Vətəndaş məmnunluğuna və şəffaflığın təmin edilməsinə yönələn yeniliklər
Sosial həyat

Vətəndaş məmnunluğuna və şəffaflığın təmin edilməsinə yönələn yeniliklər

Azərbaycan Respublikasında həyata keçirilən iqtisadi islahatların gedişində dövlət əmlakının idarə edilməsinin yeni sisteminin formalaşdırılması sahəsində də müəyyən irəliləyişlərə nail olunmuşdur. Dövlət  əmlakının idarə edilməsi sahəsində icra hakimiyyəti orqanlarının strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Ötən dövrdə dövlət əmlakının idarə edilməsi üzrə dövlət siyasətinin mühüm struktur elementi kimi əmlakın istifadə edilməsi və ona sərəncam verilməsi ilə bağlı institusional dəyişikliklərin həyata keçirilməsinə xüsusi diqqət yetirilmişdir.

Bu gün dövlət əmlakının idarə edilməsi ilə bağlı məsələlərin həllinə yeni yanaşmaların tətbiq edilməsi,  bu sahədə  mövcud mexanizmlərin təkmilləşdirilməsi zərurəti yaranmışdır. Bu baxımdan, Azərbaycan Respublikasının qanunvericiliyinə, habelə dövlət əmlakının idarə edilməsi sahəsində əldə edilmiş təcrübəyə uyğun olaraq hazırlanmış “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı” dövlət əmlakının idarə edilməsinin səmərəliliyinin artırılmasına xidmət edir.

Mülkiyyət münasibətlərinin daha da təkmilləşdirilməsi və özəl sektorun davamlı inkişafı sahəsində həyata keçirilən tədbirlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Prezident kimi fəaliyyəti dövründə daha geniş vüsət alıb, prosesin sürətlənməsi və dərinləşməsi istiqamətində bir çox qərarlar qəbul edilib.

Ümumilikdə ötən 20 ildən artıq müddət ərzində mülkiyyət münasibətləri sahəsində aparılan uğurlu siyasət ölkə iqtisadiyyatına mühüm töhfələr verib. 2016-cı ilin 19 iyul tarixində cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanı isə sözügedən sahədə yeni mərhələnin başlanğıcı oldu.

Dövlət əmlakının özəlləşdirilməsi sahəsində tətbiq edilən yeniliklərdən biri “Elektron hərrac” sisteminin vətəndaşların istifadəsinə verilməsidir. İlkin mərhələdə “Nəqliyyat vasitələrinin və avadanlıqların hərraclar vasitəsilə satışı” ilə fəaliyyətə başlayan bu sistem hazırda bütün növ əmlakların satışını özündə ehtiva edir. Bundan sonra ölkə vətəndaşları və iş adamları dünyanın istənilən nöqtəsindən özəlləşdirmə hərraclarına onlayn qatılıb bütün növ dövlət əmlakının özəlləşdirilməsində iştirak edə bilərlər. Özəlləşdirmə prosesini investorların ünvanına gətirən “Elektron hərrac”ın ən böyük üstünlükləri: məkan məhfumunun aradan qaldırılması, vaxt itirmədən onlayn olaraq hərracın gedişində iştirak edilməsi, hərracın internet üzərindən qeydiyyatsız izlənmə imkanı, 60 saniyəyə əmlak sahibi olmaq imkanı, vaxta qənaət, eləcə də dünyanın istənilən nöqtəsindən hərraca qoşulmaq imkanının olmasıdır. Sistem eyni zamanda yerli və xarici investisiyaların cəlb olunması imkanlarını genişləndirir, çevikliyi təmin edir, şəffaflıq prinsiplərini qoruyur.

