Vətən, sənə dönə bilsəydim...
Digər xəbərlər

Vətən, sənə dönə bilsəydim...

Qərbi Azərbaycan həsrətilə dünyasını dəyişənlərin xatirəsinə

O yerlərin adamları adət etmişdi, yazağzı selləmə yağışların nurunda dağlara tərəf bir köç qalxardı: ağappaq sürülər, şahbaz atlar, üstü bağlı arabalar armudluqları, zoğallıqları addıya-addıya, çala-çuxur dağ yollarını üzüyuxarı dartınırdı. Haradansa, yuxarılardan, dolama yollardan, güney yamaclardan, dik yoxuşlardan kəpənək qanadıyla, səhər yeliylə çiçək, yağış qarışıq ətir gəlirdi, boynu qotazlı atlar bu ətrin havasına uçurdu, torpaq az qala çat verir, böyük bir gölün ləpələri pul-pul yanırdı... Ora Vətən idi...

Vətən - qoynunda dünyaya göz açdığın, havasını udub, suyunu içib, çörəyini yediyin, torpaqlarında ilk addımlarını atdığın məmləkətdir. Ondan hətta üç-beş gün belə ayrı düşmək bəzən çətin gəlir insana. Bəs, onu ömürlük itirmək necə? Bax, bunun ağrısını, acısını sözlə ifadə etmək o anları yaşamaqdan da çətindir. Bunu Vətən, yurd, torpaq həsrəti çəkənlər yaxşı bilir. Bu acı bölünmək, parçalanmaq dərdindən betərdir. Bəlkə az xalq tapılar ki, onun taleyi barədə özgələr qərar verib, heysiyyətinə toxunulub, əzəli-əbədi torpağından zorla qovulub. Tarixi torpağımız olan Qərbi Azərbaycan köçəri ermənilərin o yerlərə ayaq basdığı ilk gündən qan çanağına dönmüş, buranın əbədi sakinlərinin ah-naləsi, göz yaşı əskik olmamışdı. Çünki zaman-zaman yurd-yuvalarından didərgin salınmışdılar. Dünya bilmişlərinin deportasiya adlandırdıqları bu faciəni yaşamaq o yerlərin insanlarının alın yazısı idi sanki. Düşünülmüş şəkildə həyata keçirilən bu proses ötən əsrin sonlarında tam başa çatdı, "ağalar" dünyasının başbilənləri Azərbaycanımızın qərbini bütünlüklə ermənilərə hədiyyə etdi. İri yük maşınlarına yığılıb üzü bəri göndərilən köç karvanları bu məmləkətin, yox elə bəlkə dünyanın müxtəlif yerlərində özünə dayanacaq tapdı. Özlərinə təzə yurd-yuva qurub yaşadılar, dağlarının, Göyçə gölünün, Arpa gölünün gözəlliyinə, laləli, bənövşəli çöllərinin, çəmənlərinin, torpağının ətrinə, qoxusuna, bulaqlarının zümzüməsinə, çaylarının şırıltısına həsrət-həsrət. Yaşamadılar, bu cür yaşamağa məhkum edildilər.

Deportasiya... Qarşımda yenicə çapdan çıxmış bir kitab var: "Qərbi Azərbaycanın tanınmış ziyalıları". O yerlərin tanınmış ziyalılarından biri Məmmədəli Məhərrəmovun mürəkkəb, maraqlı, həm acı bir həyat hekayəsi...

Deportasiyanın demək olduğunu yaxşı bilən, o acıları yaşamış Ulu Öndərin: "Mən inanıram ki, bizim bölgədə hər şey Azərbaycan xalqının xeyrinə dəyişəcək, xalqımız gələcəkdə mütləq mütləq gedib öz gözəl Göyçə torpağını, doğma dağlarını, bulaqlarını, çaylarını, ata-babalarının qəbirlərini görəcəkdir. Mən buna heç şübhə etmirəm" fikirlərinin yaratdığı inam hissilə kitabı vərəqləyirəm...

