Vətənə sədaqətli qazimiz
Region

Vətənə sədaqətli qazimiz

44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı şanlı qələbədə qazi Müşfiq Arif oğlu Nəsirov da əsl qəhrəmanlıq nümunəsi göstərmişdir.

Onun döyüş yolu Cəbrayıl, Qubadlı və Xocavənd rayonlarında keçmişdir. Vətənin qəhrəman oğlu doğma Azərbaycana olan məhəbbətini erməni dığalarına qan qusdurmaqla bir daha sübut edə bilmişdir. Dövlət də Müşfiq Nəsirovun müharibə meydanında göstərdiyi şücaəti nəzərə alaraq onu "Vətən müharibəsi iştirakçısı", Cəbrayılın, Qubadlının azadlığına görə medalları ilə təltif etmişdir. Qəhrəmanımız Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşdə kəllə-beyin travması aldığı üçün 3-cü qrup əlildir.

Ömrünün 24-cü ilini yaşayan Müşfiq Nəsirov böyüyüb boya-başa çatdığı Masallı rayon Təzə Alvadı kəndində insanlar tərəfindən həmişə hörmət, qayğı görür. Bu günlər "Qəhrəmanlarımızı tanıdaq" layihəsi çərçivəsində "Masallı Gənclər Evi" sosial xidmət müəssisəsinin kollektivi onu ziyarət edib. Ziyarət zamanı qazimizin keçdiyi şərəfli döyüş yolundan söhbət açılıb, qayğıları dinlənilib.

Z.ORUCOĞLU.