Vətən qədər əbədi xatirə
Region

Vətən qədər əbədi xatirə

Vətənini, torpağını canından əziz tutan  igidlərimiz İkinci  Qarabağ  müharibəsində dünyanı  heyrətə salan şanlı  bir tarix yazdılar. 30 il düşmən tapdağına dönən  müqəddəs Azərbaycan torpaqlarını  44 günə azad etdilər. Bu şərəfli yolda  minlərlə  Vətən oğlu öz canından keçdi.  Yardımlı rayonunun Dəlləkli kəndində dünyaya göz açmış  Zahid Azad oğlu Zairli  Vətən yolunda şəhid olanda öz həyatının 20-ci  baharına təzəcə qədəm qoymuşdu.   Köksündə əsl qəhrəman ürəyi döyünən bu Vətən sevdalısı  yaşına uyuşmayan igidliklə  əbədiyyət qazandı.

 Zahid saf, ülvi  duyğularla  Vətəninə, xalqına xidmət etmək arzusunda idi.  Nifrət bəslədiyi  bir şey var idisə, o da ermənilərin Azərbaycan torpaqlarına ədalətsiz təcavüzü  idi.  Dəyanəti, sədaqəti, qüruru, yurd sevgisi artıq  Zahidi  el-obaya sevdirə bilmişdi. İnsanlara daha çox fayda vermək məqsədilə  Azərbaycan Memarlıq və İnşaat  Universitetinin nəzdində  İnşaat Kollecini də bitirmişdi.  Özünəməxsus  mənəviyyat   fəlsəfəsində yalnız yaxşılıq etmək, qurub-yaratmaqla  elinə fayda vermək idi.  Mənfur  düşmən Zahidin bütün arzularını yarımçıq  qoydu.

Zahid Zairli  müqəddəs əsgəri borcunu  Cəlilabad rayonunda yerinə yetirirdi.   Vətən torpağını şərəflə qorumağa, döyüş meydanında düşməni əzməyə həmişə hazır dayanmışdı.   Odur ki, Vətən müharibəsi başlanan andan  Qarabağın azadlığı naminə  odun-alovun içinə atılır. Və Füzuli uğrunda  yağıya  sarsıdıcı zərbələr vurmaqla ad-san  çıxardır.  Füzuli azad olunur, bu qələbə Zahidin  erməni quldurlarına olan intiqam, qisas almaq alovunu bir  qədər də artırır. Cəbrayıl rayonunda da igid əsgərin   məhv etdiyi ermənilərin sayı bilinmir. Oktyabrın 8-də  döyüş meydanında rəşadət göstərdiyi yerdə düşmən gülləsi Vətən eşqi ilə döyünən ürəyinə dəyir...

Dövlət öz oğlunun qəhrəmanlığına yüksək qiymət verdi.  Onu “Vətən uğrunda”, “Cəsur  döyüşçü”, “Füzulinin azad olunmasına görə”  medalları ilə təltif etdi.  Qəhrəmanın adına inşa edilən bulaq xatirəsinə ehtiramın ifadəsidir.

Zahid Vətən üçün doğulmuşdu. Elə  Vətənə qurban getməklə  milyonların sevimlisi oldu. Yaşadığı qısa ömür isə  Vətən qədər əbədidir.

Zəfər ORUCOĞLU.