Müəlliflərin Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il dekabrın 24- Qərbi Azərbaycan İcmasının inzibati binasında bir qrup ziyalı ilə görüşündə tarixi siyasi müstəvidə səsləndirdiyi fikirlərdən ruhlanaraq hazırladıqları kitab Məmmədəli Məhərrəmov onun ailəsinin simasında bir ailənin, elin, mahalın, nəhayət, bir xalqın faciəsi, soydaşlarımızın yaşadıqlarının ümumiləşdirilmiş tarixi salnaməsidir. Kitabda verilən tarixi torpaqlarımızın, qədim türk adları, toponimlər, hidronimlər, oykonimlər, xəritələr, şahid ifadələri Prezidentin həmin görüşdə qeyd etdiyi kimi, sənədlər, sübutlar vasitəsilə Qərbi Azərbaycanın bizim əzəli torpaqlarımız olduğunun təsdiqidir həm . 1923- ilin baharında, martın 16-da Qərbi Azərbaycanın Türkiyə ilə həmsərhəd bölgəsi olan Şörəyel mahalının Güllübulaq kəndində dünyaya gəlmişdi Məmmədəli müəllim. Müəllim sözünü təsadüfi işlətmədik, axı yeddiillik məktəbi əla qiymətlərlə bitirib əlaçı şagird kimi məktəbdə saxlanılanda onun cəmi 14 yaşı vardı. "Savadsızlığın ləğvi" dövründə iki il kənd sakinlərinə, oxuyub-yazmağı bacarmayan insanlara, özündən yaşlılara müəllimlik edirdi. Bu məsuliyyət, etimad onu daha da püxtələşdirmiş, yeniyetmənin qəlbində müəllimlik peşəsinə məhəbbətini daha da artırmışdı.

1939-cu ildə İrəvan şəhərindəki Azərbaycan Pedaqoji Texnikumuna daxil olan Məmmədəli Məhərrəmov 1942-ci ildə, texnikumu bitirən il cəbhəyə göndərilir. Ən qaynar nöqtələrdə, əvvəlcə Oryol ətrafında, sonra Kurskda döyüşlərdə iştirak edir, dəfələrlə ölümlə üz-üzə, göz-gözə gəlir. 1943- ildə ağır yaralandığı üçün tərxis olunur, doğma kəndinə dönür, 20 yaşlı gənc bütün varlığı ilə, böyük həvəslə müəllimlik peşəsini davam etdirir. İllər sonra Məmmədəli müəllim müharibə illərini xatırlayanda deyirdi: "Mən müharibədən qayıdacağıma heç inanmırdım, sağımda-solumda partlayan mərmilər, snayper gülləsinə tuş gələn cəbhə yoldaşlarım, hər gün onlarla ölüm hadisəsi məni sarsıtmışdı... Bəzən heyrətlənirdim; necə oldu ki, salamat qaldım? Hansısa qüvvə məni qoruyurdu...".

Bəli, özünün dediyi kimi, sağ qalmışdı ki, təyinatla kəndlərinə müəllim göndərilən irəvanlı qızı, xan-bəy nəslindən məşhur Avşarlar sülaləsindən olan Şəfiqə xanımla ailə qursun, həmin izdivacdan bir-birindən ağıllı, bacarıqlı, istedadlı, xalqımız üçün gərəkli 7 övlad dünyaya gəlsin...

