VƏTƏNPƏRVƏRLİK TƏRBİYƏSİ DİQQƏT MƏRKƏZİNDƏDİR
Region

VƏTƏNPƏRVƏRLİK TƏRBİYƏSİ DİQQƏT MƏRKƏZİNDƏDİR

İkinci Qarabağ müharibəsində 41 nəfər astaralı gənc şəhidlik zirvəsinə ucalıb. Rayonda şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına böyük ehtiram, yüksək qayğı göstərilir. Astaradan 14 müəllim də Vətən müharibəsinə səfərbər olunub. Döyüş meydanlarında əzmlə, igidliklə vuruşaraq medallarla, təltiflərlə qayıdıblar.

Astara şəhər Ziya Bünyadov adına 2 nömrəli tam orta məktəbdə döyüşçü müəllimlər və rayonun ümumtəhsil məktəblərinin hərbi rəhbərləri ilə görüş keçirilib. Rayon təhsil şöbəsinin müdiri Rəşad Həsənov astaralı gənclərin Vətən müharibəsində şücaətindən, qəhrəmanlığından söhbət açıb. Bildirib ki, vətənpərvərlər məktəbdə yetişir. Şagirdlər təhsil ocaqlarında doğma torpağa, Vətənə, müstəqilliyimizə, dövlətçiliyimizə məhəbbət ruhunda tərbiyə olunur. 44 günlük müharibədə qazandığımız böyük Zəfərin, şanlı Qələbənin arxasında ordumuzun rəşadəti, yüksək peşəkarlığı ilə yanaşı, həm də gənclərimizin yurdsevərliyi, vətənpərvərliyi dayanır. Xalqımıza böyük Qələbə sevincini yaşadan Müzəffər Ali Baş Komandanımızla, qüdrətli ordumuzla fəxr edir, qürur duyuruq.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin rəisi, mayor Orxan Əhmədov çıxışında Vətən müharibəsinin haqlı savaş olduğunu, Ermənistanın çirkin işğalçılıq siyasətinə qarşı yönəldiyini vurğulayıb. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, “Biz haqq yolundayıq, bizim işimiz haqq işidir”. Müdrik və qətiyyətli sərkərdənin rəhbərliyi, ordumuzun gücü, xalq-ordu birlyi sayəsində 44 gün ərzində möhtəşəm qələbə qazandıq, torpaqlarımız mənfur düşmənin işğalından azad edildi.

Astara qəhrəmanlar yurdudur. İstər alman faşizminə qarşı müharibədə, istərsə də Qarabağ uğrunda gedən döyüşlərdə Astaranın mərd, qeyrətli oğulları hərb tariximizə parlaq səhifələr yazıblar. Vətən müharibəsində də gənclər ata-babalarının yolunu ləyaqətlə davam etdirib doğma Astaraya başucalığı, şərəf gətiriblər. Əminəm ki, bu gün parta arxasında oturan şagirdlər əsl vətənpərvərlər kimi yetişəcək, estafeti layiqincə davam etdirəcəklər,- deyə şöbə rəisi Orxan Əhmədov bildirib.

Tədbirdə Vətən müharibəsinin iştirakçısı olan müəllimlər, hərbi rəhbərlər çıxış edərək şagirdlərin vətənpərvərlik tərbiyəsinə diqqəti daha da artıracaqlarını, müstəqil Azərbaycana layiqli vətəndaşlar  yetişdirəcəklərini bildiriblər.

Sonra döyüşçü müəllimlərə, şagirdlərin ilkin hərbi hazırlığında fərqlənən hərbi rəhbərlərə fəxri fərmanlar, hədiyyələr təqdim olunub.

Rayon təhsil şöbəsinin rəhbərliyi Burzubənd kəndində müəllim ailəsində böyümüş, Vətən müharibəsində şəhid olmuş Rövşən Ramazanovun, şəhid mayor Kamran Fərəcovun ailələrinə baş çəkib. Hər iki şəhid ehtiramla xatırlanıb. Müəllim günü münasibətilə şəhid anası, Burzubənd kənd tam orta məktəbinin müəllimi Günarə Ramazanovaya və şəhid Kamran Fərəcovun həyat yoldaşı, Astara Pedaqoji Kollecinin riyaziyyat müəllimi Nuranə xanıma bayram hədiyyələri təqdim olunub.

Əlisəfa HƏSƏNOV,

“Respublika”.