Veteranlar ictimai-mədəni həyatda fəal iştirak edirlər
Region

Veteranlar ictimai-mədəni həyatda fəal iştirak edirlər

Respublikamızda uğurla həyata keçirilən məqsədyönlü dövlət siyasətinə uyğun olaraq veteranlara da böyük qayğı ilə yanaşılır, onların həyat təcrübələrindən faydalanmaq üçün gənc nəslə hərtərəfli şərait yaradılır.

Ağsu rayonunda da veteranlara daim diqqət və qayğı göstərilir. Onlarla mütəmadi olaraq görüşlər keçirilir, qayğı və problemləri öyrənilir, fikir və təklifləri diqqət mərkəzində saxlanılır. Respublika Prezidenti İlham Əliyevin bu böyük diqqətini rayon veteranları yüksək qiymətləndirir və ölkəmizdə bütün sahələr üzrə qazanılan uğurları dövlət başçısının xalqla birliyinin göstəricisi kimi yüksək dəyərləndirirlər.  Bu fikirlər rayon Veteranlar təşkilatının X konfransında bir daha səsləndirildi.

Veteranlar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdilər. Uşaq Gənclər Yaradıcılıq Mərkəzində təşkil olunan konfransda çıxış edən rayon veteranlar təşkilatının sədri Cəmaləddin Zeynalov qeyd etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan ardıcıl islahatlara əsaslanan sosial-iqtisadi inkişaf strategiyası öz bəhrəsini verir. Bu gün respublikamızın hər yerində, o cümlədən Ağsuda insanların həyat səviyyəsi durmadan yaxşılaşır. Rayon rəhbərliyi tərəfindən mütəmadi olaraq kəndlərdə keçirilən səyyar qəbullar veteranlar tərəfindən yüksək məmnunluq hissi ilə qarşılanır.

Veteranlardan Yaşar Qarayev, Tahir Xasi, Əmrulla Kərimov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatı sədrinin müavini Cəlil Xəlilov, rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək ölkəmizdə veteranlara göstərilən dövlət qayğısından danışdılar.

Sonda bir qrup fəallara rayon icra hakimiyyətinin və Azərbaycan Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr Veteranları Təşkilatının fəxri fərmanları verilib.

M.QULUYEV,

"Respublika".