Vətən ona oğul dedi...
Sosial həyat

Vətən ona oğul dedi...

Şirvan Şəhər İcra Hakimiyyəti aparatının məsul əməkdaşları şəhid ailələri ilə birlikdə 44 günlük Vətən Müharibəsində Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərdə komandiri ilə birgə şəhid olan Cavid Natiq oğlu Məmmədlinin ildönümü ilə əlaqədar qəbirüstü abidəsini ziyarət etdi. Şəhidin əziz xatirəsi anılaraq, ruhuna dualar oxundu. Şəhidlərimizə Allahdan rəhmət, valideynlərinə səbir diləndi.

Şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüz uğrunda canını fəda edən igidlərin qəhrəmanlıqlarından danışıb, belə fədakar vətən övladlarını böyüdən valideynlərə minnətdarlığını bildirdi. Vətənimizin bütövlüyü uğrunda şəhid olanların hər zaman qəlblərdə yaşayacağını, şəhid ailələrinə göstərilən diqqət və qayğının  bundan sonra da davam etdiriləcəyini söylədi. Milli Məclisin deputatı İltizam Yusifov çıxışında Vətən müharibəsində igidlərimizin göstərdikləri qəhrəmanlıqlardan söhbət açdı. Bildirdi ki, məhz qəhrəmanlarımızın sayəsində işğaldan azad edilən torpaqlarımızda Azərbaycan bayrağı dalğalanır. Hər il qeyd edəcəyimiz Zəfər Gününə görə onlara borclu olduğumuzu heç bir zaman unutmayacağıq.
Şəhid Cavidin  valideynləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür və minnətdarlıqlarını bildirdilər.

                                                      Tofiq HÜSEYN,

                                                “Respublika”.