Vəzifəli şəxsdən pul alan xəbər portalının rəhbəri cinayət başında yaxalanıb
Digər xəbərlər

Vəzifəli şəxsdən pul alan xəbər portalının rəhbəri cinayət başında yaxalanıb

Qanunsuz üsullarla, o cümlədən sosial şəbəkə və informasiya resurslarından öz maraqları naminə istifadə edərək vətəndaşların şərəf və ləyaqətini alçaldan hərəkətlərə yol verməklə qanunsuz gəlir əldə edən şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilmələri istiqamətində prokurorluq orqanları tərəfindən müvafiq tədbirlər fasiləsiz həyata keçirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, belə tədbirlərdən biri kimi, “azadinfo.az” MMC-nin təsisçisi Ələkbərov Mahir Məmmədhəsən oğlunun qanunsuz hərəkətlərinin ifşa olunması istiqamətində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilib. Belə ki, Mahir Ələkbərov sentyabrın 8-də “azadinfo.az” xəbər paylaşım platformasında YAP-ın Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra edən Ramiz Göyüşovun barəsində qeyri-etik videogörüntülərin xəbər saytlarında yayacağını sonuncuya bildirərək görüşməyi təklif edib. O, Ramiz Göyüşov görüşə gəlmədikdə onu qəsdən hörmətdən salan rüsvayedici məlumatları videoçarx formasında “azadinfo.az” xəbər portalında sentyabrın 8-də qəsdən yayıb, həmin məlumatların yayılmasının qarşısının alınması üçün sonuncunun özü ilə görüşməsinə nail olaraq, videogörüntülərin qeyd edilən səhifədən silinməsi məqsədilə 2 min manat məbləğində pulu alarkən cinayət başında yaxalanıb.

Qeyd edilənlərlə bağlı sentyabrın 9-da Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb və Mahir Ələkbərov şübhəli şəxs qismində tutulub. O, sentyabrın 10-da həmin Məcəllənin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu xəbərdarlıq edərək, kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçilərinə etik normalara riayət edilməsini və bu kimi sui-istifadə hallarının qanunvericiliyin tələblərinə əsasən cinayət məsuliyyətinə səbəb olduğunu bildirir.

Habelə bu qəbildən olan qanunazidd hallarla üzləşən şəxslərə Baş Prokurorluğun 961 nömrəli Çağrı Mərkəzinə və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin 161 - “Qaynar xətt” əlaqə mərkəzinə, eləcə də sosial şəbəkələrdəki səhifələrinə məlumat verilməsini tövsiyə edir.

AZƏRTAC