Artıq dövlət əmlakının istifadəsi ilə bağlı icarə haqqını ödəmək üçün banklara getməyə ehtiyac yoxdur. Bunun üçün internetə çıxışın olması kifayətdir. Belə ki, fiziki və hüquqi şəxslər plastik kart vasitəsilə icarə borcunu onlayn qaydada ödəyə bilərlər. Əlavə ödəniş tələb etməyən sistem vətəndaşlara vaxt qazandırmaqla bərabər, ən müasir və çevik ödəmələrin aparılmasına şərait yaradır. Eləcə də ödəniş prosesində şəffaflıq və səmərəliliyi təmin edir.

İri dövlət şirkətlərinə dair vahid məlumat bazasının yaradılması da dövlət əmlakının idarə edilməsi sahəsində səmərəliliyin, şəffaflığın artırılması, optimallığın təmin olunmasına xidmət göstərən ən mühüm yeniliklərdən biridir. Bu strukturda kadr uçotu üzrə məlumatlar, maliyyə və mühasibat göstəriciləri, o cümlədən daşınmaz əmlaka dair informasiyalar yer alır. Həmin məlumat bazasına iri dövlət şirkətləri tərəfindən onlayn rejimdə müvafiq məlumatları daxil etməyə imkan verən veb platforma yaradılıb, eyni zamanda elektron xidmətlər portalına inteqrasiya edilib. Bu informasiya sistemi vasitəsilə dövlət əmlakı daha səmərəli istifadə ediləcək, həmin müəssisələrdə korporativ idarəetmənin tətbiqi və onların maliyyə-təsərrüfat fəaliyyətində şəffaflıq artırılacaq.

Bununla yanaşı, dövlət əmlakının idarə edilməsi və onun qorunub saxlanılması ilə bağlı hesabatların təqdim edilməsi elektron qaydada həyata keçirilməyə başlanılıb. Hesabata əsasən dövlət əmlakının istifadə vəziyyəti təhlil edilir, faktiki vəziyyəti müəyyənləşdirilir, o cümlədən onun qorunub saxlanılması və səmərəli istifadəsi, bu sahədə nəzarətin gücləndirilməsi təmin edilir. Nəticədə hesabatın qəbulunda şəffaflıq, operativlik artırılır, optimallıq təmin olunur.

Ölkəmizdə son dövrlər daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsində də bir sıra yeniliklərə imza atılıb. Bunlara daşınmaz əmlaka dair çıxarışların elektron şəkildə verilməsi, daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsində dövlət rüsumu və xidmət haqlarını hesablamağa imkan verən “Əmlakın Qeydiyyatı Kalkulyatoru” və “Kadastr kalkulyatoru” kimi xidmətlərin istifadəyə verilməsi aiddir. Tətbiq edilən yeniliklərin əsas məqsədi prosedurların optimallaşdırılması, vətəndaş məmnunluğunun artırılması, şəffaflığın təmin edilməsi, habelə vətəndaş-məmur ünsiyyətinin minimuma endirilməsindən ibarətdir.

Ölkəmizdə ilk rəsmi Ünvan Portalının (www.unvanportali.az) istifadəyə verilməsi də bu sahədə mühüm innovativ addımlardandır. Portal ünvanla bağlı bütün məlumatları bir yerdə cəmləşdirən vahid platformadır.

Bu informasiya resursu Avropada Ünvan Məlumatları İnfrastrukturu (EUARDİN) prinsipləri əsasında hazırlanıb. Ünvan Portalı Milli Məkan Məlumatları İnfrastrukturunun açar veb servislərindən biridir və Milli Məkan Məlumatları İnfrastrukturunun qurulmasına xidmət edir.

Torpaq idarəçiliyi sahəsində tətbiq edilən ən böyük yeniliklərdən biri isə Peyk Nəzarət Sisteminin qurulmasından ibarətdir. Sistemin tətbiqinin əsas məqsədi torpaq idarəçiliyində effektiv dövlət nəzarətinin həyata keçirilməsi, qeyri-qanuni tikililərin ünvanına getmədən onların məsafədən müəyyənləşdirilməsi, torpaqların kəmiyyət və keyfiyyət göstəricilərində baş vermiş dəyişikliklərin müəyyən edilməsi, torpaq ehtiyatlarının mühafizə edilməsidir. Sistem hər 5 gündən bir bütün ölkə ərazisinin 10 metr miqyasda çəkilişini aparacaq. Bu sistem vasitəsilə əldə ediləcək peyk məlumatları torpaqlardan təyinatından kənar və ya qeyri-səmərəli istifadə hallarını vaxtında aşkar edib, daha operativ qaydada tədbirlər görməyə imkan verəcək. Sistemin tətbiqi torpaq sahələri üzərində monitorinqin aparılmasını təmin etməklə, yeni tikililərin inşasının qanunvericilik çərçivəsində olub-olmadığını müəyyənləşdirəcək.

