Vətən müharibəsinin qəhrəmanı
Sosial həyat

Vətən müharibəsinin qəhrəmanı

İkinci Qarabağ müharibəsinin qanlı-qadalı günlərində silaha sarılıb Vətən yolunda canından keçən minlərlə qəhrəmanlardan biri şəhid mayor Amid Heydərovun adı iftixarla çəkilirŞərəfli ölümü ilə gələcək nəsillərimiz üçün örnək  olacaq bir tarix yazanda lerikli balası ömrünün 32-ci ilini yaşayırdı. Vətənini hər şeydən əziz bilən qəhrəman oktyabrın 3- Cəbrayıl döyüşlərində şəhid olub.

Əbədi yaşamaq üçün milyonların ürəyində özünə yer edib. Dövlət müharibə meydanında son damla qanına qədər vuruşan şəhid mayor Amid Heydərova "Vətən Müharibəsi Qəhrəmanı" adı verib, "Vətən uğrunda", Cəbrayılın, Füzulinin azad olunmasına görə medallara layiq görüb.

Lerik camaatının iftixar mənbəyi, qürur yeri olan Amidin adının əbədiləşdirilməsi məqsədilə  rayonda bir sıra işlər görülübdür. Vətən müharibəsi qəhrəmanının doğum günü ilə bağlı anım tədbiri keçirilib. Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasovun, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə təşkilat rəhbərlərinin, şəhid ailə üzvlərinin, şəhidin döyüş yoldaşları rayon ictimaiyyətinin qatıldığı tədbirdə əvvəlcə şəhidin məzarı adına olan parkda ucaldılmış büstü ziyarət olundu əziz xatirəsi ehtiramla yad edildi. Dövlət Himni oxundu, Vətən naminə döyüşlərdə canını qurban edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı. Özündən artıq sevdiyi doğma Azərbaycan qarşısında xüsusi xidmətləri olan, qəhrəmanlığı dillərdə dastana dönən şəhid mayor Amid Heydərovun həyatı döyüş fəaliyyəti haqqında ətraflı məlumat verildi.

İcra hakimiyyətinin başçısı Əkbər Abbasov dedi: - 30 il düşmən əsarətində qalan cənnətməkan Qarabağımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının əziz xatirəsinə həmişə ehtiram göstərilir, onların keçdiyi döyüş yolu bir nümunə kimi təbliğ olunur. Xalqımız Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə dəmir yumruq kimi birləşərək 44 günlük Vətən müharibəsində qazanılan zəfərlə yeni şanlı tarix yazıldı. Bu haqq savaşımızda dağlar diyarı Lerikdə dünya göz açan Amid Heydərov da Vətəni necə sevməyi, doğma torpağı necə qorumağı göstərdiyi rəşadətlə bir daha sübut etdi. Vətəni öz canı, qanı bahasına alınmaz qalaya çevirən Amid kimi oğullar heç vaxt unudulmayacaq. Şəhid Amid Heydərovun əziz xatirəsi bu millət var olduqca daim  qəlblərdə yaşayacaq, həyatı, döyüş yolu qərinələr boyunca  gələcək nəsillərə həmişə örnək olacaq.

  Şəhid ailələrinə göstərilən diqqət qayğıya görə ölkə rəhbəri İlham Əliyevə minnətdarlığını bildirən şəhidin atası Rəbbil Heydərov dedi ki, oğlum Vətənin çətin günündə onun yolunda  ölməyi  özünə şərəf bildi. Onun seçdiyi bu müqəddəs yol Vətəninə, millətinə başucalığı gətirdi. İndi Amid təkcə mənim oğlum yox, bütün Azərbaycanın fəxridir...

Zəfər ORUCOĞLU.