VƏTƏNPƏRVƏRLƏRİ İLƏ UCALAN XALQ
Region

 VƏTƏNPƏRVƏRLƏRİ İLƏ UCALAN XALQ

Vətən müharibəsinin hər günü Azərbaycan xalqının tarixinə şanlı zəfər kimi qızıl hərflərlə yazıldı. Müzəffər Ali Baş Komandan cənab  İlham Əliyevin rəhbərliyi ilə cəsarətli  Azərbaycan ordusunun əsgərləri, bu millətin qəhrəman övladları 30 ilə yaxın davam edən işğala son qoydular, öz qanları, canları ilə yeni tarix yazdılar. Qan yaddaşımız təzələndi, zəfər yaddaşı oldu. Bəli, Torpaq uğrunda ölən varsa Vətəndir!

Bu gün Azərbaycanda Vətənin  ərazi bütövlüyü uğrunda canından keçmiş şəhid ailələrinə  dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir. Ölkə rəhbərinin siyasətinin əsasını təşkil edən vətəndaş amili  regionlarda da   daim diqqət mərkəzində saxlanılır.  Vətən müharibəsi şəhidlərinin ildönümləri ilə əlaqədar olaraq anım mərasimləri təşkil edilir. Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, icra hakimiyyətinin məsul şəxsləri, şəhidin ailə üzvləri, qazilər və kənd sakinləri tərəfindən Vətən müharibəsində torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Həsənli Elçin Qəşəm oğlunun ikinci ildönümündə Göygöl rayonu Qırıqlı kənd Şəhidlər Xiyabanında məzarı ziyarət olunaraq üzərinə tər gül dəstələri düzülüb, ruhuna dualar oxunub və əziz xatirəsi böyük ehtiramla anılıb. Sonra, şəhidin ailəsi evində ziyarət olunub. Rayon rəhbəri sosial qayğıları ilə maraqlanıb və bildirib ki, şəhid Elçin Həsənli bütün gənclərə örnəkdir,  daim qəlblərdə yaşayacaqdır.

Şəhid Həsənli Elçin Qəşəm oğlu 6 iyun 1998-ci ildə Göygöl rayonunun Qırıqlı kəndində anadan olmuşdur. 2005-ci ildə Göygöl rayon R.Əsgərov adına Qırıqlı kənd tam orta məktəbin 1-ci sinfinə qəbul edilmişdir. 2016-cı ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir.

2016-cı ilin iyul ayından 2018-ci ilin yanvar ayınadək “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 2020-ci ildə “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlamışdır.

27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Elçin Həsənli 30 oktyabr 2020-ci il tarixdə Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. 6 dekabr 2020-ci il tarixdə Göygöl rayonunun Qırıqlı kənd qəbiristanlığında dəfn edilmişdir. Ölkə Prezidentinin müvafiq sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

            Zabit XƏLİLOV,

            “Respublika”.