Vətənə müqəddəs övladlıq borcu   
Sosial həyat

Vətənə müqəddəs övladlıq borcu   

İkinci Qarabağ müharibəsində  Vətənin ərazi bütövlüyü  uğrunda özünü fəda edib şanlı tarix yazan Balaş İltizam oğlu Fərziyevin  adı xalqın dilindən düşmür. Müqəddəs, ulu  torpağın qəhrəman  oğlu, gözəl arzularla doğma yurduna bağlı olan Balaş Lerik rayonunun Bibiyanı kəndində  boya-başa çatmışdı. 2011-ci   ildə  Azərbaycan Kooperasiya Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olur, yüksək savadla oranı  başa vurur.

Balaş  2015-ci ildə  həqiqi hərbi xidmətə çağırılır.  Cəbhə bölgəsində Vətənin keşiyində durur, daim nümunəvi xidməti ilə fərqlənir.  Ən əsası Vətənin ləyaqətini  hər şeydən üstün tutmaqla, hətta hər an onun yolunda şəhid olmağı özünə şərəf bilir. Elə bu xasiyyətinə görə xidmət etdiyi hərbi hissədə   vətənpərvər, mərd, igid əsgəri hamı sevir.

 Vətən qarşısında üzüağ övladlıq borcunu yerinə yetirən Balaş 4 il dinc əməklə məşğul olur. Cəmiyyət üçün çox dəyərli işlər görür. İnsanpərvərliyi, qayğıkeşliyi el-obada ona dərin rəğbət qazandırır. Bunlarla bərabər, ürəyi həmişə erməni dığalarına  qarşı intiqam hissi ilə döyünür, əzəli yurd yerimiz Qarabağ torpaqlarını azad görmək üçün yağıdan qisas almağa hazır durur. Məhz buna görə də Vətən müharibəsi  başlananda Balaş Qarabağ naminə haqq savaşımıza, odun-alovun içinə könüllü gedir. Və ilk gündən düşmənə qarşı  mərdliklə vuruşur, bir-birindən çətin  əməliyyatların qəhrəmanı kimi tanınır. Ürəyi  daim Vətən eşqi ilə döyünən dağlar diyarın qartal balası Füzulinin azadlığı uğrunda onun hər qarışında can qoyur. Sonrakı döyüşlərdə də o, torpağın qürurunu  canından əziz sayır,  dığaları əzə-əzə  şəhidlik  zirvəsinə ucalır.

Bəli, Balaş  canından, qanından artıq sevdiyi Vətəndən oğulluq adını qazana bildi.  Dövlət isə  onun bu igidliyini “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” medalları ilə bir daha şərəfləndirdi.

 Zəfər ORUCOĞLU.