Məmmədəli müəllim 1944- ildə ailə qurur, 1945-ci ildə İrəvan Pedaqoji İnstitutunun Riyaziyyat fakültəsinə qəbul olur ailəsilə birlikdə İrəvana köçür, oxuya-oxuya müəllimliyini davam etdirir. Ancaq... 1948-ci ildə Qərbi Azərbaycanın başının üzərini yenə qara buludlar almışdı. Ermənilərin çoxşaxəli fitnəkarlığının növbəti dalğası xalqımızın başının üstünü alanda SSRİ Nazirlər Sovetinin "Kolxozçuların digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsilə əlaqədar tədbirlər haqqında" 1948-ci il 10 mart tarixli qərarına əsasən Ermənistanda yaşayan soydaşlarımız "mədəni şəkildə" deportasiya edildilər. Məmmədəli müəllimgil Ağdamın Əhmədağalı kəndinə sığınmalı oldular. Oxumaq, ali təhsil almaq istəyi isə onu tərk etmirdi. Beləliklə, 1951-ci ildə o, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Fizika-riyaziyyat fakültəsinə qəbul olundu Güllübulaq kəndinin ilk orta ixtisas ali təhsil alanlarından biri oldu.

Qaçqınlıq həyatına alışsalar da, doğma yurda qayıtmaq uğrunda mübarizə aparmağa başlayan Məmmədəli müəllim bütün vasitələrə əl atır, lazımi sənədləri toplayıb Ermənistan SSRİ rəhbərliyinə göndərirdi. Nəhayət, 1955-ci ildə gənc ailə üçüncü dəfə köç edərək Güllücə kəndinə gəldi. Sən demə, onları bundan sonra daha üç dəfə Oxçoğluya, Güllübulağa bir Bakıya köçmək gözləyirmiş... O vaxtlarda artıq bütün vəzifələrdə ermənilər işləyir, azərbaycanlılar sıxışdırılırdı. Məmmədəli müəllim bütün çətinliklərə, təzyiqlərə baxmayaraq, məktəb direktoru, kolxoz sədri vəzifələrində uğurla çalışırdı. Oxçoğlu kənd məktəbinin direktoru işlədiyi illər (1957-1961) kənd camaatının, məktəb kollektivinin, şagirdlərin yaddaşında intibah dövrü kimi qalmışdı.

Rayon rəhbərliyi bu bacarıqlı təşkilatçını bir qədər sonra kolxoz sədri vəzifəsinə irəli çəkmək istəyəndə Məmmədəli müəllim pedaqoji fəaliyyətindən ayrılmaq istəməmiş, lakin kənd camaatı yekdilliklə ona səs vermişdi. Fakt qarşısında qalan Məmmədəli müəllim kolxoza rəhbərliyi qəbul etmiş, qısa müddətdə onu qabaqcıllar sırasına çıxarmışdı.

1965-ci ildə tale onu yenidən Güllübulağa gətirdi o çox sevdiyi pedaqoji fəaliyyəti davam etdirməyə başladı.

Ermənilərin məkrli siyasəti azərbaycanlıları tədricən sıxışdıraraq öz yurdlarından çıxarmaq üzərində qurulmuşdu. Ali təhsillə kəndə qayıdanlar nəinki rayon mərkəzlərində, şəhərlərdə tapa bilmir, heç kənd məktəbində, kolxozda da vəzifəyə götürülmürdülər. Nəticədə ali təhsilli həkimlər, müəllimlər, mühəndislər başqa peşə sahibləri tədricən kənddən çıxır, Bakıda, Sumqayıtda, Gəncədə başqa şəhərlərdə, hətta Rusiyada, Ukraynada məskunlaşırdılar. Bu mənfur planın nəticəsində Güllübulaq da tədricən boşalırdı. Belə boşalan ocaqlardan biri Məmmədəli müəllimin Güllübulağın gözəl yerində tikilmiş yaraşıqlı evi idi... Övladları bir-bir Bakıya gedib orada məskunlaşdıqca, ata ürəyi həyəcanla döyünür: "Bəs mənim çırağımı kim yandıracaq? Ev-eşiyimə kim sahib duracaq?" - deyə düşünür, bütün bu işlərin planlı şəkildə qəsdən qurulduğunu dərk edir, ürəkağrısı ilə qarşılayırdı. Bax, belə narahat, həyəcanlı anların birində həyat yoldaşına: "Şəfiqə xanım, dur, biz gedək" - deyib Bakıya, övladlarının yanına yollanmışdı. Onda hələ 1976- il idi...

