Vətəndaş məmnunluğu
Sosial həyat

Vətəndaş məmnunluğu

Dövlətin sosial islahat paketləri əhalinin maddi rifahının yaxşılaşdırılmasına xidmət edir

Hər bir dövlətin əsas funksiyalarından biri əhalinin sosial müdafiəsini təşkil, maddi nemətlərin ədalətli bölgüsünü təmin etmək, daxili siyasətin sosialyönümlülüyünü ön planda saxlamaq, vətəndaşların sosial rifah halını daim yaxşılaşdırmaqdan ibarətdir. İnkişaf etmiş, yaxud inkişaf etməkdə olan dövlətlərin bir çoxu sosial təminatın yüksək pilləsi kimi sosial rifah dövləti qurmağı qarşısına məqsəd qoymuş, öz konstitusiyalarında, qanunlarında təsbit etmişdir.

Azərbaycan da güclü iqtisadi inkişafa əsaslanan sosial dövlət modelini prioritet seçib. Bu, dəfələrlə Prezident İlham Əliyevin nitqlərində də vurğulanıb, hakimiyyət komandasının açıqlamalarında da öz əksini tapıb.

Ölkəmizin qısa zaman kəsiyində sosial dövlət quruculuğu sahəsində əldə etdiyi təcrübə oxşar inkişaf yolu seçmiş başqa ölkələr üçün də model rolunda çıxış edir. Bu, heç də gəlişigözəl sözlər kimi qəbul edilməməlidir, çünki Azərbaycanın unikal sosial dövlət modeli sahibkarlığın daha sürətli inkişafına xidmət edir, yeni mülkiyyət formalarının yaranmasına istiqamətlənmiş kompleks tədbirlər əhalinin sosial baxımdan həssas təbəqəsinin mənafelərini qoruyur. Bazar iqtisadiyyatının inkişafı üçün atılan bütün addımlar da bu təbəqənin maraqları ilə uzlaşdırılır.

Azərbaycanda İlham Əliyevin rəhbərliyilə təmin edilən sabit və ardıcıl inkişafın əsas məqsədi ondan ibarətdir ki, sosial təbəqə bu siyasətin nəticəsində öz rifah halından məmnun olsun, bütün sosial qayğılarına dövlətdən dəstək görsün. Çünki hər bir dövlətin dayanıqlılığı güclü iqtisadiyyat və bu iqtisadiyyatla yüksək yaşama nail olmuş cəmiyyətlərin siyasi hakimiyyətdən razı qalması faktoruna bağlıdır.

Prezident İlham Əliyevin sosial siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır və bu amil ölkəmizdə dayanıqlı iqtisadi inkişafın nəticələrinin, əldə olunan iqtisadi dividendlərin, ilk növbədə, əhalinin güzəranının yüksəldilməsinə yönəldilməsi, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində ardıcıl olaraq mühüm addımlar atılmasında real ifadəsini tapır. Bu baxımdan, dövlət başçısının təsdiqlədiyi sosial islahat paketləri vətəndaş rifahı naminə atılan mühüm yeni addım oldu.

Dəfələrlə Azərbaycanın sosial sahəyə çox böyük diqqət göstərən ölkə olduğunu bildirən Prezident İlham Əliyev demişdir: "Biz ölkəmizdə bazar iqtisadiyyatı prinsiplərini sosial ədalət prinsipləri ilə birləşdirə bildik və hesab edirəm ki, Azərbaycanın uğurlu inkişafı məhz buna söykənir".

Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş ikinci sosial paketi ehtiva edən 18 iyun 2019-cu il tarixli sərəncamlara əsasən, ölkədə minimum əməkhaqqının məbləği 2020-ci il sentyabrın 1-dən 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırıldı. Əmək pensiyasının məbləğinin 160 manatdan 200 manata çatdırılması təmin edildi. Bu, dövlət başçısının təşəbbüsü ilə 2019-cu ildə əmək pensiyasının minimum məbləğinin artırılması istiqamətində atılan ikinci mühüm addım idi. Xatırladaq ki, bundan əvvəl Prezidentin qanunvericilik təşəbbüsü əsasında pensiyanın minimum məbləği 2019-cu il martın 1-dən orta hesabla 40 faizədək artırılaraq 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılmışdır.

