Vətən müharibəsinin yenilməz əsgərləri
Region

Vətən müharibəsinin yenilməz əsgərləri

İmişli rayonunda 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Nuriyev Vüqar Hafis oğlunun xatirəsinə inşa edilən bulaq kompleksinin açılışı oldu.

Açılış mərasimində İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, RİH-in məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri orta məktəbin müəllim və şagirdləri şəhidin yaxınları iştirak edirdilər. Dövlət himni səsləndirilib və Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən RİH başçısı Elçin Rzayev Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və Zəfərlə başa çatan Vətən müharibəsində qazanılan qələbənin tarixi həmiyyətindən danışdı. Rayon rəhbəri vurğuladı ki, Vüqar və onun kimi oğullarımızın xatirəsi heç bir zaman unudulmayacaq. Qeyd etdi ki, ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının qayğılarını daim diqqət mərkəzində saxlayır. Şəhidlərimizin, igid döyüşçülərimizin döyüş yolu öyrənilir və onlar göstərdikləri şücaətlərə görə medallarla təltif olunur, adları əbədiləşdirilir. Çıxışlarda Azərbaycan Ordusunun qəhrəmanlığından, 30 ildən artıq bir müddətdə işğal altında qalan torpaqlarımızın azad edilməsi ilə nəticələnən şanlı Qələbədən, Vüqarın gənclərə nümunə olan qısa və şərəfli ömür yolundan danışıldı. Şəhər 3 saylı tam orta məktəbin şagirdlərinin ifalarında şəhidlərimizə həsr olunan şeirlər səsləndirildi. Sonra Vüqarın doğulub boya-başa çatdığı evdə ildönümü mərasimi keçirildi.

Vüqar Nuriyev Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Qubadlının, Zəngilanın, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhid olub.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirakına, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Nuriyev Vüqar Hafis oğlu ölümündən sonra "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Ə.ABDULOV,

"Respublika".