VƏTƏN UĞRUNDA ÖLMƏK − ƏBƏDİ YAŞAMAQDIR
Sosial həyat

VƏTƏN UĞRUNDA ÖLMƏK − ƏBƏDİ YAŞAMAQDIR

Mingəçevir şəhərində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan daha bir Şəhid Məhəmməd Murad oğlu Məmmədlinin xatirəsi  doğum günü məzarı başında anılıb.

Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı  aparatının Vətən müharibəsi iştirakçıları və  şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı--ehtiyatda olan zabit Seymur Hidayətov, şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, dostları, tədbirin təşkilatçısı olan “Nur” dəstək qrupu, qazilər, şəhid anaları ilk öncə, Şəhidlər Xiyabanında Şəhidimizin məzarını ziyarət edərək, üzərinə gül-çiçək dəstələri düzüblər. Şəhid Məhəmmədlə bağlı xatirələrini bölüşüblər.

Vətən müharibəsi şəhidi Məmmədli Məhəmməd Murad oğlu 1994-cü il avqustun 22-də Mingəçevir şəhərində anadan olub. 1997-ci ildə ailə Rusiyanın Volqoqrad şəhəri Srednyaya Axtuba qəsəbəsinə köçüb. Məhəmməd orta məktəbi orada oxuyub. 2005-ci ildə ailəsi Azərbaycana qayıdıb və Məhəmməd Mingəçevir şəhərində 18 nömrəli tam orta məktəbdə təhsilinə davam edib. 2006-cı ildə Mingəçevir şəhər Fəxrəddin Qasımov adına Uşaq İncəsənət Məktəbinə daxil olub, 2011-ci ildə Uşaq İncəsənət Məktəbinin tam kursunu Fortepiano ixtisası üzrə əla qiymətlərlə bitirib. Elə həmin il oktyabr ayının 12-də Mingəçevir ŞHK tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılıb. Məhəmməd İkinci Qarabağ müharibəsi başlamazdan əvvəl 2020-ci il sentyabrın 21-də hərbi təlimə çağırılıb və 27 sentyabr 2020-ci il Vətən müharibəsi başladığı andan Suqovuşan ərazisində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərə qatılıb. Məhəmmədin hərbi vəzifəsi Baş tuşlayıcı olmasına baxmayaraq, döyüş yoldaşlarına kömək etmək məqsədilə könüllü olaraq döyüşlərə kəşfiyyatçı kimi qoşulub. Döyüş yoldaşları onu “Balaca Kəşfiyyatçı Maqa" deyə çağırırdılar. Oktyabrın 1-də Suqovuşan Gülüstan ətrafında Ağucuq deyilən ərazidə gedən döyüşlərdə döyüş yoldaşları ilə birlikdə mühasirəyə düşüb. “Mənim kaskam, bronejiletim var, mənə heç nə olmaz, siz arxada gəlin...” - deyib öndə gedən Məhəmməd bu dəfə də düşmənlə üzbəüz döyüşə ən ön sıralarda girib. Sağ ayağından aldığı qəlpə yarasına baxmayaraq, son nəfəsinə qədər vuruşub, bir neçə işğalçını məhv edib. Oktyabrın 2-də qarın nahiyəsindən ikinci dəfə ağır güllə yarası alıb. Döyüş yoldaşlarına son nəfəsində “Uşaqlar mən vuruldum... bərk olun, möhkəm olun ki, buradan çıxa biləsiniz...” - deyib, şəhid olub. İki ay sonra Şəhidimizin nəşi döyüş bölgəsindən götürülüb və 1 dekabr 2020-ci ildə Mingəçevir Şəhər Şəhidlər Xiyabanında dəfn olunub. Onlar 4 dost idilər. Dördü də bir gündə müharibəyə gedib və 4-də eyni gündə şəhidlik zirvələrinə ucalıblar... Bəli, torpaq üstündə yaşanan həyatdan da daha gözəl bir həyat – qəlblərdə, ürəklərdə yaşanan həyat qazandılar. Onların qanı Müzəffər ordumuz tərəfindən yetərincə alınmışdır. Ölkə Prezidenti dediyi kimi, “Bu gün müharibədən keçən aylar ərzində şəhid ailələri, Qarabağ qaziləri ilə görüşlər əsnasında tam başqa ab-hava hökm sürür. Əgər əvvəlki illərdə biz hər zaman şəhidlərimizin xatirəsini yad edərək özümüzə söz verirdik ki, onların qisasını alacağıq, bu gün qürur hissi ilə deyə bilərik ki, şəhidlərimizin qanını yerdə qoymadıq, ədaləti bərpa etdik, düşməni torpağımızdan qovduq və müzəffər xalq kimi dünya tarixinə öz adımızı yazdırdıq”. Sonra, şəhidin xatirəsinə yaradılan bulağın açılışı olub.

Şəhidimiz Məmmədli Məhəmməd Murad oğlu döyüşlər zamanı göstərdiyi igidliyə və vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif  olunub. 

Şəhidin ailə üzvləri, qazilər və  şəhid anaları onlara göstərilən diqqət və qayğıya görə praqmatik dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident  Mehriban xanım Əliyevaya   dərin minnətdarlıqlarını bildiriblər.

Zabit XƏLİLOV,

“Respublika”.