Veteran.gov.az saytının yeni versiyasının təqdimetmə mərasimi keçirilib
Sosial həyat

Veteran.gov.az saytının yeni versiyasının təqdimetmə mərasimi keçirilib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında təşkilata məxsus veteran.gov.az saytının yeni versiyasının təqdimetmə mərasimi keçirilib.

Müharibə veteranlarının, media təmsilçilərinin, ictimai-siyasi xadimlərin qatıldığı mərasimi giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri vəzifəsini icra edən polkovnik Cəlil Xəlilov, saytın yeni versiyasının hazırlanmasını zəruri edən səbəblərə toxunub. 44 günlük Vətən müharibəsində dövlətimizin düşmənə qarşı həm də informasiya cəbhəsində ciddi mübarizə apardığını bildirən Cəlil Xəlilov, bu mübarizənin bu gün də davam etdiyini bildirib. Polkovnik qeyd edib ki, düşmənlə informasiya müharibəsinin hələ də davam etməsi, o cümlədən müasir dünyamızda çevik informasiya təminatının artan rolu daha təkmil və müasir informasiya vasitələrinə sahib olmağı zəruri edir. Veteran.gov.az saytının yeni versiyasının məhz bu səbəbdən hazırlandığını bildirən polkovnik, yeni saytın kiber hücumlara, kənar müdaxilələrə qarşı daha mükəmməl müdafiə sisteminə malik olduğunu, yeni dizaynla fəaliyyət göstərəcəyini bildirib.

Saytın yeni versiyasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları tərəfindən hazırlandığını bildirən polkovnik Cəlil Xəlilov, göstərdiyi dəstəyə görə adıçəkilən qurumun rəhbərliyinə, o cümlədən həmin nazirliyin əməkdaşlarına öz təşəkkürünü bildirib, onları Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Fəxri fərmanları ilə təltif edib.

Tədbirdə çıxış edən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə müasir dövrdə medianın roluna diqqət çəkib, istər cəmiyyətin operativ şəkildə məlumatlandırılmasında, istər düşmənlərə qarşı informasiya mübarizəsində medianın mühüm platformalardan biri olduğunu bildirib. Dövlətimizin şəhid ailələri və müharibə əlilləri ilə yanaşı, həm də veteranlara yüksək diqqət və qayğı göstərdiyini bildirən Vüqar Rəhimzadə, veteranların keçdiyi döyüş yolu, göstərdikləri qəhrəmanlıqlar haqqında gənc nəslin məlumatlandırılmasında medianın müstəsna əhəmiyyət kəsb etdiyini bildirib, veteran.gov.az saytının fəaliyyətinə uğurlar arzulayıb.

Tədbirin sonunda xatirə şəkli çəkilib.

Mehparə ƏLİYEVA,

“Respublika”.