Vətəndaşlar səyyar qəbullardan məmnundurlar
Region

Vətəndaşlar səyyar qəbullardan məmnundurlar

Rayonun Əyricə kəndində keçirilən qəbulda Bərdə Rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.

Rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək rayonda və Əyricə kəndində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verdi.

Bildirildi ki, son illər Əyricə kəndi qazlaşdırılıb, kəndin elektrik şəbəkəsinin təqribən 50 faizi yenidən qurulub, 6,5 km daxili yollar əsaslı təmir edilib, 2 km baş yol asfaltlaşdırılıb. Əyricə kəndi ilə Yeni Əyricə kəndlərini birləşdirən yolun Tərtər çayı üzərindən keçən hissəsində körpü tikilib, kəndin ərazisindən keçən açıq dren kanalın 2 km hissəsi lildən təmizlənib, kənddə 3 şəhid bulağı inşa edilib, kənd tam orta məktəbinə 1,5 km məsafədən içməli su çəkilib, hazırda GPON yeni rabitə sistemi tikilir.

Rayon rəhbərinin çıxışından sonra vətəndaşların müraciətləri dinlənildi. Əyricə kənd sakinləri Fəxrəddin Qasımov kənd tam orta məktəbin təmiri, Savalan Hüseynov ümumi istifadədə olan örüş torpağının kənarında istinad xəndəyinin qazılması işinin başa çatmaması, Məhəmməd Hüseynov elektrik enerjisi ilə təminatda fasilələrin yaranması, Fikrət Mürşüdov pay torpağının yanında olan su qapısında suyun sıxılması nəticəsində torpağın şoranlaşması, Rafiq Məmmədov kənd qəbiristanlığının yaxınlığında olan dren kanalın 700 metr hissəsinin lildən təmizlənməsi, Telman Hüseynov kəndin ərazisində olan təpənin heyvandarlıqla məşğul olmaq məqsədilə istifadəsinə icazə verilməsi və s. barədə müraciətlər etmişlər.

Qaldırılan məsələlərlə əlaqədar tədbirlər görülmüş, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmiş, vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir.

Kənd sakinləri ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, işğaldan azad olunmuş ərazilərin bərpası, əhalinin sosial müdafiəsi üçün həyata keçirilən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildirmişlər.

Vəli VƏLİYEV,

"Respublika".