Vətənə və xalqa şərəfli xidmət örnəyi
Digər xəbərlər

Vətənə və xalqa şərəfli xidmət örnəyi

Respublika Prezidenti İlham Əliyevin sərəncamı ilə Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq 2023-cü ilin "Heydər Əliyev ili" elan olması ulu öndərin xatirəsinə sonsuz ehtiramımızı əks etdirir. Çünki ulu öndərimizi əfsanəvi siyasətçi, müstəsna idarəetmə bacarığı və böyük dövlətçilik təcrübəsi olan dövlət xadimi kimi tanıyır və xatirəsini həmişə böyük ehtiramla yad edirəm. Heydər Əliyev intellektual bacarığını vətənimizin istiqlaliyyətinə, ölkəmizin bütün sahələr üzrə inkişafına, xalqımızın rifahının durmadan yaxşılaşmasına həsr etmişdir.

Mən bir həkim kimi əmək fəaliyyətimə ulu öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdən başlamışam. Uzun illər ilk partiya təşkilat katibi, rayon partiya komitəsinin plenum üzvü, rayon qadınlar şurasının sədri seçilmişəm. Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının qadınlar birliyinə xeyli müddət rəhbərlik etmişəm.

Tariximizdə elə bir şəxsiyyət yoxdur ki, ulu öndərimiz qədər Azərbaycan xalqına şərəflə xidmət edərək onun saysız-hesabsız problem və çətinliklərini həll etsin. Xüsusi qürur hissi ilə bildirmək istərdim ki, rayon qadınlarının keçirdiyi müxtəlif tədbirlərdə dönə-dönə Heydər Əliyevin mənalı ömür yolu və əvəzolunmaz fəaliyyətindən böyük ehtiram və məhəbbətlə söz açmışıq.

1993-cü ildə Azərbaycan Respublikası prezidentliyinə namizəd Əliyev Heydər Əlirza oğlunun müdafiəsi üçün 1-55 saylı təşəbbüs qrupunun üzvü olduğum vəsiqəni indi də qoruyub saxlayıram. Azərbaycan qadınlarının 1998-ci ilin sentyabr ayında keçirilən birinci qurultayında unudulmaz liderimiz Heydər Əliyevin dərin məzmunlu nitqini daim xatırlayır, onun müdrik kəlamlarını şəxsən öz dilindən eşitdiyim üçün özümü xoşbəxt hesab edirəm. Həmin qurultayda dahi rəhbərimiz 1994-cü ilin oktyabr hadisələri zamanı Prezident sarayının qarşısına gələrək Azərbaycan dövlətini və dövlətçiliyini sidqi-ürəkdən müdafiə edən qadınların hərəkətini qəhrəmanlıq adlandıraraq Azərbaycan qadınları ilə fəxr etdiyini və onlara güvəndiyini bildirdi. Ulu öndərin qurultay ərəfəsində mən də daxil olmaqla bir qrup qadınla çəkdirdiyi şəkli unudulmaz xatirə kimi daim əziz tuturam.

Mən dəfələrlə ümummilli liderimizin iştirak etdiyi tədbirlərdə - Yeni Azərbaycan Partiyasının qurultaylarında, Azərbaycan qadınlarının ali məclislərində rayonumuzu ləyaqətlə təmsil etmişəm. Eyni zamanda, hər dəfə xalqımızın dahi oğlu Heydər Əliyevin böyüklüyünü, uzaqgörənliyini və müdrikliyini kəşf etmişəm. İnanmışam ki, Azərbaycan ulu öndərin siyasəti və qətiyyətli rəhbərliyi sayəsində daim inkişaf edəcək.

Ulu öndər Heydər Əliyevin xalqımıza əvəzsiz xidmətləri ilə bağlı mətbuatda və kitablarda müxtəlif səpkili yazılarla çıxış etmişəm. "Respublika" qəzetinin 24 dekabr 2012-ci il tarixli sayında dərc olunan "Heydər Əliyev və ana dilimiz" adlı yazımda ulu öndərin dilimizə bağlılığı və onun inkişafına misilsiz xidmətləri barədə fikirlərimi bildirmişəm. Qəzetin həmin nüsxəsini indi də şəxsi arxivimdə saxlayıram.

Məlum olduğu kimi, 1981-ci ildə İsmayıllı rayonunda dağıdıcı zəlzələ baş vermişdi. Bəzi mütəxəssislər zəlzələnin Şamaxıda daha ağır fəsadlar törədəcəyini güman edirdilər. Uzun illər Şamaxı seysmik stansiyasına rəhbərlik edən həyat yoldaşım İsmət Qasımov söyləyir ki, həmin vaxt Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi işləyən Heydər Əliyev şəxsən özü Şamaxı seysmik stansiyasına zəng vurmuş və real vəziyyətlə maraqlanmışdı. Budur rəhbərin xalqa sədaqəti, məhəbbəti, etibarı.

Ulu öndər bütün xidmətləri ilə yanaşı, ən layiqli siyasi davamçısı olaraq Prezident İlham Əliyevi yetkin bir siyasətçi kimi xalqımıza bəxş etməsi hər birimizin ürəyincədir və şəxsən bunu Heydər Əliyevin xalqımıza xidmətinin yüksək göstəricisi hesab edirəm. Çünki dəfələrlə xalqımızın yekdil səsi ilə Prezident seçilən İlham Əliyev Ümummilli Liderin müdrik siyasi xəttini uğurla həyata keçirməklə müstəqil respublikamızı yeni bir inkişaf dövrünə qovuşdurub.

Nəzakət ABDULRAZAQOVA,

təqaüdçü həkim.