Vətənə dayaq oğul
Region

Vətənə dayaq oğul

Şirvan Şəhər İcra Hakimiyyəti aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri şəhid ailələri ilə birlikdə Vətən müharibəsində Şirvan şəhərinin ilk şəhidi Qəribov Asif Səxavət oğlunun ildönümü ilə əlaqədar mərhumun qəbirüstü abidəsini gül-çiçək dəstələri ilə ziyarət etdilər. Asifin xatirəsini anaraq ruhuna dualar oxundu. Şəhidin anası Mərmər xanım Qəribovaya belə qəhrəman oğul böyütdüyünə görə minnətdarlıq edildi.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov ölkəmizin müstəqilliyinin, ərazi bütövlüyünün, müdafiəsi zamanı şəhid olan qəhrəman oğul və qızlarımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən həmişə olduğu kimi, bundan sonra da daim əziz tutulacağını bildirdi. İcra başçısı erməni təxribatlarına və təcavüzünə qarşı Müzəffər Ordumuzun Qalib Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında apardığı 44 günlük Vətən müharibəsi nəticəsində tarixi torpaqlarımızın azad edilməsindən, şəhid ailələrinə və müharibə iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söhbət açdı. Şəhidin anası Mərmər xanım onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürünü və minnətdarlığını ifadə etdi.

Sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Şəhidlər Xiyabanında şəhid ailələri ilə görüşdü. Onlara belə qəhrəman, Vətənə dayaq, cəsur, igid oğullar böyütdüklərinə görə təşəkkürünü və minnətdarlığını bildirdi. Görüşdə iştirak edən şəhid ailələrinin qayğıları ilə maraqlandı, qaldırılan məsələlərin, sosial problemlərin həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verildi.

Tofiq HÜSEYN,

 "Respublika".