Sən demə, Qərbi Azərbaycandan olan soydaşlarımızı qarşıda daha böyük faciə gözləyirmiş, bir elin, bütöv bir mahalın köçü varmış yenə. Vedinin, Göyçənin, Zəngəzurun, Ağbabanın, Şörəyelin, Pəmbəyin bağrına çalın-çarpaz dağlar çəkiləcəkmiş.

...Artıq bu köç o köçdən deyildi, insanlar sağ qalmaq, ölümdən qurtulmaq üçün qışın soyuğunda, sazağında dağlardan üzü bəri axışırdı ayaqyalın, başıaçıq, yarıçılpaq. Onda isə 1988-ci il idi. Bütün azərbaycanlılar, güllübulaqlılar da deportasiya ediləndə çoxları kimi Məmmədəli müəllim çox sarsıldı, kövrək ürəyi tab gətirmədi, "Vətən, sənə dönə bilsəydim" yanğısı ilə 1989-cu ildə 65 yaşında dünyasını dəyişdi...

Məmmədəli müəllim cəbhədən əlil qayıtmışdı, bədənində gəzdirdiyi qəlpə ona rahatlıq vermir, gecələr qıçlarının sızıltısından yata bilmir, bütün ağrını içində çəkirdi. Nədənsə şikayətlənmək, kimisə öz dərdinə şərik etmək onun təbiətinə yad idi. Övladlarını da belə tərbiyə etmişdi.

O, xoşbəxt ata idi, çünki tanınmış övladlar yetişdirmişdi: Abel, Adil, Fəridə, Alidə, Məhərrəm, Ramella, Rauf...

Deyirlər, insan öz sənətində işləyə-işləyə daha da püxtələşir, inkişaf edir, o sənətin incəliklərinə dərindən yiyələnir. Ancaq bir həqiqət var ki, insanın mayasında o sənətin zərrələri yoxdursa, həmin adam kamil müəllim, həkim, mühəndis ... ola bilməz. Yaxşı pedaqoq olmaq üçün gərək anadan müəllim doğulasan. Məmmədəli müəllimi , Şəfiqə xanımı da Tanrı elə bil bu müqəddəs peşə üçün yaratmışdı. Şəfiqə xanım yaxşı işinə görə 1961-ci ildə Moskvada qurultaya nümayəndə seçilmiş, orada çıxış etmiş, müxtəlif orden medallarla təltif olunmuş, 1973- ildə Əməkdar müəllim adına layiq görülmüşdü. O, Ermənistan üzrə bu adı alan ilk yeganə azərbaycanlı qadın idi.

Yaxşı insan cismani yoxluğundan sonra xoş əməllərində yaşayır. Məmmədəli müəllim Şəfiqə xanım da xeyirxah işləri ilə xalqın yaddaşında yaşayacaq, onların qərib, narahat ruhu əzəli torpaqlarımıza möhtəşəm qayıdışdan sonra əbədi rahatlıq tapacaq... Gün gələcək bu yandan üzü o yana bir köç dönəcək, qərib ruhlar sevinəcək...

Əgər bir ailənin yaşadıqları fonunda bir elin, mahalın faciəsindən xəbərdar olmaq istəyirsinizsə, onda Qərbi Azərbaycan İcmasının tövsiyyəsi ilə çap edilən "Qərbi Azərbaycanın tanınmış ziyalıları" seriyasından olanMəmmədəli Məhərrəmovkitabını səbirlə, hövsələ ilə vərəqləyib oxuyun, çünki öyrəniləcək, düşünüləcək çox şeylər var!..

Zümrüd QURBANQIZI,

"Respublika".