Vətənə sonsuz məhəbbət
Region

Vətənə sonsuz məhəbbət

Hüseyn  Xanhüseyn oğlu Bəşirzadə   Vətənini canından əziz tutub İkinci Qarabağ  müharibəsində onun azadlığı  uğrunda son qanına  qədər döyüşərək  şəhidlik zirvəsinə ucalır.  Və bu şərəfli ölüm ona əbədiyyət qazandırmaqla,  xalqın   qəhrəmanlıq  simvoluna çevrilir.  Atası Xanhüseyn kişinin dediyi kimi, Hüseyn şəhid olana qədər  mənim övladım idi, indi isə  bütün Azərbaycan onu özünə oğul bilir.

 28 may 1994-cü ildə Lənkəranın  Qumbaşı kəndində dünyaya göz açmış Hüseyn Bəşirzadə kənd orta məktəbini bitirəndə bu qeyrətli  oğlana əməllərinə görə  el-obada əsl övlad məhəbbəti, ehtiram göstərilir. Hüseyn ordu sıralarına yola düşəndə deyir ki, yağı düşmənin ədalətsiz təcavüzü, Vətən torpaqlarının işğalı məni çox narahat edir. Birinci amalım  məqamı gələndə düşməndən mübarizə meydanında  qisas almaqdır. Əgər bu mənə nəsib olsa, hamınızın başını uca edərəm.

 Hüseynin əsgərlik  həyatı cəbhə bölgəsində keçir. Nizam-intizamı, komandirlərin verdiyi tapşırıqları  vaxtında, dəqiq yerinə yetirməsi  həmişə ona hörmət  gətirir. Hissədə sayılıb-seçilən əsgərlərdən olur. Beləcə, Hüseyn hərbi borcunu şərəflə  verib doğma kəndinə qayıdır.

El-obasının tərəqqisi naminə yaxşı işlər görür, camaat onun əməllərindən   qürur duyur.  Halal əməyi  həyatına sevinc gətirsə də, düşmənə  nifrət hissi  getdikcə güclənir. Ürəyi Vətən torpaqlarını tezliklə mənfur düşmənin tapdağından azad görmək  istəyi ilə döyünür. Odur ki, 2020-ci il sentyabrın 27-də  ordumuz tərəfindən Ermənistanın işğalı altında olan Vətən torpaqlarının  azadlığı naminə  başlanan İkinci Qarabağ müharibəsinə  könüllü qatılır. Cəbrayılda, Füzulidə, Qubadlıda gedən müharibədə erməni dığalarına qarşı mərdliklə vuruşur, bir-birindən çətin  döyüş əməliyyatlarında fərqlənir. Hər dəfə silaha sarılanda düşməndən Vətənin qisasını ala bilir. Qanı hesabına tarix yazan qəhrəman Hüseyn  21 oktyabr 2020-ci ildə  Qubadlı  istiqamətində gedən qeyri-bərabər döyüş meydanında  şəhid olur. Vətənə can borcunu şərəflə ödəməklə  əbədi ürəklərə köçür.

Dövlət də öz igid oğlunu unutmur.  Xalqına başucalığı gətirən Hüseyn Bəşirzadə  ölümündən sonra  “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Cəbrayılın, Qubadlının azad olunmasına görə medallarına layiq görülür.

 Zəfər ORUCOĞLU.