Vətəndaşların rifahının davamlı şəkildə artırılması, əhalinin həssas təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsi müstəvisində Prezident İlham Əliyevin imzaladığı növbəti Fərman və sərəncamlar bu yolda aparılan ardıcıl sosial islahatların növbəti mərhələsinin vacib məqamları kimi tarixə düşdü. Bu, dövlət başçısının "Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında" 2021-ci il 16 oktyabr tarixli Sərəncamının həyata keçirilməsi istiqamətində atılan addımları özündə ehtiva edirdi. Bu islahatlar 2,1 milyondan çox şəxsi əhatə etmiş və onun yerinə yetirilməsi üçün əlavə 1,5 milyard manat vəsait sərf olunmuşdur. Bu kontekstdə əsas diqqətçəkən məqam minimum aylıq əməkhaqqının 300 manata çatdırılması idi. Belə ki, digər sahələr üzrə ödənişlərin səviyyəsi də məhz bu göstəriciyə birbaşa bağlıdır. Əməkhaqlarının minimum səviyyəsi barədə imzalanan Sərəncam dövlət və özəl sektorlarda işləyən 800 min işçinin ailə büdcəsinin artırılmasında mühüm rol oynadı.

Üçüncü sosial islahatlar paketində ən önəmli məqamlardan biri təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və onlara dövlət qayğısının ehtiva olunmasıdır ki, bu da Prezidentin ölkədə təhsilin inkişafına və savadlı gənc nəslin yetişməsinə göstərdiyi xüsusi diqqətin məntiqi nəticəsidir. Bundan başqa, 132 min doktorant və tələbə də daxil olmaqla 732 min şəxsin də müavinət və təqaüdlərinin, çoxuşaqlı və aztəminatlı ailələrin, fəxri adlara layiq görülmüş insanların daim dövlətin qayğısı ilə əhatə edildiyinin sübutudur.

Respublikamızda sosial sferanın prioriteti nəzərə alınaraq 2023-cü ilin dövlət büdcəsində sosialyönümlü xərclərə 15 milyard 213 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulur. Bu, 2022-ci illə müqayisədə 1 milyard 289 milyon manat və yaxud 9,3 faiz çoxdur. Əhalinin sosial müdafiəsi və sosial təminat xərcləri isə 4 milyard 416 milyon manat məbləğində proqnozlaşdırılır. İlin əvvəlində Prezident İlham Əliyevin imzaladığı sənədlərdən biri də məhz sosial sfera ilə bağlıdır. Belə ki, dövlət başçısı 5 yanvar 2023-cü il tarixində "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb. Bu artım 700 min nəfərə şamil olunacaq və bu məqsədlə dövlət büdcəsindən əlavə 450 milyon manat ayrılacaq. Ən önəmli məsələ odur ki, hansı sektorda çalışmasından asılı olmayaraq minimum əməkhaqqı alan bütün vətəndaşlarımızın maaşları artırılacaq, yəni artımlar özəl sektoru da əhatə edəcək.

Cari ildə pensiyalar fərqli qaydada artırılacaq. Yəni 2023-cü ildə orta aylıq pensiyanın məbləği 423 manat, yaşa görə pensiyanın məbləği 455, əlilliyə görə pensiya 369, ailə başçısını itirməyə görə pensiyanın məbləğinin isə 374 manat olacağı proqnozlaşdırılıb. Minimum aylıq pensiya 40 manat artımla 240 manatdan 280 manata çatdırılıb. Dövlət başçısı yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bununla bağlı deyib: "...biz imkan daxilində öz addımlarımızı atırıq... Yəni son illərin təcrübəsi onu göstərir ki, bu, bir dəfə atılan addım deyil, bu, müntəzəm olaraq atılan addımlardır və iqtisadi imkanlarımız artdıqca, əlbəttə ki, gələcəkdə də buna oxşar addımlar atılacaq".

Qeyd edək ki, yeni Sərəncam ölkəmizdə son beş ildə artıq dördüncü sosial islahat paketini ehtiva edir və bu, həyata keçirilən sosial islahatların davamı olaraq əhalinin sosial müdafiəsinin qorunmasına xidmət edən növbəti Sərəncamdır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyilə həyata keçirilən sosial siyasət nəticəsində ölkəmiz dünya miqyasında sürətli inkişafı və sabitliyi ilə yanaşı, özünü sosial dövlət kimi təsdiq edib. Bütün bunlar bir daha onu göstərir ki, vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılması hər zaman dövlətin diqqət mərkəzindədir.

Zümrüd QURBANQIZI,

"Respublika".