Veteran idmançı ilə görüş
İdman

Veteran idmançı ilə görüş

Kürdəmir rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Çempionumuz” sosial idman layihəsi çərçivəsində ilk görüş keçirilib.

Layihənin əsas məqsədi bədən tərbiyəsi və idman sahəsində maarifləndirmə işinin artırılması və bu sahələrdə nailiyyət qazanmış rayon  idmançılarının tanıdılmasıdır. Bu günlərdə Kürdəmir rayonunun Atakişili tam orta məktəbinin akt zalında idmanın yunan-roma güləşi növü üzrə dünya çempionatlarının 7 qat mükafatçısı, Əməkdar bədən tərbiyəsi və idman xadimi Əlisahib Əlabbasovla  məktəblilərin görüşü təşkil olunub.
Əlisahib müəllim 1955-ci il mayın 18-də Kürdəmir rayonunun Xirdapay kəndində anadan olub. 12 yaşından idmanın yunan-roma güləşi növü ilə məşğul olmağa başlayıb . İlk müəllimi SSRİ idman ustası Telman Əliyev olub. Gənc yaşlarında respublika yarışlarında yüksək nailiyyətlər əldə edib. 1978-1982-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alıb.Akademiyanı bitirdikdən sonra məşqçilik fəaliyyəti ilə məşğul olub. Hazırda Uşaq Gənclər İdman Məktəbində məşqçi-müəllimdir. 2002-ci ildən başlayaraq  idmanın yunan-roma güləşi növü üzrə dünya çempionatlarında iştirak edib. 2006-cı ildə Latviyada, 2007-ci ildə Macarıstanda, 2008-ci ildə Rusiyada, 2009-cu ildə Finlandiyada, 2012-ci ildə Macarıstanda və 2014-cü ildə isə Serbiyada keçirilən yarışlarda III yerə layiq qörülüb. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Əliabbasov Əlisahib Əliabbas oğluna  “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilib.

Tədbirdə Kürdəmir Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Qalib Baxşiyev  Əlisahib müəllimin idman sahəsindəki fəaliyyəti haqqında danışıb. İdarə rəisi Süleyman Əhmədov veteran idmançını idman sahəsindəki səmərəli fəaliyyətinə görə fəxri fərmanla təltif edib. Göruşdə Əlisahib müəllim keçdiyi həyat yolundan və qazandığı nailiyyətlərdən söz açıb, məktəbliləri maraqlandıran sualları cavablandırıb.

                                              Tofiq HÜSEYN,

                                             “Respublika”.