Vətənə layiq mərd oğul
Sosial həyat

Vətənə layiq mərd oğul

Vətənin bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda şəhidliyə yüksəlmiş igid eloğullarımızın ömür yolu hər birimizə böyük örnəkdir. Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var: Şəhidlik zirvəsi. Torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq isə ən böyük şərəf və qürurdur.

Azərbaycan xalqı hər zaman torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin xatirəsini uca tutur və onlarla fəxr edir. Şəhidlik Vətənə məhəbbətin zirvəsidir. Neçə-neçə qəhrəmanlarımız Qarabağ torpaqlarında döyüşərkən torpaqlarımızın ərazi bütövlüyü naminə canlarını fəda etmiş, əsl qəhrəmanlıq nümunəsi göstərmişlər.

Azərbaycan tarixinə adını qızıl həriflərlə yazan igid oğullarımızdan biri də Azərbaycan Ordusunun polkovnik-leytenantı Vidadi Vaqif oğlu Xəlilovdur. İkinci Qarabağ döyüşlərində şücaəti və əzmkarlığı ilə seçilən igidimiz 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində bir daha özünü sübut etdi.

Son damla qanlarına kimi döyüşərək şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın böyük xidmətləri olub. Düşmənlə döyüşlərdə böyük şücaətlər göstərən və qəhrəmancasına şəhid olan  Vidadinin də torpaqlarımıza azadlıq gətirənlərin sırasında imzası var. Vətənə layiqli oğul oldu, əməli ilə hər kəsin başını uca etdi. Canından artıq sevdiyi Vətən, torpaq uğrunda mərdlik, şəhidlik zirvəsinə ucaldı... 

1982-ci il iyulun 16-da Göyçayda ziyalı ailəsində doğulub. 1989-1999-cu illərdə Göyçay rayonu akademik Ziya Bünyadov adına 3 nömrəli tam orta məktəbdə təhsilini başa vurduqdan sonra 1999-cu ildə Heydər Əliyev adına Azərbaycan ali hərbi məktəbinə yüksək nəticələrlə qəbul olunub. 2003-cü ildə həmin məktəbi "motoatıcı" ixtisası üzrə bitirib və leytenant rütbəsi alıb. Vidadi 2003-2004-cü illərdə Müdafiə Nazirliyinin təlim-tədris mərkəzində ixtisas kursu keçib. 2004-cü ildə Müdafiə Nazirliyinin əmrinə əsasən xidməti davam etdirmək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsinə göndərilib. O, müxtəlif hərbi hissələrdə işini şərəf və ləyaqətlə yerinə yetirərək polkovnik-leytenant rütbəsinə qədər yüksəlib.

Peşəkar hərbçi hərb sahəsində 20 il qüsursuz xidməti  dövründə  Azərbaycan Silahlı Qüvvələrinin 90, 95 illiyi  yubiley medalları, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı, "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalına layiq görülən polkovnik-leytenant Vidadi Xəlilov şəhadətindən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunub.

Polkovnik-leytenant Vidadi Xəlilov və əsgərləri II Qarabağ müharibəsi döyüşlərində Füzuli, Qubadlı, Laçın istiqamətlərində hərbi əməliyyatlar apararaq həmin ərazilərin işğaldan azad edilməsinə nail olublar. O, 2020-ci il oktyabrın 31-də Laçın dəhlizində şəhidlik zirvəsinə yüksəlib. Doğma yurdu olan Göyçay şəhəri Şəhidlər Xiyabanında dəfn edilib. Şəhidimizin Vətənə əmanət iki övladı qalıb.

Vidadi  unudulmaz qəhrəmanlığı, şücaəti  ilə əbədiyyətə qovuşdu, əsl Vətən oğlunun çətin məqamlarda edə biləcəyi son borcunu şərəflə yerinə yetirdi. Onu tanıyanlar, zabit yoldaşları onun haqqında yalnız müsbət fikirlər  söyləyirlər: “Vidadi mərd, qeyrətli və çox mükəmməl bir insan idi. Hərbçi yoldaşlarının problemlərinə böyük diqqətlə yanaşırdı. O, cəsur, fədakar və peşəkarlığı ilə hər kəsə nümunə idi”.

Azərbaycan xalqı şəhidlərini daim dərin hörmət və ehtiramla yad edir. Ömrünü Vətən yolunda qurban verən Vidadi qələbəni görməsə də, adını heç zaman unudulmayacaq qəhrəmanlar salnaməsinə yazdırdı. Nə qədər ki canını Vətən uğrunda əsirgəməyən igidlərimiz var. Azərbaycan daima yaşayacaq, ucalacaq və qalib gələcək!

M.MİRZƏ,

“Respublika”.