Vətənin müsəlləh əsgəri - Etibar həkim
Sosial həyat

Vətənin müsəlləh əsgəri - Etibar həkim

Dünənə qədər xəstələrlə məşğul idi. Adamların sağlamlığının keşiyində durmuşdu. Müharibəyə bir həftə qalmış Qusar rayonunda yerləşən "N" saylı hərbi hissədə təlimlərə cəlb olundu. Müharibənin ilk günlərindən Cəbrayıl rayonunun ərazisində əsgərlərlə birlikdə döyüşlərə qatıldı. Bir əlində avtomat silahı, belində tibb çantası taborun həkim köməkçisi kimi xidmətə başladı.

44 günlük Vətən müharibəsində hərbçilərlə çiyin-çiyinə döyüşlərdə iştirak edən, fədakarlığı, şücaəti ilə fərqlənən tibb işçilərimizdən biri də Xaçmaz rayonunun Yeni həyat kəndində yerləşən, 6 yaşayış məntəqəsində 4 min nəfər əhaliyə xidmət göstərən Ailə Sağlamlıq Mərkəzinin həkimi Sultanov Etibar Binadar oğludur.

Etibar Sultanov ali təhsilli stomatoloqdur. 1993-cü ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirib. 1994-cü ildən bu günə kimi həmin kənddə Ailə Sağlamlıq Mərkəzində stomatoloq həkim kimi çalışır. O, 1999-2001-ci illərdə hərbi xidmət keçərək baş leytenant hərbi rütbəsi almışdır. Hərbçilərlə bərabər müharibənin ilk günlərindən sonuna kimi Cəbrayıl, Füzuli, Xocavənd istiqamətində gedən döyüşlərdə tibb işçisi kimi üzərinə düşən vəzifəni şərəflə yerinə yetirərək döyüşçülərimizin sağlamlığı naminə əlindən gələn hər şeyi etmişdir. Fədakar həkim neçə-neçə yaralı əsgəri döyüş meydanından uzaqlaşdıraraq həyata qaytarmışdır. Vətən müharibəsində göstərdiyi xidmətlərə görə, "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

Etibar həkimin müharibə xatirələri çoxdur. Deyir ki, hər an təhlükə, ölüm idi. Lakin igid əsgərlərimiz heç nədən qorxmur, ancaq irəli getmək, yağı düşməni məhv etmək amalı ilə vuruşurdu. Bəzən çox çətin coğrafi relyefə malik ərazilərdən keçməli olurduq. Əsgərlərlə birlikdə ağır günlərimiz çox olub. Lakin bir an belə ruhdan düşməmişik. İgid oğullarımızın qəlbi hər an Vətən məhəbbəti, Vətən sevgisi ilə döyünürdü. Mən bunu görür və böyük qürur hissi keçirirdim ki, bizim belə mərd, cəngavər, döyüş məharətinə malik hərbçilərimiz var. Ölüm ayağında belə yenə döyüşçülərimizdə vətənpərvərlik ruhu qətiyyən sönmürdü. Heç yadımdan çıxmır. Düşmən qəlpəsi bir əsgərimizin ağciyərini bərk zədələmişdi. Ona dərhal köməyə gəldik. Qanı kəsilmirdi. Çox çətin bir vəziyyət yaranmışdı. Ölümlə əlləşən bu gəncin dilindən çıxan sözlər bu gün də qulağımda səslənir: "Həkim, yalvarıram məni ölməyə qoymayın. Mən yoldaşlarımın yanına qayıtmalıyam. Düşməndən qisas almalıyıq. Mən hələ vuruşmalıyam. Biz qələbə çalmalıyıq". Yanımdakı əsgərin köməyi ilə ona yerdə sistem qoşduq. Sonra çox çətinliklə onu tibb maşınına qaldırdıq. Xəstəxanaya çatdırıb ölümdən xilas edə bildik. Belə hallar demək olar ki, hər gün baş verirdi. Elə anlar olurdu ki, mən yaralı döyüşçüləri hərbi tibb maşınının yanına qədər təkbaşına çiynimdə daşıyırdım. Biz tibb işçiləri də tez-tez düşmən gülləsinə tuş gəlirdik. Bir dəfə də Cəbrayıl rayonu ərazisində gedən ağır döyüşlər zamanı olduğumuz yerin 3-4 metrliyinə düşmən mərmisi düşdü. Yer yumşaq olduğundan mərmi partlamadı. Taleyin qisməti ilə biz sağ qaldıq. Xocavəndin Edilli, Zoğalbulaq kəndlərində gedən ağır döyüşlər hələ də kino lenti kimi gözlərimin önündə canlanır. Mənfur düşmən gecə saatlarında hər yerə mərmilər yağdırırdı. Gecə qaranlığında çətin, keçilməz yollarla irəliləyir, tez-tez yerimizi dəyişməli olurduq. Bu əzablı yollar bizi qələbəyə, zəfərə doğru aparırdı. Biz qalib gəldik. Qüdrətli ordumuz düşmənin bütün qüvvəsini darmadağın etdi.

Torpaqlarımızın azadlığı uğrunda gedən savaşda zəhməti, xidməti olan hər kəs bu gün böyük ehtiram və hörmətə layiqdir. Etibar həkim çalışdığı kollektivdə, yaşadığı kənddə, ətraf el-obada həmişə hörmətlə qarşılanır. Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi tərəfindən ona Fəxri fərman və mükafatlar verilib. Etibar həkim təvazökarlıqla deyir ki, biz böyük bir qəhrəmanlıq etməmişik. Sadəcə, Vətən qarşısında övladlıq borcumuzu yerinə yetirmişik. Biz bu torpağın oğulları, bu yurdun əbədi əsgərləriyik. Vətənin çağırışına müsəlləh əsgər kimi hər an hazırıq.

Ziyafəddin BAYRAMOV,

“Respublika”.