2019-cu il yanvar ayının 3-də ölkə başçısı cənab İlham Əliyevin iştirakı ilə əmlak idarəçiliyi sahəsində bütün xidmətlərin vahid bir məkanda göstərilməsini təmin edən Əmlak Xidmətləri Məkanının açılışı isə sözügedən sahədə dövlət siyasətinin uğurla aparıldığını bir daha nümayiş etdirdi. Bu Məkan vətəndaşlara göstərilən xidmətlərin daha müasir idarəetmə prinsiplərinə uyğun təşkil olunmasına imkan verir. Burada bütün xidmətlər beynəlxalq standartlara uyğun qurulmaqla, şəffaflığın təmin olunmasına, vətəndaş məmnunluğunun artırılmasına, vətəndaş-məmur münasibətlərinin minimuma endirilməsinə, xidmətlərin tam elektronlaşdırılmasına istiqamətlənib.

Özəlləşdirmə prosesinin təbliği və bu zaman şəffaflığın təmin olunması məqsədilə bir sıra beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınmaqla “Özəlləşdirmə Portalı” yaradılmışdır. Özəlləşdirmə prosesinə maraq göstərən bütün investorları maraqlandıran məlumatlar həmin elektron portal vasitəsilə geniş ictimaiyyətə və işgüzar dairələrə açıqlanır. Həmçinin ƏMDX tərəfindən hər il “Özəlləşdirmə gündəliyi” hazırlanır. Burada özəlləşdirməyə çıxarılan müəssisələrin adları, onlar barədə məlumatlar “Özəlləşdirmə portalında” yerləşdirilir.

İnvestisiya müsabiqələri vasitəsilə özəlləşdirmədə alıcılardan həmin müəssisənin gələcək inkişafı ilə bağlı İnvestisiya Proqramı tələb olunur. İnvestisiya Proqramında müəssisənin fəaliyyətinin bərpa olunması, rəqabətə davamlı ixrac qabiliyyətli məhsul istehsalı, yeni iş yerlərinin açılması kimi məsələlər öz əksini tapır. Hazırkı mərhələdə özəlləşdirmə prosesinə xarici investorların cəlb edilməsi qarşımızda duran vacib məqsədlərdən biridir.

Ölkəmizin inkişafının hazırkı mərhələsində innovativ həllərdən istifadə etmədən dövlət qurumlarının qarşılarına qoyulan vəzifələrin icrası mümkün deyildir. Artıq informasiya kommunikasiya texnologiyaları ən müxtəlif fəaliyyət sahələrində səmərəliliyi artıran bir alətə çevrilmişdir. Bu, həmçinin dövlət orqanlarının göstərdiyi xidmətlərə də aiddir.

Əmlak Məsələləri Dövlət Xidmətinin fəaliyyət istiqamətləri üzrə 42 elektron xidmət vətəndaşların istifadəsindədir. Bu elektron xidmətlərin hazırlanması yüksək səviyyəli proqram təminatına əsaslanır. Hədəf bütün xidmətlərin tam elektronlaşdırılmasıdır.

Göründüyü kimi, dövlət mülkiyyətinin idarə edilməsi sahəsində tətbiq olunan yeniliklər, sosialyönümlü innovasiyalar ölkəmizin davamlı inkişaf yolunda uğurla addımlamasında çox mühüm rol oynayır.

Əli SADIQOV,

“Respublika”.