Vətənpərvərlik və igidlik nümunəsi
Region

Vətənpərvərlik və igidlik nümunəsi

44 günlük  Vətən  müharibəsində  sağlamlığını  qurban  vermiş  neçə-neçə  oğullarımız  qazi  oldu.  Ayağını,  qolunu,  gözünü  itirdi.  Bədənində  hələ  də  fiziki  ağrıların  olmasına  baxmayaraq,  onların  ürəyində  həyat  eşqi,  Vətən  məhəbbəti  bir  an  sönmədi.  İmişli  Rayon  İcra Hakimiyyətinin  başçısı Elçin Rzayev  Aparatın  məsul  əməkdaşları,   Yeni  Azərbaycan  Partiyası   İmişli  rayon  təşkilatının sədri  Səfa  Ağayev  və  hüquq-mühafizə orqanlarının   rəhbərləri   ilə birlikdə Tovuz döyüşləri  zamanı  ağır  yaralanan  İmişli şəhər  sakini,  qazi  Zeynalov  Məhiyəddin  Elsevər  oğlunu   evində  ziyarət  etdilər.

Görüş  zamanı  RİH-in  başçısı  Elçin  Rzayev   bildirdi  ki,  Tovuz  döyüşləri  Azərbaycanın  tezliklə  ərazi bütövlüyünü  bərpa  edəcəyinə,  həm  xalqın, həm  də ordunun  şəxsi  heyətinin  inamını  daha  da  artırdı.  Həmçinin  xalqımızın,  eləcə  də  ordumuzun  hər  bir əsgər  və  zabitinin  Ali  Baş  Komandan cənab  İlham  Əliyevin  ətrafında  daha  sıx  birliyini dünyaya nümayiş etdirdi.  Xalqımız  inandı  ki, təcavüzkarı  hərbi  müstəvidə  hər  an  acı  məğlubiyyətə  düçar  etməyə  qadir,  hazır  olan  güclü  ordumuz  vardır.  Rayon  rəhbəri  qazi  Məhiyəddinin  səhhəti  və   eyni  zamanda  ailənin qayğılarına  diqqət  yetirdi.  Söhbət  zamanı  qazi  keçdiyi  döyüş  yolundan  danışıb, öz  təəssüratlarını  bölüşdü.

Qeyd  edək   ki,  Zeynalov  Məhiyəddin  Elsevər  oğlu  2020-ci il iyulun 12-də Ermənistan  silahlı qüvvələrinin  bölmələri  tərəfindən  Azərbaycan-Ermənistan  dövlət  sərhədində  atəşkəs  rejiminin pozulması  zamanı  hərbi  xidmətdə  olarkən  döyüş  zamanı  ağır yaralanmış  və  həkimlərimizin  səyi nəticəsində  yenidən  sağlamlığına  qovuşmuşdur.  Məhiyəddinin  müalicə  aldığı  müddətdə  ailəsinə  baş çəkən  RİH  başçısının  tapşırığı  ilə tikintisi  yarımçıq  qalmış  3  otaq,  eyvanı  və  mətbəxdən  ibarət  fərdi  yaşayış  evinin  tikintisinin  tamamlanması  üçün  lazım  olan  vəsait  ayrılaraq  qazinin  evində  təmir-bərpa  işləri aparılmışdır.  Təmir  işləri  başa  çatdıqdan  sonra,  su-kanalizasiya  və  istilik  sistemləri  quraşdırılmış,  eyni  zamanda  otaqlarda  dekorativ  bəzək   işləri   aparılaraq   bütünlükdə   ev  müasir  tələblərə  uyğun  təmir  edilərək  ailənin  istifadəsinə  verilmişdir.   Qazi  Zeynalov  Məhiyyəddin  Elsevər oğlunun  ailə  üzvləri  şəhid  ailələrinə və  qazilərə  göstərilən  diqqət  və  qayğıya  görə  Azərbaycan Prezidenti  İlham  Əliyevə  və  Birinci  vitse-prezident  Mehriban  xanım  Əliyevaya  minnətdarlıqlarını  bildirdilər.       

             Ərəstun   ABDULOV,

            “Respublika”.