Vətəndaşlara daha keyfiyyətli ədliyyə xidmətlərinin göstərilməsi diqqət mərkəzindədir
Digər xəbərlər

Vətəndaşlara daha keyfiyyətli ədliyyə xidmətlərinin göstərilməsi diqqət mərkəzindədir

Azərbaycan Prezidenti İlham Əliyevin müasir çağırışlara uyğun həyata keçirdiyi islahatlar çərçivəsində ədliyyə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə, əhaliyə göstərilən hüquqi xidmətlərin keyfiyyətinin və səmərəliliyinin artırılmasına xüsusi diqqət yetirilir. Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsində keçirilən müşavirədə bu sahədə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Ədliyyə Nazirliyinin mətbuat xidmətidən AZƏRTAC-a bildiriblər ki, tədbiri giriş sözü ilə açan ədliyyə nazirinin müavini Toğrul Musayev ötən ilin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Böyük Qələbəmizin birinci ildönümü ilə əlamətdar olduğunu, 2022-ci ilin parlaq Zəfərimizin simvolu olan Şuşa şəhərinin Azərbaycan xalqı üçün tarixi əhəmiyyəti, yüksək mədəni-mənəvi dəyəri nəzərə alınaraq, ölkəmizdə "Şuşa İli" elan edildiyini vurğulayıb.

Vətən müharibəsi iştirakçılarının, bütövlükdə şəhid ailəsi üzvlərinin və yaralananların hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğu bildirilərək, onların problemlərinin həlli ilə bağlı sosial layihələrin həyata keçirilməsində ədliyyə orqanlarının fəaliyyəti qeyd edilib.

Baş idarənin rəisi İlqar Məmmədov çıxışında iqtisadi münasibətlərin inkişafında və vətəndaşların mülki hüquqi məsələlərinin həllində önəmli rol oynayan qeydiyyat və notariat orqanlarının fəaliyyəti haqqında geniş məlumat verib, ötən il rəsmiləşdirilən notariat hərəkətlərinin sayının 17 faiz, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üzrə aparılan əməliyyatların isə 35 faiz artdığını bildirib.

Vətən müharibəsinin iştirakçıları ilə bağlı həyata keçirilən sosial dəstək proqramları çərçivəsində 7700-ə yaxın şəhid ailə üzvünə qısa müddətdə vərəsəlik şəhadətnamələri təqdim edilərək, onların sosial ödəmələrinin vaxtında təmin olunduğu, bu sahədə məlumatlılığın artırılması məqsədilə nazirliyin rəsmi internet saytında "Vərəsəlik şəhadətnaməsi" adlı bölmənin istifadəyə verildiyi qeyd olunub. Vurğulanıb ki, şəhid ailələrinə yardım məqsədilə xüsusi notariuslar onlara göstərilən xidmətləri vətəndaşlıq mövqeyindən çıxış edərək öz hesabına həyata keçirirlər.

Həmçinin qeyd edilib ki, əvvəllər işğal olunmuş rayonların əhalisinə aid 700 minə yaxın vətəndaşlıq vəziyyəti akt qeydinin bərpa olunaraq, azad edilmiş ərazilərin qeydiyyat qurumlarının istifadəsinə verilməsi onların sakinlərinin müvafiq sənədləri daha rahat əldə etmələrinə imkan yaradıb.

Tədbirdə əhaliyə məsafədən göstərilən rəqəmsal ədliyyə xidmətlərinə toxunulub, dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq doğumun və ölümün elektron qaydada qeydə alınması və elektron şəhadətnamələrin təqdim edilməsi xidmətlərinin istifadəyə verildiyi bildirilib. Eyni zamanda, əhali barədə məlumatların çevik və dəqiq qeydə alınması, o cümlədən işğaldan azad edilmiş ərazilərdə daimi məskunlaşmanın təmin olunması, habelə aqrar islahatlar çərçivəsində kənd təsərrüfatı torpaqlarının fermerlərin istifadəsinə verilməsi prosesinin sürətləndirilməsi ilə bağlı 1500-ə yaxın icra hakimiyyəti nümayəndəliyinin nazirliyin aidiyyəti elektron informasiya sistemlərinə qoşulmasının təşkil edildiyi diqqətə çatdırılıb.

Bununla yanaşı, xaricdə yaşayan soydaşlarımızın ədliyyə xidmətlərinə əlçatanlığının artırılması məqsədilə ölkəmizin xaricdəki konsulluqlarının da bu sistemlərdən istifadə imkanlarının yaradıldığı barədə məlumat verilib.

Vətəndaş cəmiyyəti institutlarının bəhrələndiyi "Fərdi elektron pəncərə" elektron məlumat sistemi vasitəsilə hüquqi şəxslərin reyestr məlumatlarının, habelə qrantların və digər formada ayrılan yardımlar üzrə sənədlərin qeydiyyatına dair elektron xidmətlərin tətbiqi qeyd olunub. Həmçinin vətəndaş məmnunluğu doğuran "Mobil notariat" vasitəsilə göstərilən xidmətlərin dairəsinin genişləndiyi, artıq 200 mindən çox istifadəçisi olan bu tətbiqdən xaricdə yaşayan soydaşlarımızın, Qarabağ və Şərqi Zəngəzurda olan vətəndaşlarımızın, o cümlədən hərbçilərimizin faydalandıqları vurğulanıb.

Müşavirədə görülmüş işlərlə yanaşı, qarşıda duran vəzifələr müzakirə olunub, mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması ilə bağlı tədbirlər müəyyən edilib.

Tədbirə yekun vuran nazir müavini dövlətimizin başçısının cari il yanvarın 12-də yerli KİV nümayəndələrinə verdiyi müsahibədə şəffaflığın və hesabatlılığın təmin olunması, məmur-vətəndaş təmaslarının minimuma endirilməsi və korrupsiyaya şərait yaradan digər halların qarşısının alınması ilə bağlı tələblərini xüsusilə diqqətə çatdıraraq əhaliyə göstərilən hüquqi xidmətlərin səviyyəsinin yüksəldilməsini, bu sahədə "ASAN" modelinə uyğun innovativ yanaşmaların geniş tətbiqini, vətəndaşların, həmçinin qayğıya ehtiyacı olan insanların müraciətlərinə daim xüsusi həssaslıqla və diqqətlə yanaşılmasını tapşırıb.

Eyni zamanda, əhaliyə xidmət sahəsində işin səmərəli təşkilinə nəzarətin artırılması, struktur qurumların fəaliyyətinin Azərbaycan Prezidentinin dövlət idarəçiliyinin təkmilləşdirilməsinə dair tapşırıqlarına uyğun optimallaşdırılması, kadrlara münasibətdə tələbkarlığın gücləndirilməsi, əməkdaşlar tərəfindən etik davranış qaydalarına və icra intizamına dönmədən əməl olunması ilə bağlı və digər konkret göstərişlər verilib.

AZƏRTAC