Vətən səninlə fəxr edir
Region

Vətən səninlə fəxr edir

İslam aləmində ölkənin müstəqilliyini, ərazi bütövlüyünü və əhalisinin mühafizəsini,  şərəf və namusunu müdafiə zamanı canını fəda edənlər şəhiddirlər.Tarix boyunca şəhidlik qəhrəman, xalqımızın mənliyində yaşayan  yüksək əxlaqi keyfiyyət olmuşdur. Xalqımız Vətən və müqəddəs dəyərlər naminə həmişə döyüşmüş, bu yolda ölməyi yaşamaqdan üstün tutmuşdur. Məhz bu səbəbdən Vətən, torpaq uğrunda canından keçənlər, özlərini fəda edənlər ölmürlər. Aylar, illər, keçdikcə onların igidliyi dillərdə gəzir, nəsillərdən-nəsillərə ötürülür. Xalq öz igid, qəhrəman övladlarına qəlbində əbədi heykəl ucaldır. Ən yeni tariximizin qanlı və unudulmaz səhifəsi olan Qarabağ savaşının başlanması ilə neçə-neçə,ürəkləri Azərbaycanla vuran, mərd igidlərimiz könüllü olaraq,  havadarlarının köməyi ilə  azğınlaşmış nankor  erməni  silahlı dəstələrinin qarşısına çıxdılar, mərdliklə, qələbə əzmi ilə vuruşdular və qalib oldular. Belə mərd oğullardan biri, Naftalan şəhərində boya-başa çatmış, vətəni özündən çox sevən, ürəyi vətən ilə döyünən, vətən müharibəsində Şəhidlik zirvəsinə ucalan Fərid Adıgözəlovun  ildönümü ilə əlaqədar Naftalan şəhərində anım tədbiri keçirilib.

Tədbirdə Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, millət vəkili Anar Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər. İlk öncə, Şəhid Fərid İlqar oğlu Adıgözəlovun  məzarı ziyarət olunaraq əziz xatirəsi ehtiramla yad edilib, məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Şəhər icra hakimiyyətinin başçısı Vüqar Novruzov qeyd edib ki, Türk dünyasının fenomeni, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev banisi və qurucusu olduğu müasir, müstəqil Azərbaycan dövlətinin ərazi bütövlüyünün təmin olunacağına, torpaqlarımızın işğaldan azad ediləcəyinə, ölkəmizin dünyanın ən inkişaf etmiş, qüdrətli dövlətlərindən birinə çevriləcəyinə öz varlığı qədər inanırdı və həmişə xalqımızı bu yolda səfərbər olmağa çağırırdı. Ümummilli lider Heydər Əliyev böyük uzaqgörənliklə deyirdi: “Mən qələbəmizə inanıram.Qələbəni biz birlikdə təmin etməliyik.Bu nurlu günün yaxınlaşmasına, ordumuza hər kəs əlindən gələn köməkliyi göstərməlidir. Hər birimiz, sizinlə birlikdə mən də, Vətən yolunda, xalqımızın gələcəyi naminə özümüzü qurban verməyə hazır olmalıyıq”. Ümummilli liderin bu fikirləri onun layiqli davamçısı cənab İlham Əliyevin məqsədyönlü, inamlı, səfərbəredici fəaliyyəti nəticəsində həyata keçdi, torpaqlarımız işğaldan azad edildi, Azərbaycanın ərazi bütövlüyü təmin olundu və müqəddəs üçrəngli bayrağımız bu gün Vətən torpağının hər yerində dalğalanmaqdadır.

Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinə, bu haqq savaşımızda şanlı zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinə, şəhid ailələrinə, qazilərinə daim xüsusi diqqət və qayğı göstərir. Bu qəbildən olan vətəndaşlarımızın sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunun bariz nümunəsidir. Xüsusilə qeyd olunmalıdır ki, hazırda dünyada pandemiyanın davam etməsi və iqtisadi-maliyyə çətinliklərinin olmasına baxmayaraq Azərbaycanda bu işlər uğurla davam edir.  Sonra, şəhər rəhbəri, Şəhid Fərid Adıgözəlovun qəhrəmanlığından, döyüş şücaətindən söhbət açıb, şəhidin ailəsinə təsəlli verərək bildirib ki, Fərid bütün gənclərə örnəkdir, onunla fəxr edirik. Şəhidin ailəsi bu diqqət və qayğıya görə, ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.     

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Adıgözəlov Fərid İlqar oğlu (ölümündən sonra) “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunub. Şəhidin medalı ildönümü ərəfəsində atası İlqar Adıgözəlova təqdim olunub.

Qeyd edək ki, Fərid Adıgözəlov 1992-ci il sentyabr ayının 8-də Naftalan şəhərində anadan olub. Ailəli idi, bizlərə bir qız övladı əmanət qalıb. Məzarı nurla dolsun.

Zabit XƏLİLOV,

“Respublika”.