Vətəndaş rifahı Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin prioritetidir
Sosial həyat

Vətəndaş rifahı Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin prioritetidir

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin 2003-cü ildən Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirilməsi nəticəsində ötən 18 ildə Azərbaycan bütün sahələrdə mühüm tarixi uğurlar, parlaq qələbələr qazanıb.

Milli iqtisadiyyatın dünyada rekord səviyyədə - üç dəfədən çox artması sosial sahədə də sistemli islahatlara, əsaslı irəliləyişə yol açıb.

Vətəndaş rifahı Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin mərkəzində dayanır. "Azərbaycan sosial dövlətdir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, onun problemləri, onun təhlükəsizliyi, onun xoşbəxtliyi dayanır", - deyə bəyan edən Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısı sosial müdafiə və aktiv məşğulluq proqramlarının uğurla davam etdirilməsi və əhəmiyyətli dərəcədə genişlənməsi, sosial təminat sisteminin dəfələrlə güclənməsinə imkan verib. Məsələn, 2021-ci ildə sosial təminat sistemi üç il əvvələ nisbətən beş dəfə genişlənib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, yalnız son üç ildə minimum pensiya iki dəfəyə yaxın, orta aylıq pensiya 60 faiz, təqaüdlər 4 dəfədən çox, ümumən sosial ödənişlər üzrə xərclər 2,4 milyard manat və ya 60 faiz artıb.

Xüsusilə də dövlət başçısı tərəfindən imzalanan Fərman və Sərəncamlarla bir sıra yeni sosial təminat növləri (müharibə veteranlarına, I dərəcə əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlərə, Vətən müharibəsi qəhrəmanlarına və s. Prezidentin aylıq təqaüdləri) təsis edilib. Habelə sosial təminat sistemində humanist yanaşmalara əsaslanan islahatlar aparılıb. 2019-cu ilin əvvəlindən əmək pensiyası yaşına çatan və fərdi hesabında hətta ən kiçik məbləğdə pensiya kapitalı qeydə alınan şəxslərə əmək pensiyası hüququ verilib.

2020-ci ilin əvvəlindən yaşa görə müavinət yaşı pensiya yaşı ilə eyniləşdirilib, yəni pensiya yaşına çatsa da, pensiya hüququ yaranmayan bir çox yaşlı şəxslərin vaxtından daha erkən dövrdə yaşa görə müavinət sistemindən faydalanmasına imkan yaradılıb. Bunlardan əlavə, sağlamlıq imkanları məhdud uşaqlar arasında ailə başçısını itirmiş uşaqlara dövlətin daha bir humanist yanaşması kimi, 2020-ci ilin əvvəlindən həmin uşaqlara ailə başçısını itirməyə görə müavinəti və ya ailə başçısını itirməyə görə pensiyanı sağlamlıq imkanları məhdudluğa görə müavinətlə birgə ala bilmək hüququ verilib.

Bütün bunlar sosial təminat sisteminin əhatə dairəsinin genişlənməsinə səbəb olub. Sosial təminat növləri üzrə ödəniş alanların sayı 2018-2021-ci illərdə 160 min nəfər artaraq 2,56 milyona çatıb.

"Biz əlavə gəlirlərimizin demək olar ki, tam həcmini sosial sahəyə yönəldirik. Çünki sosial sahə bizim üçün prioritet sahədir və hər zaman bu sahə diqqət mərkəzində olub, bu gün də belədir. Azərbaycan vətəndaşlarının rifahı, onların yaşayış səviyyəsi daim diqqət mərkəzindədir və imkan daxilində biz bu məsələləri həll edirik", - deyə bildirən Prezident İlham Əliyevin Fərman və Sərəncamları ilə hələ 2019-cu ildə Azərbaycanda 4,2 milyon insanı əhatə edən, onların sosial ödənişlərində - əməkhaqları, pensiya müavinət, təqaüdlərdə orta hesabla 100 faiz, bəzi istiqamətlər üzrə 2 dəfədən çox artımları təmin edən, dövlət büdcəsindən illik əlavə 3 milyard manat vəsaitin ayrılmasını nəzərdə tutan inqilabi sosial islahatlar reallaşdırıldı.

Dövlət başçısının 2021-ci il oktyabrın 16-da imzaladığı "Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında" Sərəncamı sosial islahatların uğurla davam etdirilməsinə imkan yaratdı. Yeni Fərman və Sərəncamlar ölkəmizdə sosial ödənişlərin artırılması sahəsində islahatların növbəti mərhələsinə keçidi təmin etdi. Bu artımlar 2,1 milyondan çox şəxsi əhatə edərək onların rifahına ciddi dəstək deməkdir. Bunun üçün illik əlavə 1,5 milyard manat vəsait nəzərdə tutulub.

Beləliklə, 2018-2022-ci illəri götürdükdə, minimum aylıq əməkhaqqı təkcə bu son 4 ildə 2,3 dəfə artırılaraq 130 manatdan 300 manata çatdırılıb. Orta aylıq əməkhaqqı 37 faiz artıb və gələn il daha da artacaq. Median əməkhaqqı 74 faiz artaraq 360 manata çatıb. Əmək müqavilələrinin sayı 30 faiz və ya 400 minə yaxın, əməkhaqqı fondu iki dəfəyə yaxın artıb.

2018-2022-ci illər əlilliyə görə müavinətlər də I dərəcə üzrə 2,7 dəfə, II dərəcə üzrə 3 dəfə, III dərəcə üzrə 2,3 dəfə artırılıb. Sağlamlıq imkanları məhdud uşaqlara sosial ödəniş 3,4 dəfə artaraq 2019-cu ildəki 82 manatdan 280 manata çatıb.

Bu günlərdə tətbiq olunan minimum əməkhaqqı artımı əhalinin gəlirlərində artımı təmin etməklə, işçi qüvvəsinin rəqabət qabiliyyətinin, əmək məhsuldarlığının artmasını, əməyin leqallaşdırılmasını da stimullaşdırır. Bununla yanaşı, gələn il minimum əməkhaqqı 2022-ci il üçün nəzərdə tutulan yaşayış minimumunu (210 manat) da 43 faiz üstələyəcək.

Həmçinin minimum əməkhaqqı artımı ölkəmizdə xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına olan nisbəti göstəricisinin də növbəti dəfə yüksəlməsini təmin edir. Həmin nisbət 2018-ci ildəki 26,5 faizdən 2019-cu ildə 33,3 faizə, 2020-ci ildə 38 faizə yüksəlib, 2022-ci ildə isə təqribən 40-41 faiz səviyyəsinə yüksələcək. Bununla da həmin nisbətin qabaqcıl beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində daha bir irəliləyiş əldə edilir.

Dövlət başçısının sosial sahəyə qayğısı nəticəsində, eyni zamanda son 3 ildə 12 reabilitasiya və sosial xidmət müəssisəsi yenidən qurularaq istifadəyə verilib, yeni reabilitasiya və sosial xidmət müəssisələri açılıb.

Ümumilikdə sosial müdafiə sisteminin bütün istiqamətləri üzrə inkişaf dinamikası mövcuddur. Bütün bunlar ölkəmizdə güclü sosial siyasəti, sosial inkişafın da davamlı xarakter aldığını göstərir.

Beləliklə, Prezident İlham Əliyevin sosial sahəyə böyük qayğısı ölkəmizdə sosial inkişaf istiqamətində mühüm nailiyyətlərin əldə olunmasına imkan verib və qarşıdakı dövrdə bu uğurların sırası daha da genişlənəcək.

AZƏRTAC