Vətəndaş məmnunluğuna və rahat həyat tərzinə yönəlmiş abadlıq-quruculuq
Sosial həyat

Vətəndaş məmnunluğuna və rahat həyat tərzinə yönəlmiş abadlıq-quruculuq

Bu gün Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair qəbul olunmuş Dövlət proqramlarının icrası nəticəsində respublikamızın bütün rayon və qəsəbələrində infrastruktur layihələr uğurla həyata keçirilir, Azərbaycan vətəndaşlarının maraqları, onların həyat səviyyəsinin daha da yüksəldilməsi istiqamətində əməli addımlar atılır. Bakının Suraxanı rayonu ərazisində də genişmiqyaslı abadlıq-quruculuq işləri davam etdirilir, rayonun bütün qəsəbələrində təmir-tikinti işləri aparılır, yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində uğurlu layihələr həyata keçirilir.

Suraxanı rayon Bülbülə qəsəbə bələdiyyəsinin sədri Natiq Həsənov rayon ərazisində aparılan abadlıq-quruculuq işlərindən danışaraq dedi: “Bu gün dünyada hökm sürən COVİD-19 pandemiyası dövlətlərin öz potensialını inkişaf etdirməsini, vətəndaşların rifahının yaxşılaşdırılmasını çətinləşdirir. Ancaq Azərbaycanda isə vəziyyət göz önündədir. Vətən müharibəsində parlaq qələbəmiz nəticəsində işğaldan azad edilən torpaqlarımızda tikinti-quruculuq işləri aparılmaqla yanaşı, respublikamızda insan amilinə önəm verilməsi də diqqətdə saxlanılır və insanların həyat şəraitinin daha da yaxşılaşdırılması üçün müvafiq Dövlət proqramları uğurla icra edilir. Qlobal maliyyə və iqtisadi böhran şəraitində inkişaf edən bir çox dövlətlər ciddi çətinliklərlə üzləşdikləri halda, Prezident İlham Əliyevin çevik, praqmatik siyasəti sayəsində Azərbaycan xarici iqtisadi təsirləri neytrallaşdırmış, nəzərdə tutulan bütün sosial-iqtisadi proqramlar tam icra edilmiş, iqtisadiyyatımız artan templə inkişaf etmişdir. Bütün bunlara nail olunmasında isə cənab Prezidentin rəhbərliyi və bilavasitə təşəbbüsü ilə iqtisadiyyatın şaxələndirilməsi, neftdən asılılığın minimuma endirilməsi, kənd təsərrüfatının inkişafı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və dəstəklənməsi tədbirləri xüsusi önəm kəsb etmişdir. Onu da qeyd edim ki, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun rəhbərliyi  altında regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramları ölkənin hər yerində olduğu kimi, bizim rayonda da uğurla icra edilir. Rayonda yeni infrastruktur yaradılmış, sahibkarlığın inkişafına hər cür dəstək verilmişdir. Bu isə öz növbəsində rayonda yeni iş yerlərinin yaradılmasına təkan verir. Bununla da demək olar ki, son illər rayonumuzda bütün sahələrdə gedən inkişaf göz qabağındadır. Suraxanı rayon ərazisində müasir infrastrukturun yaradılması istiqamətində həyata keçirilən işlər prioritet olaraq daim diqqət mərkəzində saxlanılır. Qeyd edək ki, bu gün  rayon ərazisində qəsəbələrarası yolların və məhəllədaxili küçələrin əsaslı şəkildə təmiri və yenidən qurulması mərhələli şəkildə aparılır. Nəqliyyatın maneəsiz hərəkətinin tənzimlənməsi, əhalinin rahat gediş-gəlişinin təmin edilməsi məqsədilə “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı”na uyğun olaraq hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Əmircan qəsəbəsi, Axundov küçəsində 7300 kvadrat kilometr, hətta asfalt örtüyü olmayan Hövsan qəsəbəsi, Südçülük sovxozu adlandırılan yaşayış sahəsində asfalt örtüyü salınır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırıqlarının icrası olaraq paytaxt Bakımızda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Suraxanı  rayonu ərazisində də küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir. Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında son illər regionların sosial-iqtisadi inkişafına dair qəbul edilmiş çoxsaylı Dövlət proqramlarının uğurlu icrası imkan verir ki, respublikamızın bütün bölgələrində yenidənqurma və abadlıq-quruculuq işləri aparılsın. Bu gün tam əminliklə söyləyə bilərik ki, dövlət başçısının diqqət və qayğısı sayəsində Suraxanı rayonunda da genişmiqyaslı abadlıq və quruculuq işləri həyata keçirilir. Görülən işlər nəticəsində rayonda yeni asfalt çəkilmiş yolların, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində təmir olunmuş çoxmənzilli yaşayış binalarının, eləcə də təmir edilən məktəb binalarının, körpələr evi-uşaq bağçalarının sayı ildən-ilə artır. Bu isə bir daha onu göstərir ki, illər bir-birini əvəz edir və Suraxanı respublikamızın ən abad rayonlarından birinə çevrilir. Bu gün Suraxanı rayonu təmizlik işlərinin aparıldığı geniş bir meydanı xatırladır. Rayonun hər tərəfində və hər gün təmizlik, abadlıq-quruculuq işləri həyata keçirilir. Bu işlər rayonun ekoloji təmizliyinə çox böyük fayda verir. Təmizlik işləri, qeyd etdiyimiz kimi, kütləvi xarakter alıb. Müxtəlif ərazilərdə hər gün yerə atılan tullantılar yığışdırılır, rayonda yaşıllığın qorunmsı üçün ağaclara aqronomik qulluq göstərilir.

Bu gün respublikamızın əldə etdiyi uğurlu nəticələr, inkişaf göstəricilərinin davamlı olaraq yüksəlməsi  həyata keçirilən siyasətin, aparılan islahatların real həyatda təsdiqini əks etdirməklə, sosial-iqtisadi nailiyyətlərin davamlılığı və dayanıqlı inkişafı üçün etibarlı zəmin yaratmışdır.

Onu da vurğulamaq istərdim ki, bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri şəhid ailələrinin və qazilərin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunmasıdır.

Suraxanı rayonunda Azərbaycanımızın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə dövlətimizin rəhbərliyi, eləcə də rayon icra hakimiyyəti tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərilir, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir, şəhid ailələri və qazilər evlərində ziyarət olunur. Şəhidlərimizin ailələri də onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya öz təşəkkürlərini ifadə edirlər”.

Mehparə ƏLİYEVA,

“Respublika”.