Silahlı Qüvvələrimiz Dağlıq Qarabağın mirvarisi olan Şuşa şəhərini, bir gündə 70-dən çox kəndi, 8 strateji yüksəkliyi azad edildi və Ermənistanı təslim olmağa məcbur etdi. Beləliklə, 30 ildir aparılan danışıqlar prosesində düşmən dövlətin niyyəti reallaşmamış, regionda yeni “erməni dövləti” yaratmaq planı tamamilə alt-üst edilmişdir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev çıxışlarının birində demişdir: "İkinci Qarabağ müharibəsi Azərbaycanın şanlı qələbəsi kimi tarixə düşəcək. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik nümayiş etdirdi. Atılan addımlar düşmənə qısa zamanda elə kiçik itkilərlə sarsıdıcı zərbə vurmaq məqsədi daşıyırdı ki, düşmən torpaqlarımızı tərk etməyə məcbur oldu. Döyüş meydanındakı zəfər siyasi arenada qələbəyə gətirib çıxardı... Biz bu müharibəni şəhidlərimizin canı bahasına, hərbçilərimizin şücaəti bahasına, dövlətimizin siyasəti bahasına qazandıq".

Vətən müharibəsində məğlub olan Ermənistan təslim olmaq tələblərini təmin etməyə razılaşaraq, şərtlərə uyğun olaraq ilk növbədə Ağdam şəhərini və rayonun işğal olunmuş kəndlərini bir güllə atılmadan azad etdi. Sonrakı mərhələdə ölkəmizin əzəli və əbədi torpaqları olan Kəlbəcər və Laçın Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 30 ildən sonra nəhayət ki, əzəli torpaqlarını düşmən tapdağından xilas etdi. Təbii ki, Qələbə müjdəsinin təqdim olunduğu gün hər bir azərbaycanlı üçün bayram idi. Uzun illər dinc danışıqlara və problemin həlli üçün diplomatik səylərə baxmayaraq, sonda Ermənistan tərəfinin torpaqlarımızı geri qaytarmaq niyyətində olmadığını anlayan Azərbaycan mənfur düşmənə "dəmir yumruq" göstərib, onun belini sındırıb.

44 günlük Vətən müharibəsi qalib xalq kimi tariximizdə qürur mənbəyinə çevrilib. Azərbaycan xalqı öz lideri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək öz gücünü, mətanətini, mübarizliyini bütün dünyaya nümayiş etdirdi. Ötən ilin və eləcə də son 30 ilin də əsas nəticəsinin torpaqlarımızın işğaldan azad edilməsi olduğunu qeyd edən Prezident İlham Əliyev bir daha vurğuladı ki, Azərbaycan öz torpaqlarını 44 gündə azad edib, düşmənə sarsıdıcı zərbələr endirib. Ermənistanı məğlub etdi. Bu məğlubiyyət nəticəsində Ermənistanın təslim aktına imza atmaq məcburiyyətində qaldığını vurğulayan dövlət başçısı bildirib ki, hətta 3 rayonumuz bir güllə də, bir nəfər də olsun şəhid verilmədən geri qaytarılıb.

Vətən müharibəsində xalqımız daxili həmrəylik, milli birlik, ümumi amalla birləşən misilsiz birlik və həmrəylik nümayiş etdirdi. Ayyarım davam edən bu müharibə Azərbaycanın gücünün, milli birliyin qüdrətinin, milli birliyin sarsılmazlığının göstəricisi idi. 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Müzəffər Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın erməni işğalından azad edilməsi tariximizə qızıl hərflərlə yazılıb. Hazırda əsas vəzifə işğaldan azad edilmiş torpaqlarımızı bərpa etmək, quruculuq işləri aparmaqdır. Cənab Prezident müharibədən sonra işğaldan azad edilmiş ərazilərə şəxsən səfər edir və qarşıda duran vəzifələrlə bağlı öz tapşırıq və tövsiyələrini verir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Qarabağın dirçəlişinin təşviqi məqsədilə Qarabağın Dirçəliş Fondunun yaradılması xalqımız və dövlətimiz üçün mühüm tarixi hadisədir. Fond işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, habelə onların güclü iqtisadiyyata və yüksək rifah səviyyəsinə malik regiona çevrilməsinə yönəlmiş layihələrə maliyyə dəstəyi verəcək.

Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra xalqımızı ən çox narahat edən məsələ münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həlli olmuşdur. Lakin dünyada mövcud olan ikili standartlar, ədalətsizlik və islamofobiya münaqişənin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinə problem yaradıb. Digər tərəfdən, ermənipərəst qüvvələrin Azərbaycana qarşı təzyiq və təhdidləri işğalçı ölkəni daha da hiddətləndirib. Nəhayət, Prezident, Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə formalaşdırdığı qələbə qazanan ordumuzun əzmi, mərdliyi və qəhrəmanlığı sayəsində 30 illik ədalətsizliyi aradan qaldıra bildik. 2020-ci il noyabrın 10-da Ermənistan rəsmən təslim olduğunu elan edib və təslim aktını imzalayıb. Bir ay sonra, dekabrın 10-da Azərbaycan Bakının Azadlıq meydanında Zəfər paradını keçirdi və bu qələbəni bütün dünyaya nümayiş etdirdi. Beləliklə, Azərbaycan XXI əsrdə Zəfər Paradını keçirən ilk ölkə kimi dünya tarixinə düşüb.

Qələbədən sonrakı ildə Azərbaycan münaqişənin həlli prosesində əldə etdiyi hərbi nailiyyətlərdən istifadə edərək öz məqsədlərinə mümkün qədər tez və dolğun şəkildə nail olmağa çalışır. Vətən müharibəsi və Qələbə Gününün əhəmiyyəti ilə yanaşı, Qələbənin faydaları və müharibədən sonra əldə etdiyimiz nailiyyətləri belə ümumiləşdirmək olar: 8 Noyabr Vətən müharibəsində qələbəmizin, milli qürurumuzun və birliyimizin bərpa olunduğu gündür. Mən Azərbaycanın yeni dövründə bundan böyük tarix təsəvvür edə bilmirəm. Bu hekayə həm də "Qarabağ Azərbaycandır" ifadəsinin bariz təsdiqidir. Azərbaycan son əsrlərdə ilk dəfə olaraq müharibədə qalib gəldi, işğal altında olan 10 min kvadratkilometr ərazini düşməndən təmizlədi, ərazi bütövlüyünü və suverenliyini bərpa etdi.

Vətən müharibəsində qazanılan hər bir qələbə Azərbaycan xalqının Ali Baş Komandan ətrafında daha sıx birləşməsini və Silahlı Qüvvələrimizin düşmənə qarşı "Dəmir yumruq" əməliyyatına qeyd-şərtsiz dəstəyini təmin etdi. Azərbaycan Silahlı Qüvvələrinin bu  əzəmətli və tarixi qələbəsi işğalçı Ermənistan üzərində mütləq üstünlüyümüzü təmin etdi.

Dünya ictimaiyyəti, o cümlədən tərəfdaşlarımız və rəqiblərimiz Vətən müharibəsində Silahlı Qüvvələrimizin real imkanları ilə tanış oldular. Azərbaycan öz adını dünya tarixinə "BMT Təhlükəsizlik Şurasının qətnamələrini müstəqil şəkildə həyata keçirən ilk ölkə" kimi yazdırdı.

Müttəfiqlərimizlə birgə keçirdiyimiz irimiqyaslı təlimlər və bu təlimlərə sərf olunan vəsait tam özünü doğrultdu. Biz Ermənistanı Qarabağ məsələsində tamamilə tək qoya bildik, siyasi, iqtisadi və diplomatik sahədə düşməni məğlub etmişik.

