Vətənpərvərliyin ali məqamı   
Region

Vətənpərvərliyin ali məqamı   

Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, kəşfiyyatçı Ruhin Əşrəf oğlu Qəhrəmanov 10 oktyabr 1994-cü ildə Biləsuvar rayonunun ərazisində  yerləşən 2 saylı çadır şəhərciyində dünyaya gəlib.  Əslən Cəbrayıl rayonunun Xudaverdili kəndindəndir. Ruhin 2012-ci ildə Cəbrayıl rayon Ramiz Xudiyev adına Minbaşılı kənd tam orta məktəbinin 11-ci sinfini bitirib həqiqi hərbi xidmətə yollandı. Xidmətini başa vurduqdan sonra könüllü olaraq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi ordu sıralarında qulluq etdi.
Ruhin Qəhrəmanov 2016-cı ilin aprel ayının 2-də Lələtəpə yüksəkliyinin düşmən işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub vətənpərvərliyin ali məqamına yüksəldi.  Ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

Şəhid Mahmud Azər oğlu İbrahimov 3 sentyabr 1997-ci ildə Cəbrayıl rayonunun Sarıcallı kənd sakini Azər İbrahimovun ailəsində dünyaya göz açıb.
2005-ci ildə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində fəaliyyət göstərən Laçın rayonu 40 saylı  tam orta məktəbini bitirmişdi. 2015-ci ildən Tərtər rayonunun Qapanlı kəndində hərbi xidmətdə idi.
02 aprel 2016-cı il tarixdə Tərtər rayonunun Talış yüksəkliyi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak oldu, Bakı şəhəri, Zabrat qəsəbəsində dəfn edildi.
Vətənpərvərliyin ən ali məqamı - şəhidlikdir. Bu ucalığa yüksələnlərin ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnəkdir.

Hər iki şəhidin adı Cəbrayıl rayonunda sonsuz qürur və iftixar hissi ilə yad edilir.

Tofiq HÜSEYN,

“Respublika”.