Vətən sevgisini məşələ döndərib azadlıq yoluna işıq salan mərd oğullarımız
Sosial həyat

Vətən sevgisini məşələ döndərib azadlıq yoluna işıq salan mərd oğullarımız

"Yəni bütün bu tarixi biz heç vaxt unutmamalıyıq. Biz şəhidlərimizin canı, qanı bahasına, qəhrəman əsgər və zabitlərimizin fədakarlığı sayəsində bu gün bu torpaqlardayıq. Heç kim bu torpaqları bizə bağışlamayıb, heç kim bu torpaqları bizə danışıqlar yolu ilə qaytarmayıb". Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 21-də Laçın şəhərində Azərbaycan bayrağını ucaldarkən belə deyib.

Bəli, iki il bundan qabaq illərlə torpaqları yağı düşmən əlində olan xalqımız haqq işi uğrunda mübarizəyə qalxdı. Ərazi bütövlüyünü təmin etmək, yağı düşmənə kimin kim olduğunu anlatmaq üçün Vətən müharibəsinə başladı. Azərbaycan torpaqları onun mərd, qəhrəman, ürəyi Vətən eşqi, Vətən məhəbbəti ilə döyünən oğullarının və düşünülmüş siyasət yürüdən müdrik liderinin sayəsində işğaldan azad olundu. 44 gün ərzində qəhrəmanlıq salnaməsi yazdı Vətən oğullarımız. Bu xalq mərdliyini, cəsarətini, qəhrəmanlığını bütün dünyaya göstərdi. Bütün dünya bildi ki, Azərbaycan deyilən bir məmləkət və bu məmləkətin bir qarış torpağı üçün canını fəda edən, şəhadətə ucalıb ölümə meydan oxuyan yüzlərlə, minlərlə qəhrəman, mübariz oğulları var. Mübariz İbrahimov kimi...

Ölümü ilə əbədiyyətə qovuşan, əfsanəyə dönən, vətənpərvərliyin, cəsarətin, mübarizliyin örnəyi olan Mübariz İbrahimov 2010-cu ildə Tərtər rayonunun Çaylı kəndi yaxınlığında "N" saylı hərbi hissədə növbə çəkərkən təmas xəttinin bir kilometrlik minalanmış sahəsini təkbaşına keçərək qəfil həmləsi ilə Ermənistan ordusunun çox sayda əsgər və zabitini məhv etmişdir. Düşmənin öz silahlarından özünə qarşı istifadə edən qəhrəman döyüşçümüz 5 saat ərzində təkbətək döyüşmüş, düşmənin xeyli sayda canlı qüvvəsini məhv edərək şəhidlik zirvəsinə yüksəlmişdir.

Bu mübariz oğullar 2016-cı ildə Aprel döyüşləri zamanı da düşmənə gücünü, qüdrətini göstərmişdi. Aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində Ermənistan silahlı birləşmələri təxribat törədərək bütün cəbhəboyu mövqelərimizi və yaşayış məntəqələrimizi güclü artilleriya atəşinə tutarkən əsgər və zabitlərimiz düşməni geri oturdaraq bir neçə strateji əhəmiyyətli yüksəklikləri, o cümlədən Lələtəpə yüksəkliyini işğaldan azad etmişdilər. Həm mənəvi, həm də strateji cəhətdən mühüm qələbəmiz olan bu döyüşlərdə mərd oğullarımız rəşadət göstərərək Zəfərimizin əsasını qoymuşlar.

Aprel döyüşlərindən 4 il sonra - 2020-ci ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində şiddətli döyüşlər baş verdi. Ermənistan ordusu artilleriya, iriçaplı silahlar və minaatanlardan istifadə etməklə Tovuz rayonu istiqamətindəki mövqelərimizə hücum etdi. Aprel döyüşlərində olduğu kimi, Azərbaycanın qüdrətli ordusu bu dəfə də düşmənin xain hücumunun qarşısını aldı və işğalçılara ağır zərbə endirdi. Tovuz döyüşlərində general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev də daxil olmaqla misilsiz şücaət göstərən 12 hərbçimiz şəhidlik zirvəsinə yüksəldi. Ağır döyüşlərdə generalın öz əsgəri ilə çiyin-çiyinə vuruşması isə bir daha göstərdi ki, Azərbaycan məqamı çatanda böyüyündən-kiçiyinə, əsgərindən-generalına qədər bir amal uğrunda birləşməyi, Vətəninin, torpağının qəhrini çəkməyi bacaran mərd, cəsur, polad biləkli oğulların Vətənidir. Bu qəhrəman Vətən oğulları öz mərdliyi, qəhrəmanlıqları ilə Azərbaycanın uzun illər işğal altında olan torpaqlarının azad olunmasını - şanlı Zəfərimizi canları, qanları bahasına reallaşdırdılar.

İkinci Qarabağ müharibəsi göstərdi ki, bu xalqın vəzifəsindən, rütbəsindən asılı olmayaraq Vətəni müqəddəs bilən, ona xor baxan namərdi diz çökdürən, vətən sevdalı saysız-hesabsız oğulları var. 12 nəfər kəşfiyyatçı əsgər yoldaşı ilə düşmən postunu ələ keçirib ona böyük zərbə vuran, son damla qanına qədər vuruşan, düşmənə təslim olmayaraq şəhidlik zirvəsinə ucalan Yüksəl Əlizadə kimi öz qəhrəmanlıqları, şücaətləri, rəşadətləri ilə Zəfərimizi yazan yüzlərlə, minlərlə igidlərimiz, ruhu vətən göylərində dolaşan şəhidlərimiz var.

Şəhidlərimiz qürurumuz, iftixarımız, müqəddəs and yerimizdir. Torpaq, yurd sevgimizin əbədi rəmzidir şəhidlərimiz. Uğrunda canlarından keçərək, tökülən qanları ilə bu torpaqları daha da əziz, daha müqəddəs etdi onlar. İkinci Qarabağ müharibəsi başlayanda Vətənin harayına səs verən, onu 30 illik işğaldan azad etməyə qalxan igid oğullarımız xalqımızın qürurunu, mənliyini özünə qaytardılar. Qalib Azərbaycan öz Zəfəri ilə dünyaya səs saldı. Bu qalibiyyəti isə Azərbaycana onun qəhrəman, hünərli oğulları bəxş etdi. Vətən sevgisini məşələ döndərib azadlıq yoluna işıq salan mərd oğullarımız...

Vətən fədailərinin xatirəsini əbədiləşdirmək, yaşatmaq hər birimizin vətəndaşlıq borcumuzdur. Çünki bu qəhrəman, igid oğullar bir ailənin deyil, bir elin, bir obanın, bir xalqın, bir millətin övladlarıdır. Zəfər salnaməmizi yazan hər şəhid ömrü şanlı tariximizin bir səhifəsidir. Bu səhifəni dönə-dönə varaqlamalı, unudulmağa qoymamalıyıq.

Mehparə ƏLİYEVA,

"Respublika".