Təqdirəlayiq haldır ki, bu müharibədə müxtəlif siyasi baxışlı müxalif qüvvələr də milli maraqlar naminə Azərbaycan hakimiyyətinə dəstək verdilər. Ölkəmizdə yaşayan bütün xalqların, dini konfessiyaların nümayəndələri Azərbaycanın ədalətli mübarizəsində şücaət göstərmiş, düşmənlə vuruşmuş, Azərbaycanın ərazi bütövlüyünün bərpasında fəal iştirak etmişlər.

Müharibədəki qələbəmiz "böyük Ermənistan" ideyasını və "Qarabağın statusu" məsələsini birdəfəlik "dəfn etdi". Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsi təmin edilir. Artıq hava əlaqəsi bərpa olunub, dəmir yolunun bərpası, avtomobil yolunun tikintisi istiqamətində işlər aparılır. Şərqi Zəngəzurun müxtəlif bölgələrində çoxlu sayda mövqelər irəli çəkdik, mövcud olanları gücləndirdik. İranla 132 kilometrlik sərhədimizi tam bərpa etdik. İranla sərhədi qorumaq üçün Şərqi Zəngəzura sərhəd diviziyasını yerləşdirmişik. Azərbaycan bu qələbə ilə separatizmlə mübarizə və onun beynəlxalq səviyyədə aradan qaldırılması üçün praktiki yol xəritəsi təqdim etdi.

Hazırda Qarabağımızın tacı olan Şuşada regional əhəmiyyətli sənədlər imzalanır, beynəlxalq festivallar keçirilir. Füzuli Beynəlxalq Hava Limanı artıq fəaliyyət göstərir. Zəngilan hava limanının açılışı baş tutub və Laçın hava limanının layihələndirilməsi işləri aparılır.

Gəncənin ballistik raketlərdən atəşə tutulması, Bərdənin kasetli raketlərlə atəşə tutulması və digər faktlar sübut etdi ki, Ermənistan rəhbərliyi taktiki raketlərlə döyüşərək dinc əhaliyə, o cümlədən yatmış 2 yaşlı uşağa qarşı hərbi cinayətlər törədib. Azərbaycan xalqı və hökuməti bu müharibədə çox ciddi sınaqlardan çıxdı. Prezident İlham Əliyev aparıcı dünya dövlətlərinin rəhbərlərinə Qarabağ münaqişəsinin hərbi yolla həllinin olduğunu və Azərbaycanın bu yolu seçməkdə azad olduğunu sübut etdi. Bu müharibədə Azərbaycan təkcə Ermənistanla deyil, həm də ona siyasi, mənəvi və hərbi-texniki dəstək verən bir çox dövlətlərlə paralel döyüşdü. Azərbaycan onu dayandırmaq istəyən və ona güclü təzyiq göstərən ölkələrlə vuruşdu və qalib gəldi.

Son 200 il ərzində ilk dəfə böyük qələbə qazandıq. Biz təkcə işğalçı Ermənistanı yox, onun havadarlarını da məğlub etdik. Biz qardaş Türkiyə və Pakistanın mənəvi dəstəyi ilə qalib gəldik, çünki bu savaşda haqlıydıq, müharibəmiz ədalətli idi. Biz separatizmin əsaslarını sarsıtmışıq.

Biz Vətən müharibəsində qazandığımız qələbə ilə Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu, onun Ordusunun əsl döyüş qabiliyyətini bütün dünyaya nümayiş etdirdik.

Bu gün ərazilərin bərpası istiqamətində həyata keçirilən tədbirlər Qarabağın dağlıq və aran rayonları ilə bağlı dövlət siyasətimizin yeni strategiyasının tərkib hissəsidir. Ölkə rəhbərliyinin bu istiqamətdə irəli sürdüyü taleyüklü tarixi təşəbbüslər işğaldan azad edilmiş rayonlarımızla bağlı dövlətimizin aydın və sistemli siyasət apardığını təsdiqləyir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə görülən genişmiqyaslı işlər və gələcəyə hesablanmış strategiya bölgənin sülh gündəliyini formalaşdırmaqla, onun yeni siyasi arxitekturasını yaradır.

Kifayət HEYDƏROVA,

 Dövlət İdarəçilik Akademiyasının

I kurs magistrantı.