Vətən oğulları ilə fəxr edir
Region

Vətən oğulları ilə fəxr edir

 Doğma yurdu, Qarabağ torpağı və üçrəngli bayrağı uğrunda savaşa atılan, düşməni əzən və məhv edən oğullarla fəxr edirik, poladbiləkli igidlərlə həmişə qürur duyuruq. Vətən müharibəsində canı və qanı ilə qəhrəmanlıq dastanı yazan, düşmənə sözün əsl mənasında cəhənnəmi yaşadan, yadelli işğalçıları məhv edən, keçilməz sədləri aşan, sıldırım qayaları aşıb keçən oğulların hünəri ilə Azərbaycan qalib ölkə kimi dünyada tanındı.  Qalib ölkənin Prezidenti xalqımızın yeni hərb, şanlı qəhrəmanlıq tarixini yazdı,  qanlı döyüşlər zamanı işğalçı ölkənin hərbçilərinin böyük əksəriyyəti məhv edildi, qalanları isə torpaqlarımızdan qovuldu.

Vətən müharibəsindəki şanlı qələbənin ildönümü ərəfəsində  bir daha aydın olur ki, cəbhədə  şiddətli döyüşlər gedib,  otuz ilə yaxın torpaqlarımızda möhkəmlənən düşmən hər vasitə ilə müqavimət göstərib,  buna baxmayaraq, Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığı və fədakarlığı sayəsində torpaqlarımız işğalçılardan azad edilib. Azad edilən torpaqlara şəhidlərin və qazilərin qanı tökülüb, məhz buna görə Vətən müqəddəsdir, Vətən toxunulmazdır! Vətənə sipər oğulların adı və döyüş yolu heç zaman unudulmayacaq.

Həmin qəhrəman Vətən oğullarından biri də cəsur komandir,  mayor Elşad Heydərovdur.  Elşad Teymur oğlu Heydərov 1985-ci ildə Ağcabədi rayonunun Təzəkənd kəndində dünyaya göz açıb.  O,  2003-cü ildə sözügedən kənd tam orta məktəbini müvəffəqiyyətlə bitirib,  sonra ali təhsil alıb,  ekoloq,  təbiətdən istifadə mütəxəssisi ixtisasına yiyələnib.

Torpaqlarımızın işğalda qalmasına dözə bilməyən, xaraktercə cəsarətli və vətənpərvər insan olan Elşad  hərbçi kimi xidmət etmək qərarına gəlib. Valideynləri onun bu istəyinə etiraz etməyiblər.  Elşad Azərbaycan Silahlı Qüvvələrinin Təlim-tədris Mərkəzində ehtiyat zabit hazırlıq kursuna daxil olub.  Dörd ay təlim keçdikdən sonra 2007-ci ildə leytenant rütbəsi alıb,  motoatıcı taqım komandiri kimi “N” saylı hərbi hissədə xidmətə başlayıb.  O,  xidmət göstərdiyi illərdə peşəkar zabit kimi yetişib,  mayor rütbəsinə qədər yüksəlib.

Elşad Heydərov peşəkar və səriştəli zabit kimi müxtəlif hərbi hissələrdə  Vətənə ləyaqətlə xidmət edib.  II Qarabağ müharibəsi başlananda Elşad komandiri olduğu hərbi hissə ilə birlikdə cəbhənin qaynar nöqtələrində döyüşlərə başlayıb. Onun rəhbərlik etdiyi uğurlu əməliyyatlar nəticəsində düşmənə sarsıdıcı zərbələr vurulub,  xeyli sayda canlı qüvvə və hərbi texnika məhv edilib.  2020-ci il sentyabrın 28-də Talış kəndi ilə Suqovuşan istiqamətində gedən ağır döyüşlərin birində düşmən mövqeyində piyada əleyhinə minaya düşərək,  sağ ayağını itirib.  

Elşad deyir ki,  bundan zərrə qədər heyifsilənməyib, əksinə  torpaq uğrunda yaralananda həqiqətən qürur duyub.  Eyni zamanda təəssüflənir ki, şanlı ordumuzun döyüşlərində axıra qədər iştirak edə bilməyib,  əsgərlərindən,   döyüş dostlarından ayrı düşüb. Təsəllisi də odur ki, silahdaşları,  döyüş yoldaşları düşməni ağır məğlubiyyətə uğradaraq,  torpaqlarımızı azad ediblər.  

İgid komandir Elşad  Heydərov yaraları sağaldıqdan sonra dinc quruculuq işlərində iştirak etmək istədiyini bildirib.  Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun sərəncamı ilə 2021-ci ilin may ayından qazi qardaşımız Elşad Təzəkənd inzibati ərazi vahidi üzrə nümayəndə vəzifəsinə təyin olunub. İki övlad atası övladlarını da vətənpərvər ruhda böyüdür, keçmiş döyüşçü vəzifəsinin öhdəsindən layiqincə gəlir.

Qəhrəman qazimizin Vətən qarşısında xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib.  Qalib Ali Baş Komandan,  Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə Azərbaycan Ordusunun mayoru Elşad Heydərov “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Qarabağı alın yazısında, yaralarını ürəyində,  qisasını polad kimi əyilməz biləklərində,  savaş günündə canı, qanı ilə döyüşən,  doğulduğu torpağa bütün varlığı ilə  səcdə edən oğulları ilə Vətən fəxr edir, xalqımız qürur duyur.

                                                  Salman ALIOĞLU,

                                                     “Respublika”.