VƏTƏNPƏRVƏRLİK ÖRNƏYİ
Region

VƏTƏNPƏRVƏRLİK ÖRNƏYİ

Bu gün Azərbaycan xalqı öz tarixinin ən qürurverici və ən şanlı səhifələrindən birini yaşayır. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin  rəhbərliyi, yenilməz iradəsi və rəşadətli Azərbaycan Ordusunun şücaəti ilə  düşmən tərəfindən işğal olunmuş torpaqlarımız azad olundu. Bəli, 44 günlük müqəddəs Vətən savaşında qəhrəman oğullarımız günlərlə soyuq səngərlərdə ölümlə üz-üzə dayanaraq, canlarıyla sipər oldular ana torpağa... Qarabağda qanlarıyla yazdılar Azərbaycanın qürurverici zəfər tarixini... Torpaqlarımızın  bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Mingəçevir  şəhər sakini Telman Fazil oğlu Allahverənovun doğum günü uyuduğu Şəhidlər Xiyabanında məzarı yanında anılıb. Anım mərasimində ŞİHB aparatının Vətən müharibəsi iştirakçıları və  şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı, ehtiyatda olan zabit Seymur Hidayətov, şəhidin  yaxınları və oxuduğu Mingəçevir 1 saylı məktəbin müəllim və şagird kollektivi   şəhidin xatirəsini ehtiramla yad ediblər.  26 yaşı tamam olan şəhid Telman  Allahverənov 1995-ci il iyulun 7-də Mingəçevir şəhərində anadan olub. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Telman Allahverənov oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub. Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Anım mərasimində məktəbli şagirdlər tarix yazaraq şəhidlik zirvəsinə ucalmış vətən oğullarının xatirəsini şeirlərlə yad ediblər. Onlar şəhidin keçdiyi qəhrəmanlıq yolundan, gələcəkdə Telman kimi mərd, vətənpərvər vətən övladı olacaqlarını dilə gətiriblər. Anım mərasimində çıxış edən Seymur Hidayətov bildirib ki,  Vətən müharibəsində Azərbaycan gəncliyinin güclü həmrəyliyinin, cəsurluğunun,  yenilməz ruhunun  bir daha şahidi olduq, Azərbaycan gəncliyi vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirdi.

Ərazilərimizin bütövlüyü uğrunda canlarından keçən I və II Qarabağ müharibəsində şəhid olanların məzarları ziyarət olunub, ruhlarına Qurandan ayələr oxunub, dualar edilib. Məktəbin müəllimləri onunla bağlı xoş xatirələri bölüşüblər.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi Telman  Allahverənov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Zabit XƏLİLOV,

“Respublika”.