Vətən, torpaq sevgisi Cavanşir Namiq oğlu Həmidliyə 23 yaşında əbədiyaşarlıq qazandırdı. Dağlar diyarı Lerik rayonunun Çayrud kəndində dünyaya göz açan Cavanşir İkinci Qarabağ müharibəsində sinəsini müqəddəsliyinə tapındığı doğma Azərbaycana sipər etməyi bacardı. Və haqq savaşımızda torpaq naminə yağı düşmənə matəm libasını biçməklə adını tarixə yazdı. Qısa ömür yaşasa da, bu qəhrəmanlıqla könüllərdə ölümsüzlüyə qovuşdu. Dövlət isə Cavanşiri ölümündən sonra layiq gördüyü "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə xalqın gözündə daha da ucaltdı.
Vətənpərvər, xalqın milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə alan Cavanşir oxuduğu Çayrud kənd məktəbində hamının sevimlisi olur. Həyatının mənasını Vətəninə, xalqına, el-obaya xidmətdə görən yeniyetmə 2015-ci ildə yüksək qiymətlərlə məktəbi bitirib sənədlərini Lənkəran Dövlət Universitetinə verir. Tələbə adını qazananda ürəkdən sevinir. Millətin gələcəyini düşünməklə özünü kitablara bağlayır. Və çox keçmir ki, fitri istedadı, dərin zəkası, geniş dünyagörüşü ali məktəbdə Cavanşirə hörmət gətirir.
2019-cu ildə Cavanşirin mənalı, bir dünya qədər sevdalı tələbəlik illəri başa çatır. Xalqına, Vətəninə sədaqətli gənc ordu sıralarına gedir. Ürəyindən keçirdiyi arzusu döyüş meydanında, hətta canı, qanı hesabına düşməni əzmək olur. Elə Vətən, torpaq, müqəddəs amal naminə "Həmlə" Əlahiddə Əməliyyat Taborunun xüsusi təyinatlısı kimi təlimlərə qatılır. Hərbi texnikanın, döyüş silahlarının istifadəsini yüksək səviyyədə mənimsəyir, doğma torpağın hər qarışını düşməndən azad etməyə hazır durur.
Vətən müharibəsi başlanan günü Cavanşi
r xalqın mərd oğlanlarıyla odun-alovun içinə, döyüşə girir. Tərtər- Ağdərə istiqamətində Talış və Suqovuşan yaşayış məntəqələrinin alınmasında xüsusi hünər göstərir. Bir qəhrəmana çevrilib düşmənin yüzlərlə canlı qüvvəsini, neçə-neçə hərbi texnikasını məhv edir. Füzulidə, Cəbrayılda qeyri-bərabər döyüşlərin qalibi olur Cavanşir. Həm də Vətənin qəhrəman oğlu dəfələrlə atəş altında qalan yaralı yoldaşlarının xilaskarına dönür. Adına can dediyi Azərbaycana olan məhəbbətini hər döyüşündə sübut etməyi bacarır. Torpaqları son nəfəsinədək mərdliklə vuruşub azad etmək arzusunda olan Cavanşir oktyabrın 7-də Cəbrayılın Nüzgar kəndində gedən döyüşdə yağı gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalır.
Qısa ömrünə qəhrəmanlıq, mərdlik yazılan Cavanşiri indi bütün Azərbaycan xalqı tanıyır, bir Vətən sevdalısı kimi onun ölümsüzlüyə qovuşan həyat yolundan nümunə götürürlər.
Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.