Vətəndaş məmnunluğu prioritetdir
Sosial həyat

Vətəndaş məmnunluğu prioritetdir

"Şəhid ailələrinə xüsusi diqqət göstərilməlidir. …Biz bu Qələbəni onlara - şəhidlərimizə, müharibə əlillərinə, müharibə iştirakçılarına borcluyuq. Əlbəttə, dövlət qətiyyət göstərdi, biz öz iradəmizi ortaya qoyduq, heç nəyə baxmadan, heç kimdən çəkinmədən, "öldü var, döndü yoxdur" deyərək torpaqlarımızı azad etdik. Bu, dövlət siyasətidir və dövlətin gücüdür, vətəndaşlarımızın həmrəyliyidir. Amma onu da heç kəs unutmamalıdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub. Onlar öz canlarını fəda edib, onlar sağlamlığını itirib, onlar heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər. Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun. Yenə də deyirəm, dövlət və mən Prezident kimi daim onların problemləri ilə maraqlanıram, bu problemləri həll edirəm, daim onlarla bir yerdəyəm. Hər bir dövlət məmuru da, bax, eyni hərəkətlər etməlidir". Bu sözləri Prezident cənab İlham Əliyev iyulun 25-də Masallı, Lerik və Göygöl rayonlarına yeni təyin olunmuş icra hakimiyyəti başçılarını qəbul edərkən bildirmişdir.

Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər xalqımızın minlərlə qəhrəman övladının canı-qanı bahasına, əsgər və zabitlərimizin, cəbhəyə könüllü yollanmış vətənpərvər gənclərimizin igidliyi və rəşadəti sayəsində tariximizə yazılmış şanlı salnamədir. Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərə, bu yolda canını fəda edən qəhrəmanlarımızın ailələrinə diqqət və qayğı ilə yanaşmaq hamımızın vətəndaşlıq borcudur.

Şəhid ailələrinin və müharibə əlillərinin sosial problemlərinin, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların yeni mənzillərlə təminatı dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanlarla daim yaxından maraqlanır, problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirirlər. Ölkə Prezidenti cənab İlham Əliyevin siyasi fəaliyyətində məhz insan, vətəndaş amilinin, ölkədə sosial rifah və sabitliyin təminatının əsas yer tutduğunu aparılan ardıcıl islahatlar bir daha təsdiq edir. Bu dövrdə dövlət başçısının imzaladığı fərman və sərəncamların mühüm bir hissəsi məhz şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin əhəmiyyətli şəkildə gücləndirilməsinə, sosial sahə üzrə müasir, şəffaf, çevik, optimal idarəçilik və xidmət mexanizmlərinin formalaşmasına istiqamətlənib.

Son illər ölkəmizdə həyata keçirilən sosial siyasət həyatımızın bütün sahələrinə öz müsbət təsirini göstərir. Azərbaycanın modern dövlət quruculuğunda sosial siyasətin önəmli istiqamətlərindən biri də şəhid ailələrinin, Qarabağ müharibəsi veteranları və əlillərinin sosial müdafiəsidir.

Azərbaycan iqtisadiyyatında müşahidə olunan inkişaf meyilləri, ayrı-ayrı sahələrdə əldə edilən müsbət nəticələr dövlətin sosialyönümlü siyasətinin daha da gücləndirilməsinə imkan verir. İqtisadiyyatda həyata keçirilən köklü dəyişikliklər ölkədə iqtisadi sabitliyi təmin etməklə bərabər, əhalinin sosial müdafiəsinin möhkəmləndirilməsinə zəmin yaradıb.

Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yüksək dövlət qayğısı davamlı xarakter daşıyır və bu siyasətin əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur. Belə ki, ulu öndər Heydər Əliyevin 1994-cü il avqust ayının 26-da imzaladığı "Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında" Fərman müharibə əlillərinin sosial ehtiyaclarının ödənməsi istiqamətində atılan ilk addım olmuş, bu Fərmanla müharibə iştirakçılarının, əlillərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlərə start verilmişdir. Məhz bu gün də bu istiqamətdə həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşıyır. Belə ki, dövlətimizin başçısının bu istiqamətdə müvafiq Fərman və sərəncamlar imzalaması əlillərin və şəhid ailələrinin sosial müdafiəsinin təmin olunmasına müstəsna töhfələr verir. Belə ki, ölkə başçısının imzaladığı sərəncamlara əsasən şəhid ailələrinin, Milli qəhrəmanların, I, II, III qrup Qarabağ müharibəsi əlillərinin, veteranlarının təqaüdləri əhəmiyyətli dərəcədə artırılmış, həmçinin, yeni təqaüd növü -"Vətən müharibəsi qəhrəmanı" təqaüdü təsis edilmişdir. Bütün bunların davamı olaraq Prezident İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında" Sərəncamı həmin kateqoriyadan olan əhali qruplarına dövlət başçısının xüsusi qayğısının növbəti təzahürüdür.

Prezident İlham Əliyevin müvafiq fərmanı ilə "YAŞAT" Fondunun yaradılması bu qayğını daha da gücləndirmişdir. Fond Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyənləşdirilən hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailə üzvlərinə, işğaldan azad edilən ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən zərərçəkən dövlət qurumlarının əməkdaşlarına, həlak olan əməkdaşların ailə üzvlərinə müvafiq yardımlar göstərir.

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 yanvar tarixli Fərmanı ilə yerli icra hakimiyyəti orqanlarının strukturunda Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi yaradılmışdır. Bu da ölkəmizdə sosial siyasətin şaxələnməsi və institutlaşdırılması istiqamətində atılan önəmli addımdır.

Qalib Azərbaycan dövləti hərbçilərimizin Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqları yüksək dəyərləndirir. Qeyd edək ki, Ordumuzun çoxlu sayda əsgər və zabiti yüksək dövlət təltiflərinə layiq görülüb.

Bütün bunlar, bir daha təsdiq edir ki, sosial cəhətdən həssas əhali qruplarının, o cümlədən əlilliyi olanların, şəhid ailələrinin, müharibə əlilləri və veteranlarının sosial müdafiəsinin gücləndirilməsi Azərbaycanda aparılan sosial siyasətin əsas tərkib hissələrindəndir.

M.MİRZƏ,

"Respublika".