Vətən müharibəsinin “Dəmir qanadlı
Sosial həyat

Vətən müharibəsinin “Dəmir qanadlı" pilotu

2020-ci ilin 27 sentyabrı Azərbaycan xalqının yaddaşında uzun illər Qələbənin, Zəfərin başlanğıc tarixi kimi xatırlanacaq. Məhz həmin gün başlayan haqq savaşımız bizi sonda böyük Qələbəyə apardı. Böyük Qələbə qazanan Azərbaycanın igid övladları işğalçı Ermənistan ordusunu darmadağın edərək döyüşdə göstərdikləri qəhrəmanlıqlarla sübut etdilər ki, "Qarabağ Azərbaycandır!", "Qarabağ bizimdir!".

Doğma torpaqlarımız uğrunda son damla qanına qədər vuruşaraq əsl qəhrəmanlıq nümunəsi göstərən cəsur Vətən övladlarından, "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülən 7 səma şahinimizdən biri də Ramiz Vaqif oğlu Qasımovdur. Ramiz 1975-ci il fevralın 17-də Beyləqanda dünyaya göz açıb. 4 nömrəli tam orta məktəbi bitirərək müharibənin yeni-yeni alovlandığı vaxtlarda 1992-ci ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə qəbul olmuş və 1997-ci ildə oranı bitirmişdir. Hərbi Hava Qüvvələrində Vertolyot eskadriliyasının axtarış-xilasetmə xidmətinin aviasiya manqasının şturmanı vəzifəsindən Aviasiya bazası komandirinin uçuşların təhlükəsizliyi üzrə müavini, uçuşların təhlükəsizliyi bölməsinin rəisi vəzifəsinədək yüksələn Ramiz Qasımov harada, hansı vəzifədə xidmətindən asılı olmayaraq, həmişə qarşıya qoyulan döyüş tapşırıqlarının öhdəsindən layiqincə gəlib. 2016-cı il Aprel döyüşlərində və 2020-ci il Tovuz döyüşləri zamanı Hərbi Hava Qüvvələrimizin döyüş salnaməsinə parlaq səhifələr yazıb.

Azərbaycan Silahlı Qüvvələrinin veteranı olan təcrübəli və peşəkar pilotumuz neçə-neçə milli təyyarəçi kadrın yetişməsində, formalaşmasında səylərini əsirgəməyib. Komandanlıq və şəxsi heyət arasında böyük nüfuz sahibi olmaqla yanaşı, həm də yüksək mənəvi keyfiyyətlərə malik şəxsiyyət, mütəxəssis kimi fərqlənib.

Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı Ramiz Qasımovun döyüş yolu Tərtər istiqamətindən başladı. Düşmənin bir çox hədəflərini dəqiq atəşlə məhv etdi. Onun göstərdiyi ustalıq digər uçuş heyətlərində böyük ruh yüksəkliyi yaratdı. Ramiz Vətən müharibəsi zamanı Madagiz və Talış istiqamətlərində Ermənistan Ordusunun strateji əhəmiyyətli hədəflərini sıradan çıxarır, həmçinin bir neçə OSA zenit raket kompleksini və P19 radiotexniki vasitəsini məhv edir. Hərbi hədəflərin məhv edilməsindən sonra Ramiz Qasımovun idarə etdiyi "Mi-17" hücum vertolyotu geri dönərkən Tərtər rayonunun Azad Qaraqoyunlu istiqamətində Ermənistan Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının bölmələri tərəfindən vurulur. Ramiz dərhal bortda olan digər 2 nəfər heyət üzvünə vertolyotdan "atılma" əmrini verir. Özü isə "Mi-17" hücum vertolyotunu yaşayış məntəqələrinin üzərinə düşməməsi üçün boş sahəyə tərəf istiqamətləndirməyə başlayır. Nəticədə, Ramiz vertolyotu yaşayış məntəqəsindən uzağa, boş sahəyə istiqamətləndirməyi bacarır. Özü son anda paraşütlə vertolyotdan atılsa da, başından ağır zərbə alır. 25 gündən sonra oktyabrın 22-də şəhid olur və II Şəhidlər xiyabanında dəfn edilir. Qəlbindəki Vətən sevgisi, Qarabağı azad etmək arzusu onu şəhidlik zirvəsinə ucaltdı. Gülanə və Gülay adında qızları, Vaqif adında isə bir oğlu yadigar qaldı.

Qəhrəmanımızın həyat yoldaşı Günel Qasımova xatirələrində qeyd edir ki, Ramiz oğlu Vaqifin də hərbçi pilot olmasını arzulayırdı: "Həmişə deyirdi ki, Vaqif mənim yolumu davam etdirməlidir. Onu başqa sahədə görə bilmir, özü kimi vətənpərvər ruhda böyüdürdü. Çalışırdı ki, övladları həyatda düzgün mövqe tutsunlar, ali təhsil alsınlar, savadlı olsunlar. Atalarının adını həmişə uca tutsunlar, layiqli vətəndaş olsunlar. Uşaqlarımızı onun istədiyi kimi böyütməyə, onun adına layiq olmalarına çalışacağam. O, hərb işini çox sevirdi, vətənpərvər oğul idi. Onun kimi insanın həyat yoldaşı olduğuma görə şərəf duyuram. Evdə çox az olsa da, hərbi verilişləri izləyər, hərbi kitabları mütaliə edirdi. Dəqiqlik sevən insan idi. Öz işi barədə danışmağı xoşlamazdı. Aprel, İyul döyüşlərində çox böyük əməyi oldu. Biz onun bütün qəhrəmanlıqları barədə sonradan xəbər tutduq".

Ramizin hərbçi yoldaşı, mayor M.Fətəliyev isə sevimli komandirini minnətdarlıq hissi ilə xatırlayır, həyatda yaşamasına görə ona borclu olduğunu bildirib.

Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Ramiz Qasımova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş, həmçinin "Vətən uğrunda", "Ağdamın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

M.MİRZƏ,

"Respublika".