Vətən müharibəsinin qəhrəmanları
Region

Vətən müharibəsinin qəhrəmanları

Biləsuvarda Vətən müharibəsində rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan Xanalıyev Ziyəddin Ariz oğlunun və Əhmədli Elməddin Gülverən oğlunun xatirəsi ehtiramla anıldı. Qəhrəman şəhidlərimizin anım mərasimində iştirak edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri şəhidlərin məzarını ziyarət edib üzərinə tər qərənfillər düzdülər. Şəhidlərin ata ocağını ziyarət edib, onların valideynləri ilə görüşdülər.

Mərasimdə qəhrəmanlarımızın şərəfli döyüş yolundan danışan Biləsuvar RİH-in başçısı Faiq Qürbətov Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirələrinin bundan sonra da daim əziz tutulacağını və dövlətimizin hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacağını bildirdi. Sonra qəhrəman şəhidlərimizin yaşadıqları evlərə vurulan xatirə lövhələrinin açılışı oldu.

Xanalıyev Ziyəddin Ariz oğlu 16 yanvar 1999-cu ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. Orta təhsilini Təzəkənd kənd tam orta məktəbində almışdır. Ziyəddin Xanalıyev Vətən müharibəsində Hadrut, Şuşa uğrunda gedən döyüşlərdə vuruşmuş, Daşaltı ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 19 noyabr 2020-ci il tarixdə doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılıb. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirakına, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Ziyəddin Ariz oğlu Xanalıyev ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə medalları ilə təltif edilmişdir.

Əhmədli Elməddin Gülverən oğlu 28 yanvar 1996-cı ildə Biləsuvar rayonunun Təzəkənd kəndində anadan olmuş və həmin kənd tam orta məktəbində təhsil almışdır. Elməddin Əhmədli Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 19 noyabr 2020-ci il tarixdə Təzəkənd məzarıstanlığında dəfn olunmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə Əhmədli Elməddin Gülverən oğlu ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

 Ərəstun ABDULOV,

 "Respublika".